cümə, 26 aprel 2024

MÜSAHİBƏ

Ümit Davala: “Maldininin adı çəkiləndə hamının dizləri əsirdi”

18.05.2016 10:05 Oxundu 6934

“Cim-bom”un UEFA Kubokunu qazandığı ildə müdafiənin sağ cinahının əvəzedilməz siması olmuş Davala 1996-2001-ci illərdə “sarı-qırmızılı” forma altında xarüqələr yaradıb. Karyerası ərzində “Milan”, “İnter”, “Verder” kimi klublarda da legioner həyatı yaşamış 43 yaşlı mütəxəssis butslarını mıxdan asdıqdan sonra uzun müddət “Qalatasaray”da köməkçi məşqçi funksiyasını yerinə yetirib. Bu yaxınlarda yerli mətbuata maraqlı müsahibə verən Davala futbolçu karyerasını vərəqləyib, “ənlər”lə bağlı sualları cavablandırıb.

- Unuda bilmədiyiniz qollar...

- Az, amma önəmli qollar vurmuşam. Doğru vaxtda, doğru yerdə olduğum oyunlar oldu. “Ali Sami Yen”də “Milan” üzərində 3:2 hesabı ilə qalib gəldiyimiz matçın son dəqiqəsində penaltidən vurduğum qolu unudulmaz sayıram. Həmçinin UEFA Kubokunun finalında “Arsenal”ın qapısından da penaltidən unudulmaz qol keçirdim. Həmin vaxt Fatih Terim soruşdu ki, penaltilər seriyasında neçənci adam olacaqsan? Dedim ki, 3-cü olacağam. Çünki əvvəlcə rəqib qapıçının zərbələrə necə reaksiya verdiyini, hansı istiqamətə tullandığını öyrənmək istəyirdim. Ərgün və Hakanın penaltilərinə diqqət etdim, Simen zərbədən bir saniyə əvvəl artıq tullanır. Mən də topa yaxınlaşanda hansı tərəfə vuracağımı ona göstərdim, dərhal tullandı və rahatca topu əks istiqamətə göndərdim. Bundan əlavə, DÇ-2002-nin 1/8 finalında Yaponiyanın qapısına başla qələbə qolunu vurmuşam. Künc zərbəsi zamanı içəridə çox oyunçumuz var idi. Gedib Hakanın arxa tərəfində dayandım. Çünki bilirdim ki, əsas diqqət onun üzərində olacaq. Top Hakanı keçincə, çətinlik çəkmədən ona başla zərbə vurdum. Çində Hasan Şaşın ötürməsi zamanı saxlamadan birbaşa vurduğum qol gözəl idi, amma digərləri qədər önəmli deyildi. “Boloniya” və “Real”la öz meydançamızdakı oyunlarda da önəmli qollar vurmuşdum.

1998-ci ildə aldığım ciddi zədədən sonra 5-6 ay futboldan ayrı qaldım. Döndükdən sonra Çempionlar Liqasında Turində “Yuventus”a qarşı çıxış edirdik. Hesab 1:1 olarkən təxminən 25 metrlik məsafədən vurduğum top tora düşdü.

- Ən yaddaqalan oyun...

- “Milan”la evdəki oyunu qeyd edə bilərəm. Son 5-10 dəqiqə bitmək bilmirdi. İndiki “Qalatasaray” 85-ci dəqiqədə 1:2 hesabı ilə geridə olsa, tribunalar tamam boşalar. Amma bizim dönəmimizdə hər kəs qələbəyə inanırdı. Çünki Fatih Terim bizə məğlubiyyəti həzm etməməyi öyrətmişdi. Ən böyük üstünlüyümüz də məhz bu idi. Hər matça “uduzmayacağıq” deyib çıxırdıq. “Milan”la həmin qarşılaşmanın 85-ci dəqiqəsində Hakan başla hesabı bərabərləşdirdi, 90-cı dəqiqədə isə penalti qazandıq. Qalib gəlsəydik, UEFA Kubokuna vəsiqə qazana bilərdik. Əslində həmin vaxt bizim penalti vuranlarımız Haci və Hakan Şükür idilər. Ümit Davala bu siyahıda sonuncu yerlərdə olardı. Elə oldu ki, məşqçi ilə göz-gözə gəldik. Məndən “vura bilərsənmi?” deyə soruşdu, cavabım “hə” olunca, “get, vur” söylədi. Millət təəccüb içində idi ki, bu niyə keçdi topun arxasına? 35 min azarkeş həyəcandan arxasını çevirdi ki, zərbəni görməsin. Mənə cəmi bir nəfər baxırdı, o da Abbyati idi. Amma özümü rahat hiss etdiyimdən, asan qol vurdum. Bu qolun əhəmiyyətini sonradan dərk etdim. Düşündüm ki, vura bilməsəydim, nələr olacaqdı.

