cümə, 29 mart 2024

BİZİM FUTBOL

Asim Xudiyev: "Çox təəssüflənirəm ki, futbolçu karyeramı erkən başa vurdum"

22.02.2017 09:43 Oxundu 2645

Bu gün sabiq futbolçu və hakim Asim Xudiyev üçün xüsusi gündü. Belə ki, hazırda hakim-inspektor kimi çalışan həmsöhbətimiz 1957-ci ilin məhz bu günündə anadan olub. 60 yaşını tamamlayan Xudiyev apasport-a müsahibəsində futbolçu və hakim karyerasını yada salıb, maraqlı məqamları açıqlayıb.

- Yubileyinizi təmtəraqlı şəkildə qeyd edəcəksizmi?

- 60 il... Belə baxanda, adama birtəhər gəlir. 50 illik yubileyimi sanki bu yaxınlarda keçirmişdim. Amma üstündən 10 il keçib. 2007-ci ildə ən yaxın dostlarımı, futbol ailəsindən olan insanları yubileyimə dəvət etmişdim. 60 illik yubileyim də eyni qaydada baş tutacaq. Futbol ailəsi, vaxtilə mənimlə çiyin-çiyinə çalışmış şəxslər, AFFA-nın nümayəndələri və yaxın insanlar yubileyimə qatılacaqlar.

“Əslində, həmin vaxt karyeramı davam etdirə bilərdim. Təəssüflər olsun ki, bu, reallaşmadı”


- 60 il ərzində sevindiyiniz günlər daha çox olub, yoxsa məyus olduğunuz?

- Hər insan həm sevincli, həm də kədərli günlər yaşayır. Mənə daha çox sevincli günlər qismət olub. Orta məktəbdə yaxşı oxumuşam. 100 saylı orta məktəbdə təhsil almışam. İlk futbol addımlarımı da həmin məktəbdə atmışam. Yadımdadı, 4-cü sinifdə oxuyanda bir elan getmişdi. Elan ondan ibarət idi ki, Maarif İdarəsinin nəzdində futbol məktəbi fəaliyyətə başlayırdı. Həmin məktəbin ilk rəhbəri isə mərhum Ələkbər Məmmədov idi. Sözsüz ki, həmin illərdə biz onu o qədər də tanımırdıq. Amma sonra Ələkbər Məmmədovun məşhur futbolçu olduğunu bildik. Həmin futbol məktəbində bir neçə il təhsil alandan sonra “Neftçi” komandasına məni namizəd bildilər. O vaxt 16 yaşım var idi. 1973-cü ildə “Neftçi”nin əvəzedici heyətinə namizəd oldum və təlim-məşq toplanışını uğurla keçdikdən sonra həmin komandada yer almağım rəsmiləşdi. “Neftçi” həmin illərdə SSRİ çempionatının birinci dəstəsində çıxış edirdi. Bir neçə oyun keçirəndən sonra SSRİ Futbol Federasiyası maliyyə çətinliklərini nəzərə alaraq, birinci dəstə klublarının əvəzedici heyətlərinin oyunlarını ləğv etdi. Bundan sonra ən ümidverici, perspektivli, gənc futbolçuların bir neçəsini “Avtomobilçi” komandasına göndərdilər. Bir mövsüm orda oynadıq, 1976-cı ildə isə “Neftçi” yüksək dəstəyə vəsiqəni artıq qazanmışdı. Mən, İsgəndər Cavadov, Səmədağa Şıxlarov və digərlərini “Avtomobilçi”dən “Neftçi”yə qaytardılar. 1977-ci ildən 1985-ci ilə kimi “Neftçi”də çıxış etdim. Futbolçu karyeram ərzində aşağı dəstədə “Kəpəz” və “Göyəzən” komandalarında da bir müddət oynamışam. Böyük futbolla 1985-ci ildə, ümumiyyətlə, yaşıl meydanlarla isə 1989-cu ildə vidalaşdım.

- Futbolçu karyeranızı erkən bitirməyinizin səbəbi nə idi?

- Məlum olmayan səbəblərdən bir neçə futbolçunu həmin il “Neftçi”dən xaric etmişdilər. Məşqçilər heyəti dəyişmişdi, komandaya Moskvadan mütəxəssislər və oyunçular cəlb olunmuşdu. Əslində, həmin vaxt karyeramı davam etdirə bilərdim. Təəssüflər olsun ki, bu, reallaşmadı. “Neftçi”nin heyətində yüksək liqada 180 rəsmi oyun keçirmişdim, SSRİ Kubokunda isə 30-40 matçda meydana çıxmışdım.

