çərşənbə axşamı, 19 mart 2024

ŞAHMAT

Teymur Rəcəbov :"Mən də birinci olmaq niyyətimdən heç vaxt əl çəkməyəcəyəm"

25.05.2017 11:55 Oxundu 3983

"Son zamanlar aktivimə yaza biləcəyim nəticələr əldə etmirəm. Görünür, motivasiyam çatmır. Hazırda oyunumu yenidən qurmağa çalışıram".

"report"un məlumatına görə, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Moskva-Baku"ya müsahibəsində deyib.

O 2013-cü ildə Böyük Britaniyanın paytaxtı Londonda uğursuz çıxış etdiyi İddiaçılar Turnirindən sonra heç cür bərpa ola bilmədiyini vurğulayıb: "Həmin vaxt norveçli Maqnus Karlsenlə dünya çempionu adı uğrunda matça çıxmaq kimi konkret vəzifəm var idi. Bu il yenidən analoji nəticədən ötrü mübarizə aparacağam. Şahmatda dünya çempionu adının böyük çəkisi var. Mən də birinci olmaq niyyətimdən heç vaxt əl çəkməyəcəyəm".

Rəcəbov bir neçə yarışda - şəxsi, klublararası və və komandalararası Avropa çempionatında çıxış edəcəyini söyləyib. O, doğma ölkəsi adından yarışmağın hər zaman xoş hiss olduğunu diqqətə çatdırıb.

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları barədə də danışan qrossmeyster belə miqyaslı yarışların Azərbaycanda təşkilini çox müsbət qiymətləndirib. Lakin o, Moskva Qran Prisində iştirak etdiyi üçün Oyunları izləməyə vaxtının olmadığını dilə gətirib: "Amma internetdən oxuyurdum ki, idmançılarımız çoxlu medal qazanıblar. İdman növündən asılı olmayaraq, həmişə Azərbaycan yığmasına azarkeşlik edirəm. Bir çox idmançını şəxsən tanıyıram. Vaxt məhdudiyyəti üzündən müxtəlif komandaları daimi izləməyim mümkün olmur. Amma bilirəm ki, bütün idmançılarımız Azərbaycan bayrağı altında çıxış etdikdə maksimum güclərini ortaya qoyurlar".