cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

Zəngin əyləncə proqramı hazırlanıb

15.06.2017 14:52 Oxundu 1556

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Formula-1 Azərbaycan Qran-Prisini izləməyə gələn tamaşaçılar üçün dördgünlük geniş əyləncə proqramı hazırlayıb.

cempion.az BŞH-yə istinadla xəbər verir ki, əyləncə proqramı iyunun 22-25-ni əhatə edir. Nəzərdə tutulan bütün tədbirlər Dənizkənarı Milli Park ərazisi ilə yanaşı, Sahil və Sabir parklarında yerləşən əyləncə zonalarında da baş tutacaq. Əyləncə proqramı iyunun 22-də saat 14:00-dan 22:00-dək davam edəcək, iyunun 23-25-də isə səhər saat 10:00-da başlayıb axşam saat 23:00-da başa çatacaq.

BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim yarışın bayram əhval-ruhiyyəsində keçəcəyini bildirib: “Biz bu il Formula-1 Azərbaycan Qran-Prisinin tamaşaçıları üçün ötən illə müqayisədə daha geniş və məzmunlu əyləncə proqramı hazırlamışıq. Eyni zamanda, müxtəlif günlərə və zonalara fərqli qiymətlərə biletlər təklif edirik. Məqsədimiz kiçikdən böyüyə hər kəsin yarış həyəcanını yaxından yaşamasını təmin etməkdir”.

B.Özərdim qeyd edib ki, artıq yarış həftəsonuna 10 gün qalıb və son günlər yerli sakinlər yarışa daha çox maraq göstərirlər. İnanırıq ki, Formula-1 və Formula-2 yarışlarını izləməyə gələnlər gün boyu müxtəlif əyləncə proqramları ilə də unudulmaz həftəsonu keçirəcəklər. Hamını bir daha yarışı bizimlə birlikdə izləməyə dəvət edirəm. Gəlin, yarış həyəcanını və əyləncə coşğusunu bir arada yaşayaq və yay tətilinə gözəl anlarla başlayaq.

Dünya ulduzları

Dənizkənarı Milli Park ərazisində salınmış böyük səhnədə dünya ulduzlarının iştirakı ilə canlı konsert proqramları təşkil olunacaq. İyunun 23-də məşhur türkiyəli müğənni Tarkan, bir gün sonra dünya ulduzlarından Nikol Şerzinger və “The Black Eyed Peas” musiqi qrupu, iyunun 25-də isə musiqi dünyasında əvəzolunmaz xidmətləri olan Meraya Keri səhnəyə çıxacaqlar. Axşam saatlarında baş tutacaq bu konsertlərdə dünya ulduzları ən çox sevilən ifalarını səsləndirərək Formula-1 azarkeşlərinə unudulmaz anlar yaşadacaqlar.

Tanınmış yerli musiqi qrupları

Yarışı izləməyə gələn tamaşaçılar Azərbaycanın gənc istedadlarının ifasında müxtəlif yerli və əcnəbi mahnıları dinləyərək gözəl vaxt keçirəcəklər. Dənizkənarı Milli Parkda yerləşən Formula-1 şəhərciyi və Azneft zonasında səhnəyə çıxacaq bu ifaçılar indiyədək bir sıra yerli və xarici festivalların iştirakçıları olublar.

Azərbaycanı bu il Kiyevdə keçirilmiş “Eurovision” beynəlxalq mahnı müsabiqəsində “Skeletons” mahnısı ilə təmsil edən Diana Hacıyevanın (Dihaj) rəhbərliyindəki musiqi qrupu iyunun 23-25-də Dənizkənarı Milli Park ərazisində yarış həvəskarlarının qarşısına çıxacaq. Müğənni Vilnüs, Amsterdam və Tbilisidə baş tutmuş festivallarda uğurla çıxış edib. Dihaj Gürcüstanda keçirilmiş “Caucasian Music Award Phoenix” beynəlxalq musiqi festivalında “İlin debütü” nominasiyasında mükafata layiq görülüb.

2007-ci ildə keçirilmiş “Yeni Ulduz” müsabiqəsinin qalibi Çingiz Mustafayev başçılıq etdiyi “Palmas” musiqi qrupu ilə birlikdə iyunun 22-24-də Formula-1 azarkeşləri üçün ən çox dinlənən ifalarını səsləndirəcək. 2009-cu ildən fəaliyyət göstərən “Palmas” qrupu indiyədək bir sıra ölkələrdə, o cümlədən İspaniya, Rusiya və Ukraynada baş tutmuş festivallarda iştirak edib.

Anar Keytarman rəhbərlik etdiyi musiqi qrupu ilə birlikdə həmin günlərdə müxtəlif növ musiqi nümunələri ifa edərək yarış həvəskarlarının əyləncəsinə zövq qatacaq. Qrup öz mahnıları ilə yanaşı, “Beatles”, Stinq, Vivaldi, Bax, Bob Marley, Herbi Hankok və Ceyms Braunun repertuarından müxtəlif janrlara məxsus mahnıları da səsləndirəcək.

Nərdivan adamın şousu

Azərbaycanlı sirk ustası və 2015-ci ildə ABŞ-da keçirilmiş istedadlar yarışmasının finalçısı Üzeyir Novruzov Bakıdakı Qran-Prisini izləməyə gələn tamaşaçılara nərdivanla möhtəşəm şou nümayiş etdirəcək. ABŞ, Fransa, Almaniya və İtaliyada müxtəlif televiziya verilişlərində öz məharətini ustalıqla nümayiş etdirən Ü.Novruzov 2016-cı ildə nərdivan üzərində ən çox dayanan adam adını əldə edərək “Ginnesin rekordlar kitabı”na düşüb. Üzeyirin Bakıdakı şousu iyunun 23-25-də Formula-1 şəhərciyində quraşdırılmış kiçik səhnədə müxtəlif saatlarda baş tutacaq.

Bakının ən tanınmış DJ-ləri

Bakıda yerləşən bir çox məşhur əyləncə mərkəzinin davamlı iştirakçılarından olan tanınmış DJ-lərdən REEF, Bikoo, George Effe və Twist bilet sahiblərinə yarışdan kənarda əyləncə dolu anlar yaşadacaqlar. DJ REEF iyunun 22-25-də Formula-1 şəhərciyi və konsert arenasında, DJ Bikoo iyunun 22-24-də Azneft zonasında, George Effe iyunun 23-25-də İçərişəhər zonasında və DJ Twist həmin gün Sahil parkında yerləşən zonada çıxış edərək Formula-1 azarkeşlərinə xoş ovqat bəxş edəcəklər.

İyunun 23-25-də Bakıda növbəti dəfə baş tutacaq Formula-1 yarışını canlı izləmək istəyən azarkeşlərə müxtəlif qiymətlərlə biletlər təklif olunur. Yarış həvəskarları Azərbaycan Qran-Prisinə olan biletləri şəhərin kassalarından əldə edə bilərlər. Biletləri BŞH-nin rəsmi veb-saytından (www.bakucitycircuit.com) sifariş etmək də mümkündür.