çərşənbə axşamı, 21 noyabr 2017

Menu

çərşənbə axşamı, 21 noyabr 2017

MÜSAHIBƏ

"Futbolun oyatdığı emosiyaların yerini heç nə vermir"

25.05.2017 07:21

"Manchester United"in yarımmüdafiəçisi Xuan Mata İspaniya mətbuatının suallarını cavablandırıb.

- Sən özünü adi insan adlandırırsız. Bu, təvazökarlıqdan irəli gəlir?

- Məni necə tərbiyə ediblərsə, eləyəm. Eyni zamanda "Manchester United"in şərəfini qoruyan futbolçuyam. Nail olduqlarıma görə sevinirəm. Amma həmişə istəmişəm ki, həyatıma və futbolda vəziyyət normal olsun. Ətrafdakılara hörmət etməmək olmaz. İnsanlıq göstərmək lazımdır.

- Muzeylərə gedir, kitab oxuyur və sosial problemlərlə maraqlanırsınız. Bunlar bir futbolçu üçün adi şeylərdir?

- Özümü qeyri-adi görmürəm. Oxşar naturada və maraqları olan futbolçular kifayət qədərdir. Bizim meydanda fəaliyyətimiz aydın görsənir. Amma futbolkanı daşıyanın kimliyini bilmək asan deyil. Əlbəttə, müsbət olmayan məsələlər də ortaya çıxa bilər.

- Sizi "Chelsea"dən göndərən Mourinyo ilə münasibətiniz "Manchester United"də necə dəyişdi?

- Klub, heyət, oyun tərzi - ümumilikdə şərait dəyişdi. Onunla heç vaxt pis münasibətim, mübahisəm olmamışdı. İndi də normal münasibət saxlayırıq. Sadəcə olaraq, "Chelsea"də Joze oyunu sərt, ciddi tərzdə qurmaq istəyirdi. "United"də isə mənim xarakterimə uyğun futbolçular daha çoxdur. Biz ikimiz də əvvəlki insanlarıq, dəyişməmişik.

- Sizə görə, ideal məşqçi necə olmalıdır?

- O, yaxşı və pis anlarda lider olaraq qalmalıdır. Oyunçunun ən yaxşı cəhətlərini ortaya çıxarmağı bacarmalıdır. Fərqli insanlara rəhbərlik etmək taktiki və fiziki aspetklərlə eyni dərəcədə əhəmiyyət daşıyır. Futbolçuları motivasiya etmək bacarığı, onlarla pozitiv yöndə əlaqə qurmaq vacibdir. İnsan özünü rahat hiss edəndə özünü daha parlaq göstərə bilir. Bu, tək futbolda yox, bütün sahələrdə müşahidə olunan tendensiyadır.

- Komanda yoldaşları ilə dostluq qurmaq asandır?

- Heç də yox. 15 fərqli milliyyətdən olan 25 insanla birlikdə yaşayırsan. Hamısı da meydana çıxmağa can atır. Burdan sabit rəqabət hissi yaranır. Amma əsl dostlarım var. Kolletivdə tədricən qarşılıqlı mehriban münasibətlər ortaya çıxır.

- Gənc futbol ulduzları zəngin və məşhurdur. Burda eqoist necə olmayasan...

- Mühit olduqca əhəmiyyətlidir. Həqiqəti üzünə deyən insanlara qulaq asmaq, realist olmaq lazımdır. Həmişə eşitmək istədiyini deyəndə işin sonu yaxı olmur. Bəli, özün haqqında pis söz eşidə bilərsən. Lakin bunun da faydası var, ibrət götürürsən.

- Amma zəngin olanda gənc yaşlarından hər şeyin olmasına öyrəşirsən.

- Sahib olduqlarından istifadə etməyi bacarmalısan. Əks halda, karyeranı bitirəndən sonra çətinliklər olacaq. buna hazır olmaq lazımdır. İspaniya millisinin düşərgəsinə son dəfə gedəndə bizə bir film göstərdilər. Orda keçmiş futbolçular karyeralarını başa vurandan sonra cəmiyyət üçün faydalı olmaq səylərindən danışırdılar. Puldan düzgün istifadə etmək işin yarısıdır. Həyatda özünü tapmalısan.

- Xeyriyyə işlərində tez-tez iştirak edirsiniz. Nə qədər insan bunda sizə kömək etmək istəyib?

- Çox olub. Amma hamısına "yox" demişəm. Əvvəllər düşünürdüm ki, bu insanları xeyirxah işlər maraqlandırır. Sonra gördüm ki, məndən reklam xatirinə istifadə etməyə çalışırlar. Öz dəyərlərimə sadiqəm. Başqalarına kömək edəndə özümü rahat hiss edirəm.

- Bəzi məşhurlar imic, vergi güzəştləri xatirinə xeyriyyə işlərinə əl atırlar...

- Hər kəs istədiyini düşünə bilər. Mən köməyin səmimi olmasına inanıram. Hazırda bir layihədə iştirak edirəm. Bunun sayəsində 5 qitədə 2 milyondan çox uşaq futbol vasitəsilə maddi kömək alırlar. futbolu təkcə idman növü deyil, birləşdrici qüvvə kimi anlamaq lazımdır. Futbol və musiqi kimi insanları birləşdirən ikinci vasitə yoxdur. Bacımla birlikdə Efiopiyada yaşaan uşaqları dəstəkləmək üçün futbolka buraxırıq.

- Bacınız da bu işlərə qoşulur?

- O, əsl ulduzdur. Bacım rəqabətdən çox, birliyə inanır. Paula insanlara kömək etmək məqsədilə dünyanın yarısını gəzib. Söhbət ifrat yoxsulluğun hökm sürdüyü, qadınların zorakılığa məruz qaldılğı ölkələrdən gedir.

- Yenə də, bu məsələdə kumir sizsiz....

- Xorxe Valdano deyirdi ki, futbol ən ucadadır. Həqiqətən, belədir. Futbolun oyatdığı emosiyaların yerini heç nə vermir. Komandanın qələbə və ya məğlubiyyəti əhvalına, yoldaşınla münasibətinə təsir edir. Amma xəstələri sağaldan həkimlər, dərman hazırlayan alimlər, başqalarına görə həyatını riskə atanlar da alqışa layiqdir.

Goal.az

Oxundu: 426

© 2017 - NSPSOLUTIONS