- Ən çox məyus olduğunuz oyun...

- Həmin vaxt uğurlu çıxış etdiyimizdən, məyusluq yaşadığım oyun sayı çox az idi. İlk mövsümümdə “Gənclərbirliyi”yə məğlubiyyəti qeyd edə bilərəm. O dönəmdə vəziyyətimiz yaxşı deyildi, hər kəs məşqçini istefaya səsləyirdi. Amma növbəti mövsümdən hər şey istədiyimiz kimi keçdi. Ondan sonra yalnız Qaziantepdəki görüşdə zədələnməyimə üzüldüm. Bu da futbol həyatımdan 5-6 ayımı aldı.

- Ən gözəl assistiniz...

- Təbii ki, Seneqalla görüşdə İlhan Mansıza verdiyim “qızıl qol” ötürməsi. Sağ cinahdan Arif irəliləyirdi, onu yıxdılar. Amma arxadan gəlib topu götürdüyüm üçün hakim “davam” qərarını verdi. İçəridə bizdən yalnız İlhan var idi. Mən də ötürməmi verdim və İlhan toru silkələdi. Mənim ötürməm bir kənara, İlhan əla zərbə vurdu və yarımfinala adımızı yazdırdıq. “Boloniya” ilə səfər görüşündə Hakanın vurduğu qola verdiyim məhsuldar ötürmə var idi. Hakan tullandı və sanki bir müddət havala asılı qaldı.

- Ən yaxşı oyununuz...

- Elə bütün oyunlar (gülür). Sağ cinahda oynamaq asan deyildi. 90 dəqiqə ərzində 100 metrlik məsafəni get, gəl. Daim yüksək səviyyədə olmalısan ki, bu tələbləri yerinə yetirə biləsən. Hər qarşılaşmada yaxşı oynamaq məcburiyyətində olduğumdan, zəif oyunum yadıma gəlmir.

- Ən uğursuz oyununuz...

- Çempionlar Liqasında Dortmundda “Borussiya”ya böyük hesabla uduzduğumuz oyun. Əmrənin ilk matçı idi və cəmi 16 yaşı var idi. Məşqçi mənə müdafiənin önündə şans verdi. İlk 45 dəqiqədə çox top itirdim. Meydançada yerimi tapa bilmirdim. Həmin vaxt dedim ki, yəqin məşqçi bir daha məni oynatmaz. Soyunub-geyinmə otağında butsları, corabı çıxarıb, şəpitimi geyinib oturmuşdum. Terim otağa girən kimi, dedi “elə belə də duşa gir”. Başımı aşağı salıb deyiləni etdim.

- Ən tənbəl futbolçu...

- Adətən məşqdən 15-20 dəqiqə əvvəl isinmə hərəkəti edər, topla oynayardıq. Elə ki, məşqin başlanmasına 1 dəqiqə qalırdı, Hakan Ünsal bazaya girərdi. Elə maşını sürə-sürə paltarını dəyişib, bir dəqiqə ərzində hazır olardı.

- Ən zarafatcıl futbolçu...

- Qrupumuz möhtəşəm idi. Elə hamımız zarafatcıl idik. Oyunlara gedəndə arxa tərəfdəki gülüş əlindən öndəkilər yata bilmirdilər. Çox yaxşı dostluğumuz olduğu üçün hamı bir-birinin zarafatını qəbul edirdi. Okan, Hakan Ünsal, Arif, Tuqay, Suat, Vədat, Fatih bu baxımdan çox təhlükəli idilər. Onların dilinə düşən batırdı.

- Ən istedadlı futbolçu...

- “Milan”lı Maldini. Oraya gedəndə onu başqa cür təsəvvür edirdim. Ağır təbiətli insan olduğunu düşünürdüm. Paolo Maldini adı çəkiləndə digərlərinin dizləri əsirdi. Amma mənə ən çox kömək edən də elə o oldu. Həm meydançada, həm də ondan kənarda bacarıqlı, qabiliyyətli, psixoloji cəhətdən yüksək səviyyədə idi. Kimə qarşı necə rəftar edəcəyini gözəl bilirdi. İstedad baxımından Hacini xüsusi qeyd edərdim. Ondan çox şey öyrəndik.

- Ən yaxşı geyinən futbolçu...

- Arifi bu siyahıdan dərhal çıxaraq. Şortdan başqa heç nə geyinmirdi. “Milan”da olanda hər kəs geyiminə diqqət etməli, heç kim digərlərindən fərqlənməməli idi. “Qalatasaray”da Vədat yaxşı geyinərdi.

