şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

"Qələbə qazansaydıq, çempionluğa daha çox yaxınlaşacaqdıq"

20.02.2017 09:18 Oxundu 1636

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov zədəsi səbəbindən Topaz Premyer Liqanın 19-cu turunda "Qəbələ"yə səfərdə oyunu (0:2) buraxıb. Buna baxmayaraq, o, "Qəbələ"dəki matçı tribunadan izləyib. Sadıqov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyun haqqında nə deyə bilərsən? Məğlubiyyətə səbəb nədi?

- Nəticəni nəzərə almasaq, gərgin oyun keçəcəyini bilirdik. "Qəbələ" daha çox topla oynayacaqdı, biz də oyunumuzu əks-hücumlar üzərinə quracaqdıq. Demək olar ki, oyun belə də getdi. Sadəcə olaraq, oyunun taleyini son vuruşlar həll etdi. Rəqibin ikinci qolundan başqa real qol epizodu olmadı. Son vuruşlarda "Qəbələ" bizdən dəqiq oldu. Bizim də zərbə vurmağa imkanlarımız vardı, amma ya qapıçının üzərinə getdi, ya da top rəqib müdafiəçilərə dəydi.

- Rəqib müdafiəsini yarmağda çətinlik çəkdiniz. Nəzərə alsaq ki, rəqibin əsas mərkəz müdafiəçisi matçda yox idi, bu, növbəti oyunlarda sizə çətinlik yaradacaqmı?

- Ümumiyyətlə, "Qəbələ" komanda şəklində çox yaxşı oyun göstərir, güclü heyətləri var. Onlara qol vurmaq asan deyil. Biz çalışdıq, əlimizdən gələni etdik, amma alınmadı.

- Bu matçda "Qəbələ" azarkeşlərinin çılğınlığı diqqətinizi çəkdimi? Oyun zamanı ab-hava necə idi?

- Bu, normaldır. Səfər matçlarında hər zaman rəqib azarkeşlərin üstünlüyü olur.

- Demək olar ki, bu matçdan sonra çempionluq yarışı daha da qızışacaq?

- Bəli, əgər bu gün qələbə qazansaydıq, çempionluğa daha çox yaxınlaşacaqdıq.

- Əvvəllər "Neftçi" - "Xəzər-Lənkəran" matçına böyük maraq vardı, indi də "Qarabağ"-"Qəbələ"...

- Həmin matçlar bir az fərqli idi. Komandaların bir-birinə qarşı aqressiyası vardı. Amma bizim "Qəbələ" komandası ilə çox yaxşı münasibətlərimiz var. Bu gün meydançada da gözəl futbol oldu, futboldan kənar hadisələr baş vermədi. Bu, sevindirici haldır.