cümə axşamı, 25 aprel 2024

BOKS

"Komandanın hər bir üzvü çempionluğa iddialıdır"

06.05.2017 14:58 Oxundu 5006

Azərbaycan millisinin boksçusu Teymur Məmmədov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı fikirlərini açıqlayıb. 91 çəki dərəcəsində rinqə çıxacaq 24 yaşlı idmançı mayın 12-22-də baş tutacaq yarışa hazırlığını dəyərləndirib: “Təlim-məşq toplanışımız çox yüksək səviyyədə davam edir. Güclü məşqlər keçirik. Qəbələdə fiziki çalışmaları başa vurduqdan sonra Bakıda sınaq döyüşlərində də təcrübəmizi artırırıq. Hiss edirəm ki, mən və komanda yoldaşlarım ən yaxşı formamamıza çatırıq”.

Avropa Oyunlarının və qitə çempionatının qalibi Bakı-2017-dəki hədəflərindən də danışıb. O bildirib ki, komandanın hər bir üzvü çempionluğa iddialıdır: “Düşərgəmizdə yüksək ab-hava hökm sürür. Hər birimiz İslam Həmrəyliyi Oyunlarına köklənmişik. Düzü, mən və digər boksçular qızıl medaldan başqa heç nə haqda düşünmürük. Hər birimizin məqsədi çempion olmaqdır. İslamiadada ikinci və ya üçüncü yerlər barədə fikirləşmirik. Məncə, yaxşı mübarizə aparsaq, 10 çəkinin hamısında birinci yeri tutmaq gücündəyik”.

Olimpiya Oyunlarının və dünya çempionatının mükafatçısının sözlərinə görə, Avropa Oyunlarında olduğu kimi İslam Həmrəyliyi Oyunlarında da yarışın ən güclü yığması adını qazanmağı hədəfləyiblər.

Bakıya gələcək yığmaların heyəti açıqlanmadığından T. Məmmədov da rəqibləri haqda fikri bildirməyin tez olduğunu qeyd edib: “Rəqiblər barədə hələ dəqiq nəsə deyə bilməyəcəm. Bakıya gələcək yığmalar məlumdur. Amma həmin ölkələrin bir və ya iki nömrə ilə yarışa qatılacağı barədə məlumatım yoxdur”.