şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

“Xəzər Lənkəran”sız çempionat olmaz”

18.05.2016 10:27 Oxundu 2790

Komissiya klubların lisenziyalaşdırılması üzrə qaydalara əsaslanaraq, elita təmsilçilərindən “Xəzər Lənkəran” və “Rəvan”a növbəti mövsümdə oynamaq hüququ verməyib. Komissiya bu 2 klubla birlikdə I divizion təmsilçilərinə də güzəşt edərək, 14 gün əlavə vaxt verib. Əgər “Xəzər Lənkəran”la “Rəvan”a lisenziya verilməsə, gələn mövsüm çempionatda 8 komanda mübarizə aparacaq. Bu məsələlərlə bağlı tanınmış idman xadimlərimizə iki sualla müraciət etdik.

1. “Xəzər Lənkəran”sız Premyer Liqa necə olacaq?

2. Azərbaycan kimi ölkədə 8 komandalı çempionat nəticə verəcəkmi?

Ağasəlim Mircavadov

1. Bilirsinizmi, bu, “necə olacaq?” birmənalı deyil. Biz bölgə komandalarımızı bir-bir itirsək, onda necə olacaq? Bu səbəbdən danışaq gərək. Əlbəttə, açıq deyirəm ki, bu pis əlamətdir. Çünki cənub bölgəsində həmişə futbol olub və olmalıdır da. İndi məlum səbəblərdən problemlər var. İnanıram ki, bu klub əsas çempionatda iştirak edəcək.

2. Sözsüz ki, bizim çempionatda 8 komandanın olması çox azdır. Çempionat nə üçün keçirilir? Ona görə ki, oradan yığmaya oyunçu seçilsin. Əgər 8 komanda varsa, hərəsindən yığma üçün 3 nəfər futbolçu gəlsə, bu, 24 nəfər edir. Amma 10 klub olsa, 30 futbolçu olar, 12 olsa, 36 olar. Komandalar çoxaldıqca milli üçün futbolçu seçimində də rəqabət yaranar. Çempionatda iştirak edən komandaların sayı çox önəmlidir. Həm də təkcə əsas milli üçün yox, U-21, U-19 yığmalarımız üçün də yaxşı futbolçular üzə çıxır.

Biz o vaxt ilk çempionata 16 komanda ilə başlamışdıq. Get-gedə klublarımızın sayı azaldı. Bu çox pis əlamətdir. Amma bir şeyi də yaddan çıxarmaq lazım deyil ki, klublara sərmayə qoyulmalıdır. Sərmayəsiz klub heç nədir. Biz yaxşı futbol istəyiriksə, komandalara sərmayə olmalıdır. Mən “Xəzər Lənkəran”da çalışdığım vaxtlarda 7 komanda çempionluq uğrunda mübarizə aparırdı. Bu il isə iki komanda birinci olmaq üçün çalışırdı. O da ki, baxanda “Qarabağ”ın xal fərqi çox idi. Məlum idi ki, “Qarabağ” çempion olacaq.

Vaqif Sadıqov

1. Gəlin tələsməyək, hələ “Xəzər Lənkəran” çempionatdan xaric olunmayıb. Düşünürəm ki, cənub klubu həmişə çempionata rəng qatan kollektiv olub, bu, belə də davam edəcək. Bu gün də bu, belədir. Baxmayaraq ki, vəziyyəti yaxşı deyil, amma Lənkəran komandası həmişə yaxşı olub. Hesab edirəm ki, biz hamımız çalışmalıyıq ki, Lənkəran klubu çempionatda olsun. “Xəzər Lənkəran” fəaliyyətini davam etdirməlidir.

2. Biz hər şeyi təhlil edəndən sonra bu haqda danışa bilərik. Əgər qərar qəbul olunmayıbsa, 8 komandalı çempionat olmayıbsa, qabaqcadan nə isə demək düzgün olmaz. Ancaq hər bir məqama hazır olmaq lazımdır. Hər bir işdə dəqiq təhlil aparıb, qərar vermək çox vacibdir. Tələsməməliyik, məncə, hər şey öz qaydasında olacaq. Biz güclü çempionatın şahidi olacağıq. Bizim köklü klubarımız da fəaliyyətini davam etdirəcək.

