cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

"Raytoraldan əvvəl də çox sayda idmançı problemin həllini özünü öldürməkdə görüb"

25.04.2017 17:22 Oxundu 1630

“Qaziantepspor” klubunun futbolçusu Frantişek Raytoralın intiharı bütün dünyanın gündəmindən düşmür. "apasport"xəbər verir ki, bu hadisədən sonra idmançıların özlərini öldürmələri faktlarının artmasından narahatlıq keçirən aidiyyəti qurumlar bunu araşdırmağa başlayıblar.

Çexiyalı futbolçunun “xroniki yorğunluq sindromu” (XYS) ilə mübarizə apardığı bildirilib. Tibb alimləri peşəkar idmançıların son vaxtlar tez-tez qarşılaşdıqları psixoloji problem hesab edilən XYS-nin xəstəlik olmadığını söyləyiblər. Alimlər ən böyük səhvin bunun xəstəlik kimi qəbul edilməsində görürlər. Halbuki həkimlər bunu müəyyən edə bilsələr, aradan qaldırılması çox asandı. Ancaq bunu müəyyən etmək də bir o qədər çətindi.

Raytoralın ölümündən sonra çexiyalı idmançıların tez-tez intihara cəhd etmələrini ön plana çəkən yerli mətbuat artıq buna bir çarə tapılmalı olduğunu qeyd edib. Çünki Raytoraldan əvvəl də bu ölkənin çox sayda idmançısı üzləşdiyi problemin həllini özünü öldürməkdə görüb.

İntihar edən çexiyalı idmançılar

Vladimir Podzimek

Çexiyalı kayakçı ailəsində yaranan problemlər ucbatından 29 yaşında özünü asıb.

Yaroslav Huleş

Tanınmış motosikletçi Huleş dünya çempionu Valentino Rossini qabaqlayan tək-tük yarışçılardan biri olub. Ancaq tez-tez zədələnməsi onu depressiyaya salıb. Nəticədə idmançı 29 yaşında özünü asaraq, həyatına son qoyub.

Milan Kadleç

Çexiyalı atlet alkoqol düşkünü olub. Hər şey 1992-ci ildə keçirilən Olimpiada ilə başlayıb. Həmin yarışdakı uğursuz çıxışın ardından bədbəxt hadisələr bir-birini əvəz edincə, Kadleç çarəni intiharda görüb.

Pavel Kabrt

Öz dövrünün ən güclü xokkeyçilərindən sayılan Kabrt tibbə məlum olmayan xəstəlikdən əziyyət çəkib. Bağırsaqlarındakı problemlərə “xroniki yorğunluq sindromu” da əlavə edilincə idmançı intihar etmək qərarına gəlib. Bir meşədə özünü asan Kabrt geridə hüznlü bir ailə qoyub.

Frantişek Yakubeç

Ötən əsrin 70-ci və 80-ci illərinin məşhur futbolçularından olan Yakubeç parlaq karyerasının ardından həyatını nizama sala bilməyib. Bir müddət taksi sürücüsü işləyən sabiq futbolçu psixoloji problemlərə yenilərək intihar edib.

Mixal Ploçek

Ölkəsinin gələcək vəd edən idmançıları arasında göstərilən kanoeçi intihar edəndə 22 yaşında olub. Həyətində asılı vəziyyətdə tapılan Ploçekin anasının ölümündən sonra depressiyaya düşdüyü bildirilib.

Martin Barbarik

90-cı illərdə “Slovan”ın formasını geyinmiş sabiq futbolçunun həyat yoldaşı ilə problemləri olub. Aralarında yaranmış bir mübahisə vaxtı silahla əvvəlcə həyat yoldaşını, ardından isə özünü vurub.

İntihar edən futbolçular

Hyui Ferqyuson

Ötən əsrin 20-ci illərində futbol oynamış şotlandiyalı ən faciəvi intiharlardan birinə əl atıb. 34 yaşında “Dandi”də çıxış etdiyi vaxt evində qazı açaraq, özünü boğub. Ferqyusonda heç cür çarəsi tapılmayan beyin şişi olduğu və buna dözmədiyi üçün həyatına son verdiyi açıqlanmışdı.

Tommi Maklaren

Daha bir şotlandiyalı futbolçu 1967-77-ci illərdə 300-dən çox matçda formasını geyindiyi “Port Vale” klubundan göndərildikdən sonra depressiyaya düşüb və 29 yaşında intihar edib.

Deyv Klemen

İngiltərəli müdafiəçinin 34 yaşında “Uimbldon”un heyətində meydana çıxdığı bir matçda ayağı qırılıb. Heç cür sağalmayan və karyerasının bitdiyini düşünməyə başlayan futbolçu 1982-ci ildə həddindən artıq dozada dərman qəbul edərək ölüb.

Robert Enke

Karyerasında Almaniya millisinə qədər irəliləyən sabiq qapıçı şəxsi həyatını heç cür qaydaya sala bilməyib. Xəstəlikdən əziyyət çəkən qızı Laranın ölümündən sonra toparlana bilməyən Enke özünü Brenemdən Hannoverə gedən qatarın önünə ataraq, intihar edib.

Ramiro Kastilyo

Boliviya millisinin sabiq yarımmüdafiəçisi də almaniyalı Robert Enke kimi, övladı vəfat etdikdən sonra həyata tutuna bilməyib və 31 yaşında özünü asıb. Ölümünün ardından Kastilyonun uzun müddət depressiyada olduğu və müalicə aldığı açıqlanıb.

Yannas Koskiniastis

Yunanıstanın 3-cü liqasında çıxış edən “Diaqoras” klubunun üzvü heyətə salınmadığı üçün həyatına son qoyub. O, kürəyinə “heyətdən kənarda qalmağım böyük haqsızlıqdı, buna dözə bilmərəm” yazaraq, 12 metrlik uçurumdan tullanıb.

Mənbə: "Sabah" qəzeti