şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

Yoahim Löv "Real"ın sükanı arxasına keçə bilər

25.04.2017 10:27 Oxundu 1750

Futbol üzrə Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv yayda İspaniya "Real Madrid"inin sükanı arxasına keçə bilər.

"report"un AS nəşrinə istinadən məlumatına görə, bu, "kral klubu"nun hazırkı baş məşqçi Zinəddin Zidanın rəhbərliyi altında heç bir titul əldə edə bilməyəcəyi təqdirdə baş verəcək. Madrid təmsilçisinin rəhbərliyi Antonio Konte ("Çelsi") və Maurisio Poçettinonun ("Tottenhem") da namizədliklərini nəzərdən keçirir.

Hazırda "Real Madrid" La Liqada "Barselona" ilə ilk 2 pilləni bölüşür. Amma Zidanın komandası bir oyun az keçirib. Çempionlar Liqasında isə "kral klubu" "Atletiko" ilə yarımfinalda üz-üzə gələcək. Lövə gəldikdə, Almaniya Futbol İttifaqı 2016-cı ilin payızında onunla müqaviləni daha 4 il uzadıb.

Qeyd edək ki, Almaniya yığması 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb. İki komanda arasında martın 26-da Bakıda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 4:1. İddialar özünü doğrultsa, Almaniya yığması oktyabrın 8-də Kayzerslauterndə baş tutacaq qarşılaşmaya yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq.