cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

İngiltərə Premyer liqasında ilk və son dəfə çempion olanlar

18.05.2016 10:07 Oxundu 5014

Bu baxımdan İngiltərə futbolunun güclü komandaları arasında zirvəyə qalxan və sonra da öz yerini başqasına verərək bir daha əvvəlki uğurlarını təkrar edə bilməyən komandalar var. Bu baxımdan İngiltərə çempionatı həmişə gərgin mübarizə şəraitində keçib. Ona görə də əgər hər hansı bir futbol azarkeşindən soruşsan ki, İngiltərə çempionatını nəyə görə izləyir, o dərhal, o cavab verəcək ki, orada oyunlarda gərginlik var və favorit komandanı istənilən zəif klub məğlub edə bilər.

Doğrudan da, İngiltərə Premyer liqası mövsüm ərzində hər bir komandanın azı bir neçə dəfə lider ola bildiyi yeganə çempionatdır. Yəni İngiltərə çempionatında həmişə gərgin mübarizə gedir və ən zəif komandalar belə liderlə son nəfəsinədək mübarizə aparır və bu ovqatla da oyunçular meydana çıxırlar.

Əlbəttə, İngiltərədə XIX sonu - XX əsrin əvvəllərində futbol xalq arasında təzə-təzə yayılırdı. Həmin dövrdə hər mövsümdə yeni komandalar yaradılırdı və məlum olurdu ki, onlar bütün digər komandalardan daha yaxşı oynayırlar. O vaxt istedadlı oyunçuları axtarıb tapmırdılar, istedadlar hər yerdə var idi və bu da futbola olan böyük həvəslə bağlı idi.

Bir də görürdün bir qrup futbol həvəskarı bir yerə yığışaraq komanda təşkil edir və gözəl oyunları ilə güclü rəqiblərin qəniminə çevrilirdilər.

Ona görə də İngiltərə çempionatında birdəfəlik çempionların sayı digər ölkələrdəkindən daha çoxdur. Bu müstəvidə də hazırda adı belə demək olar xatırlanmayan “Preston Nort End” klubunun öz tarixində İngiltərə kimi gülü çempionatı olan ölkədə gözlənilmədən çempion titulunu qazanmasını təsadüfi hesab etmək olmaz. Eyni sözləri tarixində ilk dəfə İngiltərə çempionu olan “Xaddersfild Taun” haqqında da demək olar.

İngiltərə çempionatının qalibləri arasında hazırda belə Premyer liqada çıxış edən “Bernli”, “Portsmut” kimi komandalara rast gəlmək mümkündür.

İngiltərə Premyer liqasında ən çox çempion olan ölkə “Mançester Yunayted” komandasıdır. “Mançester Yunayted” 20 dəfə ölkə çempionu olub. “Mançester Yunayted”dən sonra ən çox çempion olan “Liverpul”dur. “Liverpul 18 dəfə İngiltərə çempionatında qələbəni bayram edib. “Arsenal” isə cəmisi 13 dəfə ölkə çempionu titulunu qazana bilib. 1992-ci ildə İngiltərədə Premyer liqa təşkil edildi. O vaxtdan sonra yeni çempionlar ortaya çıxmayıb. Düzdür, 1995-ci ildə “Blekbern Rovers” ölkə çempionu ola bildi, ancaq növbəti mövsümdə o güclülər liqasını tərk etməyə məcbur oldu. Amma “Blekbern Rovers” öz tarixində 3 dəfə ölkə çempionu ola bilib.

İlk çempionlar

İngiltərə çempionatının ilk qaliblərindən biri “Preston Nort End” komandasıdır. Bu komanda 1880-ci ildə yaradılıb. “Preston Nort End” İngiltərənin ilk çemponatının qalibidir. 1889-1890-cı illlərdə də ölkə çemponu olmuş “Preston Nort End” 2 dəfə (1888-1889 və 1937-1938-ci illər) ölkə kubokunu alıb, superkubokda qələbəni bayram edib. Hazırda “Preston Nort End” Birinci liqada oynayır.

“Xaddersfild Taun”

“Xaddersfild Taun” 1908-ci ildə yaradılıb, 3 dəfə birinci divizionun qalibi olub. “Xaddersfild Taun” 1930-cu ildə Mançester Yunayted”ə 6:0, 1934-cü ildə isə “Liverpul”a 8:0 hesabı ilə qalib gəlib. “Xaddersfild Taun” hazırda ingiltərə Futbol liqasında oynayır.

Ümumiyyətlə götürdükdə isə İngiltərə çempionatında 4 komanda öz tarixində bir dəfə çempion olub.

“Şeffild Yunayted”

İngiltərə çempionatında bir dəfə çempionluq sevinci yaşayan komandalardan biri “Şeffild Yunayted” komandasıdır. “Şeffild Yunayted” 1889-cu il mart ayının 22-də yaradılıb. İngiltərə çempionatında çıxış edən “Şeffild Yunayted” öz heyətində ilk dəfə qaradərili qapıçı Artur Uorteni meydana buraxan klub kimi də tanınır. 1896-1897-ci il mövsümündə “Şeffild Yunayted” çempionatda 5-ci yeri tutdu. 1897-1898-ci illər mövsümündə isə həm ölkə çempionu oldu, həm də ölkə kubokunu qazandı. Amma sonrakı illərdə “Şeffild Yunayted” öz uğurunu təkrar edə bilmədi. Bununla belə bu komanda 1899, 1902, 1915 və 1925-ci illərdə İngiltərə kubokunu qazandı. 2006-2007-ci illər mövsümündə “Şeffild Yunayted” Premyer liqanı tərk etdi. 2010-2011-ci illərdə isə “Şeffild Yunayted” Çempionşipi də tərk etdi.

