cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Avropa liqasının qalibi kim olacaq: “Liverpul”, yoxsa “Sevilya”?

18.05.2016 10:03 Oxundu 2430

Bakı vaxtı ilə 22.35-də başlanılacaq oyunun olduqca gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir. Bu da əsassız eyil. “Sevilya” ardıcıl olaraq 3-cü dəfə Avropa liqasının finalına vəsiqə qazanıb. İlk iki finalda qələbə qazanan “Sevilya” bu dəfə də qalib gələcəyi təqdirdə Avropa liqası tarixində 3 dəfə dalbadal bu kuboku əldə edən komanda kimi dünyanın futbol tarixinə düşəcək. Unai Emerinin komandasının finala yolu da gərgin mübarizə şəratində keçib. “Sevilya” mübarizəyə Çempionlar liqasının qrup mərhələsində başladı. Lakin Emerinin komandası öz qrupunda 3-cü yeri tutaraq növbəti mərhələyə vəsiqə qazana bilmədi. Nəticədə, ispanlar daha zəif liqa hesab edilən Avropa liqasında oynamalı oldular.

“Sevilya” onaltıdabir final oyunununda ilk matçında Norveçin “Molde” komandasına rəqib meydanında 0:1 hesabı ilə məğlub olsa da, öz meydanında ona 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. Növbəti mərhələdə “Sevilya” evdə İsveçrənin “Bazel” komandasına 3:0 hesabı ilə qalib gəlib, səfərdə isə 0:0 oynayaraq dördəbir finala yüksəlib. Bu mərhələdə “Sevilya” öz meydanında “Atletik” Bilbaoya 1:2 məğlub olsa da, səfərdə eyni hesabla rəqibinə qalib həlməyi bacardı. 11 metrlik zərbələri zamanı isə “Sevilya” 5:4 hesabı ilə rəqibinə qalib gələrək turu adlaya bildi. Yarımfinlada isə “Sevilya” iki oyunun nəticələrinə görə (2:2, 3:1) Donetskin “Şaxtyor” komandasını mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazandı.

“Sevilya”nın rəqibi “Liverpul” da ölkə çempionatında mükafata layiq yer tuta bilməsə də, Avropa liqasında olduqca gözəl oyun nümayiş etdirdi. Yurgen Kloppun komandası finala gedən yolda əvvəlcə Almaniyanın “Auqsburq” komandasını (0:0, 1:0), sonra isə güclü komandalardan sayılan “Mançester Yunayted”i (2:0,0:0) mübarizədən kənarlaşdırdı. Dörddəbir finalda isə Dortmundun “Borussiya” komandasını iki oyunun nəticələrinə görə(1:1, 4:3) məğlub edən “Liverpul” növbəti mərhələdə İspaniyanın “Vilyarreal” komandasının daşını daş üstündə qoymadı. İngilislər ilk oyunda rəqib meydanında 0:1 hesabı ilə məğlub olsalar da, cavab oyununda rəqiblərinin qapısında 3 cavabsız top keçirərək finala çıxdılar. Bir sözlə, hər iki komanda finala gedən yolda əzmkar oyun nümayiş etdirə bildilər.

Heyət baxımdan “Liverpul” “Sevilya”dan daha güclü təsir bağışlayır. Final oyununda “Liverpul”un əsas oyunçularından olan Saxo cəzalandırıldığı üçün iştirak edə bilməyəcək. Bundan əlavə, Qomes və İnqz xəstədir. İngilislərin əsas oyunçusu Hendersonun da zədə ucbatından oynaya biləcəyi şübhə altındadır. Amma zədəsini sağaldan Divok Oriqinin oynayacağı istisna edilmir. “Sevilya”da isə müxtəlif səbəblərdən Andreolli, Tremulinas, Reyes və Kron-Deli final oyununda meydana çıxa bilməyəcək. Ümumiyyətlə, “Sevilya”nın bu ilki heyəti ötən ildəkindən daha zəif təsir bağışlayır. Bununla belə, Unai Emerinin komandasının növbəti dəfə Avropa liqasında qalib gəlmək üçün sona kimi mübarizə aparacağı gözlənilir. Əksər ekspertlər finalda “Liverpul”un qalib gələcəyini proqnozlaşdırıblar. Tanınmış futbol ekspertlərinin hər 3-dən ikisi “Liverpul”un finalda qalib gələcəyini proqnozlaşdırıb. Lakin “Sevilya”nın da qalib gəlmək imkanları az deyil. Bir sözlə, bu gün milyonlarla futbol azarkeşini olduqca maraqlı oyun gözləyir.

Əziz Mustafa