çərşənbə, 24 aprel 2024

DİGƏR NÖVLƏR

"Azarkeşlər... ən baxımlı yarışlarından biri hesab edirlər"

15.06.2017 00:08 Oxundu 1864

İyunun 23-25-də keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisində iştirak edəcək texniki təftiş marşalı 45 yaşlı Steven Lanq bu mötəbər yarışın təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin saytına müsahibə verib.

- Zəhmət olmasa, əvvəlki marşallıq təcrübəniz haqqında məlumat verərdiniz.

- Texniki təftiş marşalı olaraq, ilk dəfə 2014-cü ildə Qətərin Losail beynəlxalq trekində keçirilmiş yarışda iştirak etmişəm. Bu, Qətərin supervelosiped yarışları seriyasına aid turnir idi. Trekin içində, Pit yolunda və qarajlarda olduğum üçün həmin vaxt işimdən zövq almışdım. Təhlükəsizlik və texniki tənzimləmələrlə bağlı göstərişlərin yerinə yetirilməsində köməklik göstərdiyimə, həmçinin yeni dostlar qazana bildiyimə görə bu təcrübədən doyunca zövq aldım. Həmin il Qətərdə baş tutmuş bir neçə yerli yarışda texniki təftiş vəzifəsini icra etdim və ilk dəfə beynəlxalq yarış olan 2015-ci il Qətər MotoGP yarışında texniki təftiş marşalı olaraq, çalışmaq fürsəti qazandım. Bundan sonra daha böyük yarışlara yönəldim. 2015-ci ildə Bəhreyndə keçirilmiş Gulf Air Formula-1 Qran-Prisinə seçilmək mənim üçün böyük üstünlük oldu. Eyni istəklə karyerama davam etdim və həmin il Abu Dabi Formula-1 Qran-Prisinə seçildim. Bu il Bakıda keçirilən Azərbaycan Qran-Prisində iştirak edəcəyəm və bu, qatıldığım sayca 6-cı Formula-1 yarışıdır.

- Ötən il Bakı şəhər halqasında marşal olmuşdunuzmu?

- Bəli, mən 2016-cı ildə Bakıda ilk dəfə keçirilmiş Formula-1 Avropa Qran-Prisində böyük həyəcanla iştirak etdim və bu yarışın bir hissəsi olduğum üçün özümü şanslı sayıram. Bu, mənim Bakıya ilk səfərim idi. Hava limanına enəndən etibarən məni böyük qonaqpərvərliklə qarşıladılar və şahid oldum ki, azərbaycanlılar dünyanın ən mehriban insanlarıdır. Həmin yarış həftəsonu mən “Haas Formula-1” komandasının qarajında texniki təftiş marşalı olaraq fəaliyyət göstərdim.

- 2016-cı il Formula-1 Avropa Qran-Prisi haqqında məlumatı haradan öyrəndiniz və bu yarışa necə müraciət etdiniz?

- 2015-ci ilin sonlarına doğru, mən internetdə Bəhreyndən texniki təftiş marşalları komandasının Bakıda ilk dəfə keçiriləcək Qran-Pri yarışına hazırlıq çərçivəsində BŞH-nin əlaqədar marşallarına məsləhət, rəhbərlik və texniki təftiş xidmətləri üzrə dəstək verəcəyi barədə məqalə oxudum. Bu, mənim üçün böyük fürsət idi. Çox sayda email, telefon zəngləri və hətta Skype vasitəsilə keçirilən müsahibədən sonra məni həmin yarış üçün seçdiklərini bildirdilər.

- Bakıya yenidən səfər edəcəyinizə görə həyəcanlanırsınızmı?

- Həqiqətən də çox həyəcanlıyam. Ötən il Qətərdəki bəzi vacib işlərlə əlaqədar Bakıda tələb olunan minimal müddət ərzində qala bildim. Lakin bu il mən yarış həftəsonundan bir neçə gün əvvəl gəlirəm ki, Bakı, onun tarixi və müasir arxitekturası ilə yaxından tanış olum. Mən ixtisasca memaram. Bundan başqa, texniki təftiş komandasının üzvləri ilə görüşməyi və onlarla ötənilki yarışın xatirələrini yada salmağı səbrsizliklə gözləyirəm.

- Ötənilki Qran-Pri ilə bağlı bizimlə bölüşə biləcəyiniz hər hansı xatirəniz varmı?

- Əlbəttə, var. Mənim üçün yarış həftəsonunun ən möhtəşəm və yaddaqalan anlarından biri çempionlara kubokun verilməsi mərasimində iştirakım idi. Yarışın uğurla keçirilməsindən yaranmış böyük sevinc burada iştirak edən hər kəsin üzündə əks olunurdu. Yüzlərlə üçrəngli bayrağın qürurla dalğalandırılması da bu sevincə daha böyük coşğu qatırdı. Belə bir ab-hava içərisində olmaq sadəcə möhtəşəm idi. İkinci məqam o idi ki, cümə günü axşam işdən sonra yeni trekdə yürüş etdim və sürücülər kimi trekdə müşahidələr apardım. Bu il iyunun 23-də, cümə günü yenə eyni vəzifəni icra edəcəyəm.

Sonuncu məqam ondan ibarətdir ki, “Haas” komandası öz qarajında bolidləri və texniki heyəti ilə birlikdə mənimlə şəkil çəkdirdilər. Bu, mənim üçün böyük ayrıcalıq oldu.

- Bakımız, trekimiz və marşallarımız haqqında təəssüratlarınız necədir?

- Xəzərə möhtəşəm mənzərəsi olan Bakı çox maraqlı, müasir və tarixi bir şəhərdir. Eynilə trek də pilotların maksimum sürətlənə biləcəyi düz hissə və qala divarlarının yanından keçən dar, dolanbac hissələrlə tamaşaçıların zövqünü oxşayır. Bakı şəhər halqası Formula-1 yarışının builki təqvimində yer alan treklər içərisində ikinci ən uzun trekdir. Bu baxımdan əminəm ki, sürücülərlə yanaşı, azarkeşlər də Bakıda baş tutacaq yarışı mövsümün ən baxımlı yarışlarından biri hesab edirlər.

Marşallara gəldikdə isə ötənilki yarış həftəsonundan qalan möhtəşəm anları yada salmaq olduqca əyləncəlidir. Keçənilki müşahidələrimə görə, deyə bilərəm ki, bütün marşallar işlərini ən yüksək səviyyədə yerinə yetirdilər və eyni zamanda yaxşı əylənə bildilər.

- Bizimlə söhbətə vaxt ayırdığınız üçün təşəkkür edirik. Söhbəti başa vurmazdan əvvəl öz salamlarınızı və ürək sözlərinizi demək istərdinizmi?

- Məni ikinci dəfə qonaq qəbul etdiyinə görə Bakıya çox təşəkkür edirəm. Mən möhtəşəm və heyranedici marşallar komandasının bir hissəsi olmaqdan böyük qürur duyuram. Sonda və hər şeydən əvvəl, mən Formula-1 Azərbaycan Qran-Prisində iştirak edən hər kəsə yaxşı, uğurlu və yaddaqalan yarış arzulayıram.