Böyükağa Hacıyev

1. Sözsüz, pis olacaq. “Xəzər Lənkəran” çempionatda olmalıdır. Yoxsa çempionatımızda maraq olmaz. Çempionatın ən maraqlı komandalarından biridir “Xəzər Lənkəran”.

2. Azərbaycanda 8 komandalı çempionat olmayacaq, bizdə elə çempionat ola bilməz. Ən azı 10 komanda Premyer Liqada iştirak edəcək.

Arif Əsədov

1. Əlbəttə, mənim fikrimcə “Xəzər Lənkəran”sız çempionat maraqsız olacaq. Əgər “Xəzər Lənkəran” Premyer Liqada iştirak etməsə, intriqasız çempionat olar. Bu komanda son vaxtlarda öz gücünü itirsə də, yenə də bizim bölgə komandamzdır. Biz əgər çalışırıqsa bölgələrdə futbol olsun, onda “Xəzər Lənkəran”ı itirməməliyik.

2. Mən inanmıram ki, çempionatda 8 komanda olsun. Əlbəttə, bu futbolçulara oyun baxımından yaxşı təsir etməyəcək. Əksinə, nə qədər çox oyun olsa, futbolçulara və milliyə o qədər xeyri olacaq. 8 klublu çempionat olsa, yaxşı olmayacaq, nəticə verməyəcək. Klublarda büdcələr az ola bilər, amma orta büdcəli komandaların sayı çox olmalıdır. Bizdə 3-4 komandanın büdcəsi yaxşıdır, qalanlarının zəifdir. Elə eləmək lazımdır ki, orta büdcəli komandalar da olsun.

Vladislav Qədirov

1. Mən buna pis baxıram. “Xəzər Lənkəran” çempionatda olmasa, yaxşı olmayacaq. Böyük oyun dediyimiz qarşılaşmalar baş tutmayacaq. Biz futbolumuzun inkişafını istəyiriksə, bölgə futboluna diqqət eləməliyik.

2. Sözsüz ki, nəticə verməyəcək. Futbolçulara, klublara yaxşı olmayacaq. Bunun üçün çalışmaq lazımdır, çempionatda iştirak edən klubların sayı çox olsun. Bu həm də milli komadandamıza mənfi təsir edər.

Tahir Süleymanov

1. Təbii ki, “Xəzər Lənkəran”sız çempionat yaxşı olmayacaq. Mən bunu təsəvvür etmirəm. Nəinki “Xəzər Lənkəran”ın, vaxtilə “Şəmkir”, “Turan”, “Kəpəz” və digər region klublarının çempiopnatda iştirak etməməsi yaxşı hal deyil. Regionlarda futbol üçün şəraitdən danışılır, işlər görülür, ona görə ki, futbol inkişaf eləsin. Futbolu bölgələrə daşımaq və cənub klubunu qoruyub saxlamaq lazımdır. Çox təəssüf ki, “Qarabağ”, “Neftçi” və “Qəbələ”dən başqa heç bir klub avroliqanın qruplarında iştirak edə bilməyib. Ona görə onun tərəfdarıyam ki, yeni bir sistemin formalaşması üçün futbola cavabdeh şəxslər məsələni müzakirə edib çıxış yolu axtararaq, nə qədər uğursuzluqlar olubsa da, bundan sonranı düşünmək lazımdır. İndi problem “Xəzər Lənkəran”a gəlib çatıb, amma son 10 ildə bu proses davam edirdi, klublar dağılırdı. Ümumiyyətlə, bu sistemin ölkə futbolunda düzgün olmamasının nəticəsi idi.

2. Bu ümumi ölkə futbolunun inkişafına təsir edir. Yeri gəlmişkən, 1992-ci ildə müharibənin qızğın vaxtında bölgələrdə futbol olurdu, 10 minlərlə azarkeş yığılırdı. Amma indi... hər şərait var, inkişaf, futbola qayğı var. 2004-2005 mövsümündə ölkə çempionatında 18 komanda iştirak edirdi. Bu komandaların 10-u bölgəni təmsil edirdi. Bir daha vurğulayıram, bütün bunlara kompleks yanaşılmalıdır. Bu proseslər Azərbaycan futbolunu məhvə aparır. Bunun qarşısı alınmalıdır.

Rasim Məmmədli