çərşənbə, 22 noyabr 2017

Menu

çərşənbə, 22 noyabr 2017

GÜLƏŞ

İslamiada: "Bizim üçün hər bir yarış önəmlidir"

21.05.2017 09:52

IV İslam Həmrəyliyi Oyunlarında qarşıya qoyulan hədəfə tam nail olduq. Hazırlığımız, təlim-məşq prosesimiz yüksək səviyyədə keçmişdi. Ölkəmizdə belə beynəlxalq yarışın təşkil olunması idmançılarımızın üzərinə böyük məsuliyyət qoyurdu.

Bu sözləri sərbəst güləş üzrə yığma komandamızın baş məşqçisi Firdovsi Umudov söyləyib.

Komandada gənc idmançılara üstünlük verildiyini bildirən baş məşqçi deyib: “Bəzi güləşçilərimiz finala qədər özlərini doğrultdular. Lakin finalda müəyyən çatışmazlıqlar oldu. 70 kiloqramda güləşən Murtuzəli Müslümovdan belə çıxış gözləmirdik. O, istədiyi kimi mübarizə apara bilmədi. Buna baxmayaraq, gümüş medala yiyələndi. Cəbrayıl Həsənovun da çıxışı alınmadı. Digər görüşlərdə təcrübəli güləşçilərimiz Hacı Əliyev, Şərif Şərifov, Nurməhəmməd Hacıyev öz sözlərini dedilər. 97 kiloqram çəki dərəcəsində mübarizə aparan Nurməhəmməd Hacıyev özünü çox yaxşı göstərdi. O, bu çəki dərəcəsində yerini möhkəmləndirdi. 2020-ci ildə Tokioda təşkil olunacaq Yay Olimpiadasına heyəti müəyyənləşdirərkən onu da nəzərdən keçirəcəyik. İlin əvvəlində dünya kubokunda komandamız 3-cü yeri tutmuşdu. Daha sonra Avropa çempionatında 2-ci yeri əldə etməyimiz bu oyunlarda da nəticələrimizin yüksək olacağını deməyə əsas verirdi. 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazandıq. Bu, gözlədiyimizdən də yaxşı nəticədir. Düzdür, çatışmazlıqlarımız da var, onun üzərində işləyəcəyik. Bizim üçün hər bir yarış önəmlidir. Bundan sonra əsas diqqətimiz Tokio Olimpiadasına yönələcək”.

Prezident İlham Əliyevin ailə üzvləri ilə yarışları izləməsinin güləşçilərimizə əlavə güc verdiyini bildirən F.Umudov qeyd edib ki, Azərbaycan idman ölkəsidir. Respublikamızda idmana böyük diqqət və qayğı göstərilir. Güləşçilərimiz də onlar üçün yaradılan bu şəraitdən istifadə edərək, yeni-yeni zəfərlərə imza atırlar.

Oxundu: 616

© 2017 - NSPSOLUTIONS