cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Ali Ay: "Ancaq o, bunu etmədi və buna görə də heyətdən kənarlaşdırıldı"

21.02.2017 11:10 Oxundu 1703

Millimizin üzvü Dəniz Yılmaz Türkiyənin "Bursaspor" komandasının əsas heyətindən uzaqlaşdırlıb. Futbolçu bir müddət aşağı yaş qrupları üzrə komanda ilə birgə hazırlıqlarını davam etdirəcək. Bursa təmsilçisinin prezidenti Ali Ay futbolçumuzun əsas komandadan uzaqlaşdırılmasına münasibət bildirib. O, Dəniz Yılmazın "Bursaspor" rəhbərliyindən və azarkeşlərindən üzr istəməsini tələb edib: "Dəniz "Kayserispor"la matçda aldığı qırmızı vərəqəyə görə rəhbərlikdən, texniki heyətdən və azarkeşlərimizdən üzr istəməlidir. Ancaq o, bunu etmədi və buna görə də heyətdən kənarlaşdırıldı".

Məlumat üçün bildirək ki, Dəniz Yılmaz "Kayserispor" - "Bursaspor" matçında (2:0) rəqib futbolçunun ayağına zərbə vurduğu üçün birbaşa qırmızı vərəqə ilə cəzalanmışdı. "Bursaspor" azlıqda qaldıqdan sonra qapısında 2 qol görmüşdü. Onun bu hərəkəti, yəni rəqib futbolçunun ayağını bilərəkdən tapdalaması azarkeşlərin kəskin narazılığına səbəb olmuşdu. Bursaya qayıdan komandanı hava limanında qarşılayan azarkeşlərdən biri millimizin hücumçusunun üzərinə şığıyaraq, onu "Bursaspor"da görmək istəmədiyini sərt şəkildə bildirmişdi.