- Ən yaxşı mahnı oxuyan...

- Mehmet Gönülaçarın bülbül kimi səsi var idi. Onsuz da, yanlış sənəti seçmişdi. Tuqayla mənim duetim var idi. Bunu göstərmək üçün gərək Tuqay da indi yanımda olsun. Yaponiya və Cənubi Koreyadakı dünya çempionatına gedəndə ikimiz arxada oturub oxuyardıq. Digərləri əl çalaraq bizə qulaq asardılar və mahnı bitəndə “bir daha” sədaları gələrdi. Bir də mənim albomum var. Düzdür, repdə səsə ehtyac yoxdur, bir növ söhbətdir. Amma bunu ləzzət aldığım üçün etdim. Bu alboma görə nə bir qəpik xərcim çıxdı, nə də qazancım oldu. Uşaqlığımdan arzuladığım bir şey idi.

- Ən pis mahnı oxuyan...

- Ümit Karanın mahnı oxuduğunu eşitməmişəm, heç eşitmək də istəmirəm. Müsahibəsində mənim səsimin bərbad olduğunu deyib. Danışığından alman dilinə meyilli olduğu heç hiss edilmir.

- Duşda ən çox qalan futbolçu...

- Bizim hovuzumuz var idi. Çox vaxt ora girib söhbət edərdik. Suatla Okan girəndə kənardan “onların əllərindən tutun, boğulmasınlar” deyirdilər.

- Ən doğru danışan futbolçu...

- Ərzurumda 1:0 hesablı qələbə qazanmışdıq və qələbə qolunu da mən vurmuşdum. Həmin epizodda arxası qapıya tərəf top mənə gəldi, xəlvətcə onu əlimlə önümə atdım və dönüb qolu vurdum. Matçdan sonra Hasan Şaş müsahibəsində “Ümit əllə topu önünə atıb vursa da, qol oldu, hakim də saydı. Çox xoşbəxtik” dedi. Atası dərhal zəng vurdu ki, oğlum, əldən danışmaq sənə qaldı?

- Ən yalançı futbolçu...

- Suat Kaya. Bir şeydən danışanda onu mütləq bəzəməli idi.

- Sizə ən çox çətinlik törədən futbolçu...

- Abdullah Ərcan və İbrahim Üzülməz. Onlar da, mən də hücuma keçməyi sevdiyimizdən, aramızda ciddi mübarizə olardı. Bir-birimizdən çox çəkmişik.

- Sizə heç çətinlik törətməyən...

- Roberto Karlos (gülür). Zarafat edirəm. Hər kəs işini görməyə çalışırdı, kimisə rahat keçdiyimi deyə bilmərəm. Amma çox sol cinah müdafiəçisi dəyişdirtmişəm.

- İdealınız...

- Xavyer Zanetti. O, uzun illər “İnter”də önəmli işlər gördü.

- Ən yaxşı baş məşqçi...

- Təbii ki, Fatih Terim. Gələcəkdə istifadə edə biləcəyimiz çox şeyi ondan öyrəndik.

- Ən pis baş məşqçi...

- Karlos Ançelotti. Fatih Terim “Milan”dan ayrılandan sonra Ançelottini gətirmişdilər. Mənasız dəyişiklik idi, çünki həmin vaxt liderdən cəmi 3 xal geridə idik. İşlərimiz əla gedirdi. Terim məni əsas heyətdə oynadırdı. Ançelotti gələn kimi, məni sola çəkdi. Oyunlarda getdikcə məni 75-ci, 60-cı, 46-cı dəqiqələrdə əvəzlədi. Beləcə, yavaş-yavaş məni unutdurmağa çalışdı. İlk gündən məndən xoşlanmadığını hiss etmişdim. Sonra məni, ümumiyyətlə, heyətə salmadı. Azarkeşlər niyə oynamadığımı məndən tez-tez soruşurdular.

- Ən yaxşı qapıçı...

- Mübahisəsiz Taffarel. Bu qədər oyunu oxumağı bacaran, əla tullanışları olan, komanda yoldaşları ilə mehriban olan ikinci bir qapıçı tanımıram.

- Ən zəif qapıçı...

- Bizə rəqib olan bütün qapıçılar zəif idilər. Çünki hər oyunda qələbə qazanırdıq.

- Ən qəddar futbolçu...

- Bülənt Qorxmaz üçün məşqlə oyunun fərqi olmazdı. “Arsenal”la oyunda çiynini sarıdılar, matçı bu cür başa vurdu. Amma görüşdən sonra 15 kiloluq kuboku çətinlik çəkmədən qaldırdı.