- Hakimliyə gəlişinizi necə xatırlayırsız?

- Həmin illərdə Tofiq Bəhramov, Eldar Əzimzadə və Rüstəm Rəhimov kimi tanınmış hakimlərimiz var idi. Mənə tövsiyə verdilər ki, səndən hakim ola bilər. Vaxtilə futbolçu olmuş şəxsə hakimlik etmək daha asandı. 1989-cu ilin axırı idi, məni baş hakim kimi Azərbaycan çempionatına cəlb etdilər. Maraqlı oldu. Bir neçə oyunda hakimlik etdikdən sonra 1990-cı ildə SSRİ-nin gənc hakimlərinin təlim-məşq toplanışına göndərildim. Orda imtahanlardan uğurla keçdim. Bundan sonra məni SSRİ çempionatının birinci dəstəsinə namizəd kimi seçdilər. Amma 1991-ci ildə SSRİ dağıldı. Mən orda az oyunda hakimlik etdim. Azərbaycan müstəqillik qazanandan sonra isə ölkənin futbol assosiasiyası yarandı və onun nəzdində Hakimlər Komitəsi formalaşdı. Mən də ilk Azərbaycan çempionatının oyunlarında hakimlik etdim. Həmin illər o qədər də asan deyildi, çünki keçid dövrünü yaşayırdıq. Gənc hakimlərə etibar edirdilər, biz də çalışırdıq ki, bu peşədə özümüzü göstərək, inkişaf edək. 1993-cü ilin sonunda Respublika dərəcəli hakim oldum.

“2002-ci ildə UEFA-nın bayrağı altında sonuncu oyunumu idarə etdim. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində...”


- Çox keçmədi ki, FİFA hakimi statusuna da yiyələndiniz...

- Bəli. 1994-cü ildə UEFA və FİFA-nın üzvü olduqdan sonra ali futbol qurumu ən yaxşı hakimlərimizin siyahısını istədi. 3 nəfər – Tahir Süleymanov, Xaqani Məmmədov və mən həmin siyahıda təsdiq olunduq. 1995-ci ildən müntəzəm olaraq, beynəlxalq oyunlara təyinat alırdıq. Hakimlik karyeramı isə 2002-ci ildə bitirdim. Həmin illərdə FİFA hakimlərə 45 yaşına kimi beynəlxalq səviyyədə oyunlar idarə etməyə imkan verirdi. Sözsüz ki, karyeramı bitirmək ərəfəsində bundan sonra nə edəcəyimlə bağlı düşünürdüm. 2002-ci ildə UEFA-nın bayrağı altında sonuncu oyunumu idarə etdim. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində San-Marino – Latviya görüşündə baş hakim oldum. Bu matçdan sonra qərar qəbul etdim ki, daha futbol meydanlarında hakimlik etməyəcəyəm. 2003-cü ildə Azərbaycan kubokunun finalı – “Neftçi” – “Şəmkir” matçından əvvəl mənim üçün vida tədbiri keçirildi.

- Necə oldu ki, hakim-inspektor kimi fəaliyyət göstərmək qərarına gəldiniz?

- FİFA referisi olduğum müddətdə Avropa Futbol Təşkilatının hakim-inspektorları mənə tövsiyə edirdilər ki, hakimliyi bitirəndən sonra fəaliyyətimi hakim-inspektor kimi davam etdirim. Bu o qədər də asan prosedur deyil. Kriteriyalardan biri əvvəl hakim olmaqdan başqa ingilis dilini mükəmməl bilmək idi. Orta məktəbdə oxuyanda ingilis dilini yaxşı bilirdim. Həmin vaxt öyrəndiklərim indi də mənə kömək edir. 2004-cü ildə UEFA kubokunun qrup yarışlarına ilk dəfə hakim-inspektor kimi təyinat aldım. Artıq 12-ci ildi ki, Avropa Futbol Təşkilatının hakim-inspektorlar qrupuna daxiləm. Hər il təxmini 8-10 təyinat alıram. Çalışıram ki, hakimlərin işini obyektiv şəkildə qiymətləndirim. Dekabrda Danimarkada kurs imtahanlarından keçdim. Mənimlə müqavilə yeniləndi, qarşıdakı 3 ildə də təyinat almağıma icazə verildi.


- Futbol həyatınızda nəyə görə təəssüflənirsiz?

