çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Roman Qriqorçuk: “Qəbələ” üçün çox yaxşı mövsüm keçdi"

24.04.2017 18:19 Oxundu 1575

Topaz Premyer Liqasının XXVII turunun “Qəbələ” – “İnter” oyunundan (4:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Topaz Premyer Liqasında çempionluq üçün bir çox amillərdə üstün olmaq lazımdır. Təəssüf ki, qalib gəlməli olduğumuz bir çox matçlarda heç-heçə edib, xallar itirdik. Bu, çempion olmamağımızın səbəblərindən biri idi. Hər matçda onlarla qol imkanları yaratsaq da, yararlana bilmədik. “Qəbələ” üçün çox yaxşı mövsüm keçdi. UEFA Avropa Liqasında uğurla çıxış etdik, çempionatda da yaxşı oyunlar göstərdik. Komanda çox yaxşı futbol nümayiş etdirir. Üstün səviyyədə keçirdiyimiz xeyli sayda matçlar oldu. Bu gün qələbə qazansaq da, səhvlərə yol verdik. Premyer Liqa 28 turdan ibarətdir. Biz də bütün çempionatı təhlil edirik. Başqa komandalarla da çempion olmuşam. Amma onlarda bu qədər qol imkanı yaratmırdıq. Orda az qol şansı yaradaraq, çempion olmuşuq. Çempionluq üçün həmişə qalib gəlməlisən”.

Roman Qriqorçuk mayın 5-də keçiriləcək Azərbaycan kubokunun final matçı haqda da fikirlərini bildirib: “Təcrübə göstərir ki, kubok oyunlarının özünəməxsusluğu var. Burda favorit olmur. Bilirik ki, şansımız var. Kuboku qazanmaq üçün mübarizə aparacağıq. Rəqibdən üstün olmağa çalışacağıq. Kuboku qazansaq, “Qəbələ” üçün böyük nəticə olar”.