çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

UEFA Tomsonun qələmini qırıb?

20.02.2017 17:29 Oxundu 1774

Çempionlar Liqasının son turunun "Dinamo" - "Beşiktaş" oyununda (6:0) İstanbul klubunun əleyhinə verdiyi qərarlarla diqqət mərkəzinə düşən 45 yaşlı şotlandiyalı referi Kreyq Tomson bu matçdan sonra daha mötəbər oyunlarda hakimlik etmir. Bu isə onun UEFA-nın gözündən düşməsi anlamına gəlir. O heç öz ölkəsində də yetərincə matç idarə etmir. Məlumata görə, Şotlandiya Premyer Liqasında yalnız 6 matç idarə edib. Halbuki o bu matçadək öz ölkəsində ən çox oyun idarə etmiş iki hakimdən biri idi.

Qeyd edək ki, bu hakim "Dinamo" - "Beşiktaş" matçından sonra demişdir: "Meydanda gördüyüm qanun pozuntularına qarşı fit çaldım, müvafiq qərarlar verdim. Səhv etdiyimi düşünmürəm. Bundan əmin ola bilərsiniz. Xəta etmiş olsaydım, üzr dilərdim. Türkləri də, kababı da çox sevirəm. Türkiyənin gözəl bir ölkə olduğunu da bilirəm. İnsanları da çox istiqanlıdır".

Məlumat üçün bir daha xatırladaq ki, o, "Dinamo" - "Beşiktaş" oyununun 29-cu dəqiqəsində "Beşiktaş"ın müdafiəçisi Andreas Bekə, 56-cı dəqiqədə isə hücumçusu Abubakara qırmızı vərəqə göstərmişdi. Şotland referi İstanbul klubunun qapısına şübhəli penalti də təyin etmişdi.