- Təbii ki, futbolçu karyeramı erkən bitirdiyimə görə. Həmin vaxt çox əzablı günlər yaşadım. Futbola aid olmayan məsələlər üzündən mən də daxil olmaqla, bir neçə oyunçu komandadan kənarlaşdırıldı. Halbuki, karyeramın ən yaxşı illəri idi. Hətta SSRİ olimpiya yığmasına da cəlb olunmuşdum. Bir neçə yoldaşlıq görüşündə çıxış etmişdim. 1984-cü ildə olimpiya oyunlarına gedəcək heyətə düşməyə namizəd idim. Amma həmin vaxt SSRİ hökuməti Los-Ancelesdə keçirilən olimpiya oyunları ilə bağlı boykot elan etdi.

“Həmin vaxt çox əzablı günlər yaşadım. Futbola aid olmayan məsələlər üzündən...”

Heç vaxt fiziki hazırlıq, nizam-intizam baxımından problemim olmayıb. Çox təəssüflənirəm ki, futbolçu karyeramı erkən başa vurdum. Çox adam bunu bilmir ki, mən qısa müddətdə məşqçi kimi də fəaliyyət göstərmişəm. 1989-cu ildə mənə “Neftçi”də komandasında köməkçi-məşqçi kimi çalışmaq təklif olundu. Razılaşdım, 3 ay Ağasəlim Mircavadovun köməkçisi işlədim. “Neftçi” pis nəticə göstərmirdi, təxminən 3-4-cü yerdə qərarlaşmışdı. Sadəcə, qeyri-stabil çıxış edirdik. Günlərin bir günündə Ağasəlim müəllim mənə zəng edərək, komandadan ayrıldığını bildirdi. Görüşüb söhbət etdik. Dedi ki, sən get bazaya, yəqin ki, yeni məşqçi səni saxlayar. Yeri gəlmişkən, onun yerinə Ruslan Abdullayev gəlmişdi. Ertəsi gün komandanın rəisi məndən də ərizə yazmağımı istədi. Məni ayrı işə keçirəcəklərini dedilər. Bildirdim ki, mən daha heç vaxt məşqçi işləməyəcəyəm. Çünki həmin münasibət xoşuma gəlməmişdi, çox incimişdim.


- Futbolçu, hakim, hakim-inspektor, qısa müddətdə məşqçi kimi də çalışmısız. Bundan əlavə, vaxtilə Qadın Futbol Federasiyasının prezidenti olmusuz. İndinin özündə həm də Futzal Federasiyasının koordinatoru işləyirsiz. Hansı işi görmək daha çətindi?

- Sözsüz ki, futbolçu olmaq daha çətindi. Çünki çox güclü rəqabət var idi. Hakimlik və hakim-inspektorluqda o qədər də rəqabət yoxdu. Sovet dövründə futbol məktəbləri keyfiyyətli iş görürdülər. “Neftçi”yə gəldiyim ildə məni müxtəlif mövqelərdə yoxladılar. Mərkəz, sol və sağ cinah müdafiəçisi ampluasında sınaqdan keçirildim. Rəqabətdən sağ cinah müdafiəçisi mövqeyində qalib ayrıldım və məni “Neftçi”də saxladılar. Halbuki kluba dayaq yarımmüdafiəçisi kimi cəlb olunmuşdum. “Avtomobilçi”də də böyük rəqabət var idi. Təsadüfi deyil ki, komandada 8 müdafiəçi yer almışdı. Gah yarımmüdafiə, gah da müdafiədə çıxış edirdim. “Neftçi”yə yenidən keçəndən sonra isə mərkəz müdafiəçisi kimi özümü təsdiqlədim. Pis çıxış etmirdim. Amma daha güclü oynaya bilərdim. Üzərimdə daha çox işləməli, çatışmazlıqları aradan qaldırmalıydım. Digər komandalar bizim futbolçuları öz heyətlərində görmək istəyirdi. Ancaq “Neftçi”də elə kollektiv var idi ki, heç kim başqa yerə getmək barədə düşünmürdü.

“Maaşın yarısı pulla, yarısı isə süd məhsulları ilə verildi. Təxminən 40-47 rubl maaş aldım, qalan pulun əvəzinə isə süd məhsulları götürdüm. 70 rubla yaxın maaşla məni işə götürmüşdülər”


- İlk maaşınız nə qədər olub?

