cümə, 29 mart 2024

SARI KART

“Daha yaxşı oynayan komanda hər zaman qalib gəlmir”

18.05.2016 10:24 Oxundu 6426

Bir nəfər Sumqayıt şəhərini gəzib-dolaşandan sonra futbol azarkeşi kimi tanınan dostuna deyir:

- Sumqayıt gənclik şəhəridir...

- Məncə, yox, - deyə azarkeş dostu dillənir.

- Niyə belə düşünürsən?

- Çünki “Sumqayıt” futbol komandasının dərdi onu artıq qocaldıb.

Çatışmazlıq

AFFA-nın vitse-prezidenti Rauf Əliyevdən soruşurlar:

- Sizcə, bizim futbolda nə çatışmır?

- Milli ruh, - deyə o cavab verir.

PREMYER LiQA BAYATILARI

Topaz Premyer Liqasında XXXV turundan kadrlar: “Rəvan” - “Qarabağ” 2:1, “Xəzər Lənkəran” - “Sumqayıt” 1:2, “Neftçi” - “İnter” 4:2,

“Zirə” - “Kəpəz” 2:2, “Qəbələ” - AZAL 2:0,

“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov:

Boşaldım, gah tutuldum

Hərdən özmü unutdum.

Mən sonuncu pillədən

Nəhayət ki, qurtuldum.

“Qarabağ”ın baş məşqçisi

Qurban Qurbanov:

Sükut çökdü dünyama.

Nə deyim bu röyama?

Autsayder qoydu son

Qələbə seriyama.

“Xəzər Lənkəran”ın baş məşqçisi

Ağadadaş Həmidov

Göy üzü kilim-kilim

Xalına çatmır əlim

Bu mövsüm “Lənkəran”ın

Bəxti gətirmir neylim?

“Sumqayıt”ın baş məşqçisi

Samir Abasov:

Gəzib arxa dolandım

Sap tək çarxa dolandım.

Baş məşqçi olandan

Qorxa-qorxa dolandım.

“Neftçi”nin baş məşqçisi Vəli Qasımov:

Nalə çəkdim ah tutdum,

Vallah, hərdən od tutdum

Elə bir dərdli gördüm

Öz dərdimi unutdum.

“İnter”in baş məşqçisi Zaur Svanadze:

Ay gəldi keçdi ildən,

Sular bulandı lildən.

O qədər yalvardım ki,

Axır düşdüm mən dildən.

.

“Zirə”nin baş məşqçisi Adil Şükürov:

Gerçək oldu xəyalım,

Tez parladı hilalım.

Mən debütant olsam da,

Gümüş oldu medalım.

“Kəpəz”in baş məşqçisi

Şahin Diniyev:

Zəhmət çəkib bir belə

Dedik xoş olsun elə.

Amma son dəqiqədə

Əldən çıxdı qələbə.

“Qəbələ”nin baş məşqçisi

Roman Qriqorçuk:

Bu fikir, bu düşüncə

Yanıltmaz bizi məncə

Biz sahib olarıq

İnşallah, bürüncə.

AZALın baş məşqçisi Tərlan Əhmədov:

Aşıq dolandı bəndi,

Gəzdi mahalı, kəndi.

Dedi ki, sənin yerin

Olacaq elə yeddi.

“Başqa şəhərlərdə olmamısan?

Yeni ailə qurmuş bir boksçu həyat yoldaşına öz keçmişindən danışır. Və tez-tez nokauta və nokdaunda düşdüyündən söz açır. Bir qədərdən sonra həyat yoldaşı ona deyir:

- Məgər sən Nokaut və Nokdaundan başqa şəhərlərdə olmamısan?