çərşənbə axşamı, 19 mart 2024

ŞAHMAT

Şəhriyar Məmmədyarov Qran-pri yarışlarının ikinci mərhələsində vitse-çempion olub

22.05.2017 17:05 Oxundu 4695

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Moskvada şahmat üzrə Qran-pri yarışlarının ikinci mərhələsində vitse-çempion olub. Yarışın yekunlarına görə Şəhriyar 9 mümkün xaldan 5,5 xal toplayıb. Çin nümayəndəsi Din Lijen 6 xal toplayaraq turnirin qalibi olub.

Seriyanın Moskva mərhələsinin turnir cədvəlində 3-9-cu yerləri Maksim Vaşye-Laqrav (Fransa), İkaru Nakamura (ABŞ), Aniş Giri (Hollandiya), Pyotr Svidler, Aleksandr Qrişşuk (hər ikisi – Rusiya), Teymur Rəcəbov (Azərbaycan) və Hou İfan (Çin) bölüşdürüblər.

Seriyanın iki dövrəsinin yekunlarına görə (birinci dövrə fevral ayında Ərəb Əmrliklərinin Şarcə şəhərində keçirilib) qrossmeyster Şəhriyar Məmmədyarov 280 bal ilə liderdir. Din Lijen (240 bal) və Aleksandr Qrişşuk (211,4 bal) müvafiq sürətdə ikinci və üçüncü yerləri tutur.

Qrossmeysterlərin mübarizəsi Cenevrədə davam edəcək. Qran-prinin 3-cü mərhələsi iyulun 6-dan 15-dək bu şəhərdə keçiriləcək. Sonuncu turun bu il noyabrın 16-dan 25-dək Estoniyanın Palma-de-Mayorka şəhərində keçirilməsi nəzərdə tutulub. Seriyanın yekunlarına əsasən iki qalib müəyyən ediləcək. Onlar 2018-ci ildə iddiaçıların turnirində çıxış edəcək və hazırkı dünya çempionu Maqnus Karlsenlə qarşılaşma hüququ uğrunda mübarizə aparacaqlar.