“Vest Bromviç Albion”

“Vest Bromviç Albion” komandası 1878-ci ildə Uest Bromic şəhərində yaradılıb. İlk vaxtlar komandanın adı “Vest Bromviç Strollerz” idi. 1880-ci ildən komanda “Vest Bromviç Albion” adlandırılmağa başlandı. “Vest Bromviç Albion” komandası ölkə çempionatlarında ən çox çıxış edən komandalardan biridir. Bu komanda 1919-1920-ci illər mövsümündə ölkə çempionu ola bildi. 1920-ci ildə “Vest Bromviç Albion” İngiltərə superkubokunu qazandı. Ümumiyyətlə, “Vest Bromviç Albion” 5 dəfə İngiltərə kubokunu qazanıb, 2 dəfə ölkə superkubokunda qələbəni bayram edib, 1965-1966-cı illr mövsümündə isə Futbol liqasının qalibi olub.

“İpsviç Taun”

İngiltərə çempionatında bir dəfə çempion olmaq sevincini yaşayan komandalardan biri də “İpsviç Taun”dur. “İpsviç Taun” 1878-ci ildə həvəskarlar klubu kimi yaradılıb və 1936-cı ildə peşəkar futbol klubu statusu alıb. “İpsviç Taun” İngiltərə çempionatının müxtəlif dəstələrində çıxış edib. Lakin məşhur futbol mütəxəssisi Alf Ramseyin komandaya baş məşqçi təyin edilməsindən sonra vəziyyət dəyişdi. Alf Ramseyin rəhbərliyi altında “İpsviç Taun” 1961-1962-ci illərdə İngiltərə çempionu olub. Həmin mövsümdə Çempionlar liqasında çıxış edən “İpsviç Taun” ilk oyunda “Floirana”ya qalib gəlsə də, növbəti oyunda “Milan”a məğlub olaraq mübarizəni dayandırdı. Alf Ramseyin İngiltərə yığmasına baş məşqçi təyin edilməsindən sonra komanda yenidən uğursuzlulqar zolağına düşdü. Ümumiyyətlə, “İpsviç Taun”bir dəfə İngiltərə kubokunu qazanıb. 1981-ci ildə isə “İpsviç Taun” UEFA kubokunda qalib gəlib. Bu mərhələdə “İpsviç Taun” “Aris”, “Boqemians Praqa”, “Vidzev”, “Sent-Etyen”, “Köln” və “Az Alkmaar” komandalarını məğlub etdi. Lakin növbəti mövsümdə “İpsviç Taun” uğurlarını təkrar edə bilmədi.

“Nottingem Forest”

İngiltərə çempionatında cəmisi bir dəfə qələbə qazanan komandalardan biri olan “Nottingem Forest” adı çəkilən ölkənin ən yaşlı komandalarından biri hesab edilir. “Nottingem Forest” 1865-ci ildə təsis edilib. Bu komanda 1892-ci ildən İngiltərənin güclülər dəstəsində çıxış etməyə başlayıb. 1886-cı ildə “Nottingem Forest” maddi vəziyyəti heç də ürəkaçan olmayan “Arsenal” futbol klubuna qırmızı futbolkalar hədiyyə etdi. Bundan sonra “Arsenal” məhz bu formada meydana çıxmağa başladı. 1898-ci ildə “Nottingem Forest” İngiltərə kubokunu qazandı. Amma XX əsrin böyük hissəsini “Nottingem Forest” ikinci dəstədə keçirdi. 1957-ci ildə yenidən güclülər dəstəsində çıxış etməyə başlayan “Nottingem Forest” bundan iki il sonra ikinci dəfə ölkə kubokunda qalib gəldi. 1972-ci ildə isə “Nottingem Forest” yenidən güclülər dəstəsini tərk etdi.

Ötən əsrin 70-ci illərində “Nottingem Forest” komandasına Brayan Klaf baş məşqçi təyin edildi. Onun gəlişindən sonra “Nottingem Forest” güclülər dəstəsinə qayıtdı və 1977-1978-ci illər mövsümündə ölkə çempionu oldu. 1979-cu il mövsümündə “Nottingem Forest” çempionlar liqasında qələbəni bayram etdi. “Nottingem Forest” 2 dəfə İngiltərə kubokunu, 4 dəfə Futbol liqasının kubokunu alıb, 1979 və 1980-cı illərdə Avropa çempionları kubokunda ardıcıl iki dəfə qalib gəlmə sevinclərini yaşayıb. 1980-ci ildə həmçinin “Nottingem Forest” Qitələrarası kubokun və UEFA superkubokunun qalibi olub. “Nottingem Forest” İngiltərə futboluna Martin Onil, İngiltərə yığmasında ən çox oyun keçirən Piter Şilton, Trevor Frensis kimi ulduz futbolçular bəxş edib.

Klafın gedişindən sonra 1993-cü ildə “Nottingem Forest” yenidən uğursuzluq zolağına düşdü. Hazırda komanda Çempionşipdə çıxış edir.

Əziz Mustafa