cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

“Qəbələ” “Axmat”la qarşılaşacaq

15.06.2017 12:23 Oxundu 1526

Avstriyanın Tirol bölgəsindəki İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıqlarını davam etdirir. Gündə iki dəfə məşq edən “qırmızı-qaralar” ikinci yoxlama oyununu keçirəcək. Komanda bu gün Rusiyanın “Axmat” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu qarşılaşma Roman Qriqorçukun yetirmələrinin mövsümlərarası dövrdə ikinci sınağıdır. Komanda ilk matçında yerli “Fulpmes”ə 8:0 hesabı ilə qalib gəlmişdi. “Qırmızı-qaralar”ın bugünkü rəqibi “Axmat” uzun illər “Terek” adı ilə çıxış edən Qroznı təmsilçisidir. Çeçenistan klubu 2016/17 mövsümündə Rusiya Premyer Liqasında 5-ci yeri tutub. Bu nəticə 1958-ci ildə yaradılan klubun tarixində çempionatlarda əldə etdiyi ən yüksək göstəricidir. “Terek” həm də 2003/04 mövsümündə Rusiya kubokunun qalibi olub. Məhz həmin uğur qroznılıların avrokuboklarda debütünə imkan verib ki, 2004/05 mövsümü klubun tarixində qitəmiqyaslı turnirlərdə yeganə çıxış olub.

Qeyd edək ki, iyunun 23-dək Avstriyada hazırlıq keçəcək “Qəbələ” daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” ayın 19-da “Botev” (Bolqarıstan), 22-də isə “Ludoqorets”lə (Bolqarıstan) qarşılaşacaq.

Yoxlama oyunu

15 iyun

20:00. “Qəbələ” – “Axmat”

Avstriya, İnsbruk