cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

İkinci “G2” kateqoriyalı yarışda ölkəmizi 35 idmançı təmsil edəcək

25.04.2017 16:57 Oxundu 1605

Yunanıstanın paytaxtı Afinada Dünya Taekvando Federasiyasının “Prezident kuboku” beynəlxalq yarışı keçiriləcək. Aprelin 27-də start veriləcək turnir dörd gün davam edəcək. Əlli bir ölkədən 2 min 182 taekvandoçunun iştirak edəcəyi yarışa Azərbaycan millisi də qatılacaq. İkinci “G2” kateqoriyalı yarışda ölkəmizi 35 idmançı təmsil edəcək.

Böyüklərdən ibarət yığmamızın heyətində Qaşım Maqomedov (54 kq), Fizam Mehdiyev (58 kq), Məmmədalı Quliyev (63 kq), Məhəmməd Məmmədov (63 kq), Sina Bahrami (68 kq), Ayxan Tağızadə (68 kq), Əliəsgər Əliyev (74 kq), Səid Quliyev (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq), Payam Qobadi Oğaz (87 kq), Radik İsayev (87 kiloqramdan yuxarı), Paniz Esmaeilpour (46 kq), Gülhanım Yeşildağ (49 kq), Patimat Abakarova (53 kq), Yaprak Eriş (57 kq), Daria Şkurko (62 kq) və Fəridə Əzizova (67 kq) yer alıblar.

Yarışda gənclərdən ibarət millimiz Xanoğlan Kərimov (45 kq), Ayaz Qənbərli (51 kq), Əbülfət Zülfüqarov (55 kq), Qasım Aslanov (59 kq), Cavad Ağayev (63 kq), Niyaz Zülfüqarlı (63 kq), Mirvari Qənbərli (42 kq) və Mehriban Məmmədova (44 kq) ilə təmsil olunacaq.

Turnirdə yeniyetmələrdən ibarət komandamızın şərəfini Nihad Əlizadə (33 kq), Riyad Şirəliyev (37 kq), İsmayıl İsmayılov (41 kq), Pərviz İsgəndərov (45 kq), Hüseyn Abdullazadə (49 kq), Aysu Məmmədova (37 kq), Ofeliya Allahverdiyeva (41 kq), Aylin Eynullayeva (47 kq) və İlahə Quluzadə (59 kq) qoruyacaqlar.

Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin, eləcə də baş məşqçilər və böyük məşqçilərin rəhbərliyi ilə bu gün turnirə yollanan millimiz mayın 1-də Vətənə qayıdacaq.

Beynəlxalq yarışda mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya qazanmış olacaqlar.

Qeyd edək ki, bu il yeniyetmələr arasında Avropa birinciliyi Macarıstanda, gənclər arasında qitə birinciliyi Kiprdə olacaq. Böyüklər arasında Olimpiya çəki dərəcələrində Avropa çempionatı isə Belarusda təşkil ediləcək.