- 1973-cü ildə sənədlərimi Bədən Tərbiyəsi İnstitutuna verdim. Futbol ixtisası üzrə imtahandan yaxşı çıxsam da, üzgüçülük imtahanından kəsildim. O vaxt çox zəif üzürdüm. Sənədlərimi geri qaytardılar. İndiki Dərnəgül ərazisində Nəqliyyat İdarəsi, onun nəzdində isə Bakı çempionatında oynayan klub var idi. Dostlar, məhəllə uşaqları orda oynayırdılar, kadrlar idarəsi isə həmin uşaqlara kömək edirdi, onlara forma alırdı, maaş verməyə də çalışırdı. Düşündüm ki, hansısa bir ixtisasdan yapışım, bəlkə gələcəkdə mənə kömək oldu. Soruşdum, dedilər ki, burda ağır tonnajlı maşınlara baxışın keçirildiyi sex var, günün birinci hissəsini orda işlə, ikinci hissəsində məşqlərə gəl. Razılaşdım. Həmin ayda bizə maaşın yarısı pulla, yarısı isə süd məhsulları ilə verildi. Təxminən 40-47 rubl maaş aldım, qalan pulun əvəzinə isə süd məhsulları götürdüm. 70 rubla yaxın maaşla məni işə götürmüşdülər. İlk maaşım bu oldu. Təbii ki, pulu və süd məhsullarını evə aparıb, anama təhvil verdim. 1975-ci ildə “Avtomobilçi” klubuna keçəndən sonra Bədən Tərbiyəsi İnstitutuna daxil oldum. Həmin ildə “Avtomobilçi”də maaşım səhv etmirəmsə, 110 rubl idi.



- Hansı matçı hakimlik karyeranızın ən gərgin oyunu adlandırardınız?

- 2000/2001 mövsümü “Neftçi” və “Şəmkir” arasında Sumqayıtda keçirilmiş “Qızıl oyun”la başa çatdı. Həmin mövsümdə gərgin oyunlardan biri Tovuzda “Turan”la “Şəmkir” arasında baş tutmuşdu. Oyuna baş hakim kimi mən təyinat almışdım. Matçdan əvvəl söz-söhbətlər yayılmışdı. Qəzetlər yazırdılar ki, böyük qalmaqal ola bilər, hakimlər təzyiqlə üzləşəcəklər. Elə də oldu. Oyunu 10 minə yaxın azarkeş izləyirdi. Biz qatarla Tovuz şəhərinə çatan kimi gərginliyi hiss etdik. Bir neçə azarkeş qabağımıza çıxmışdı ki, hədə-qorxu gəlsin. Bununla bizə psixoloji təsir etmək istəyirdilər. Oyundan əvvəl yaşanan gərginlik indiyə kimi gözümün önündədi. Meydanda mübarizə ən yüksək həddə çatmışdı. Futbolçular bir-birlərinə qarşı çox kobud oynayırdılar. Onu da deyim ki, hər iki komandanın heyətində güclü oyunçular çıxış edirdi.


“Turan”ın heyətində Rəşad Sadıqov da yer almışdı, onda cavan idi. Belə görüşdə gərək baş çıxarasan ki, münaqişə olmasın. Özümü həmin vaxt necə toparladığımı bilmirəm. Ekstremal vəziyyətdə hakimlik etdik. Birinci hissə bitən kimi yerli azarkeşlər hakimlər otağına hücum çəkdilər. Çünki komandalar fasiləyə “Şəmkir”in 1:0 hesablı üstünlüyü ilə yollanmışdılar. Həmin görüşdə ev sahiblərinin qapısına penalti təyin etmişdim. Açıq-aşkar qayda pozuntusu var idi. Yerli azarkeşlər məhz penaltiyə görə etiraz edirdilər.

“Özümü həmin vaxt necə toparladığımı bilmirəm. Ekstremal vəziyyətdə hakimlik etdik. Birinci hissə bitən kimi yerli azarkeşlər hakimlər otağına hücum çəkdilər”


Yüksək təzyiqli, çətin oyundan biz üzüağ çıxdıq. Tovuza özümlə beynəlxalq oyunlara gedən köməkçilərimi aparmışdım. “Şəmkir” 2:1 hesabı ilə qalib gəldi. Oyun o qədər gərgin keçmişdi ki, ikinci hissədə matçı 3 dəfə dayandırmışdım. Çünki tamaşaçılar yan xətt hakimlərinə daş atırdılar, onlar da öz işlərini görə bilmirdilər. Polislər də mikrofonla danışıb, camaatı sakitləşdirməyə çalışırdılar. Oyun bitəndən sonra biz 40 dəqiqə meydandan çıxa bilmədik. Çünki tamaşaçılar meydançaya daxil olmağa can atırdılar, yaxşı ki, hasar imkan vermirdi. Bizə daş, taxta atıb, təhqir edirdilər. Polis əməkdaşları bizi qorudular. 40 dəqiqə sonra hakimlər otağına gedə bildik. Oyundan sonra stadionda hətta içməyə su da yox idi. Bizə dedilər ki, sizin üçün xüsusi maşın gələcək, onunla Gəncəyə gedəcəksiz. Bakıya Tovuzdan yox, Gəncədən qayıtmalı olduq. Tovuzdan bizi iki taksi ilə yola saldılar, yolboyu avtobus şüşələrinin qırıntılarını gördük. Məlum oldu ki, yerli azarkeşlər qonaq komandanın fanatlarını gətirən avtobusun şüşələrini qırıblar. Həqiqətən də, karyeramın ən çətin oyunu idi.

“Həyatda çox mehriban və mədəni insan idi. Amma meydanda siması dəyişirdi, aqressiv olurdu. Xüsusilə, ev oyunlarında hakimlərə təzyiq göstərməyə çalışırdı”

- Futbolçu kimi bəyənmədiyiniz hakim və hakim kimi bəyənmədiyiniz futbolçu kim olub?

- Mən futbolçu olanda SSRİ çempionatında oyunları yüksək səviyyəli hakimlər idarə edirdilər. Bir neçəsi mərhum Tofiq Bəhramovun 90 illiyində Bakıya gəlmişdi. Həmin illərin münasibəti indiyə kimi qalıb. Mən komandanın kapitanı olduğumdan, hakimlərlə münasibətim çox yaxşı idi. Bəyənmədiyim hakim olmayıb. Amma hakim kimi xoşlamadığım oyunçular var idi. “Turan”da rəhmətlik Sakit Alıyev çıxış edirdi. Həyatda çox mehriban və mədəni insan idi. Amma meydanda siması dəyişirdi, aqressiv olurdu. Xüsusilə, ev oyunlarında hakimlərə təzyiq göstərməyə çalışırdı. Digər hakimlər olanda bunu edə bilirdi, amma mənimlə həyatdakı münasibətinə görə o qədər də büruzə vermirdi. Oyunlar zamanı ona qarşı xüsusi hazırlıq görürdüm. Meydançaya çıxmamışdan əvvəl Sakitlə danışırdım ki, oynamaq lazımdı. O da deyirdi ki, Asif müəllim, hər şey yaxşı olacaq. Futzalda da hakimlik etmişəm. Orda isə ipə-sapa yatmayan futbolçu Zaur Ramazanov idi. Zaur çox emosional, gərgin oyun keçirirdi. Amma onunla da matçdan öncə münasibət yaradırdım. Mən bütün görüşlərdən əvvəl meydana çıxacaq futbolçuların siyahısına baxırdım. Sakit Alıyev və Zaur Ramazanov kimi oyunçularla öncədən söhbət edirdim.



- Futbol həyatınızda üzləşdiyiniz hansı maraqlı hadisəni danışa bilərsiz?

- Ən maraqlı hadisə ilə futbolçu vaxtı üzləşmişəm. 1981-ci ildə “Neftçi”nin heyətində yoldaşlıq oyunları keçirmək üçün yollandığımız Afrika ölkələrindən birində dövlət çevrilişinə düşmüşük. Seyşel adalarında 3 yoldaşlıq görüşü keçirməliydik. Birinci yoxlama matçından sonra dövlət çevrilişi oldu və həmin ölkədə 7 gün əvəzinə 14

“Birinci oyundan sonra dövlət çevrilişi oldu və həmin ölkədə 7 gün əvəzinə 14 gün qalmalı olduq. Sözsüz ki, ailə üzvlərimiz, dostlarımız çox narahat idilər. Mobil telefon yox idi, bütün əlaqələr kəsilmişdi”

gün qalmalı olduq. Sözsüz ki, ailə üzvlərimiz, dostlarımız çox narahat idilər. Mobil telefon yox idi, bütün əlaqələr kəsilmişdi. Sadəcə, SSRİ-dən həmin adaya hərbi gəmilər göndərmişdilər, gəmilərdə də 500-ə yaxın əsgər var idi. İlk 3-4 gün ərzində mehmanxanadan bayıra, ümumiyyətlə, çıxa bilmədik. Əsgərlər gələndən sonra “komendant saatı” tətbiq olundu. Dükandan nəsə almaq üçün gündə 2 saat vaxt verirdilər. Sonra konsulluqdan bizə dedilər ki, hansısa ölkədən bir təyyarə gələcək, axırda Moskvaya uçacaq, o təyyarə sizi götürəcək. Əsgərlərin müşayiəti ilə hava limanına gedəndə gördük ki, aeroport dağılıb. TU-154 yerə enən kimi, hamımız mindik və havaya qalxdıq. Moskvada bizi çoxlu azərbaycanlı qarşıladı. Yaxınlarımız, dostlarımız Bakıya sağ-salamat qayıdacağımıza inanmırdılar.