cümə axşamı, 28 mart 2024

BOKS

43-cü Avropa çempionatında Azərbaycan 10 boksçu ilə təmsil olunacaq

16.06.2017 00:54 Oxundu 5564

Sabah kişi boksçular arasında 43-cü Avropa çempionatına start veriləcək. Ukraynanın Xarkov şəhərində keçiriləcək qitə birinciliyində Azərbaycan millisi 10 idmançı ilə təmsil olunacaq.

İyunun 26-dək davam edəcək yarış millimizin tarixinə 13-cü Avropa çempionatı kimi düşəcək. Belə ki, 1993-cü ildə Türkiyənin Bursa şəhərində keçirilən analoji yarışdan başlayaraq qitə çempionatlarının daimi iştirakçısına çevrilən komandamız 12 turniri arxada qoyub. Bu müddətdə idmançılarımız 4 qızıl, 6 gümüş və 8 bürünc medal əldə ediblər. 12 çempionatda 18 mükafat qazanan yığmamız son 4 yarışda medalsız qalmayıb.

Yığmamızın Avropa çempionatındakı medalları

İl Keçirildiyi yer Qızıl gümüş Bürünc
1993 Bursa (Türkiyə) 1 – –
1996 Vejle (Danimarka) – – –
1998 Minsk (Belarus) – – –
2000 Tampere (Finlandiya) – – 1
2002 Perm (Rusiya) – 1 –
2004 Pula (Xorvatiya) – – 2
2006 Plovdiv (Bolqarıstan) – 3 1
2008 Liverpul (İngiltərə) – – –
2010 Moskva (Rusiya) – 1 –
2011 Ankara (Türkiyə) 2 – 1
2013 Minsk (Belarus) 1 1 2
2015 Samokov (Bolqarıstan) 0 0 1
Cəmi 4 6 8

Yığmamızın 18 medalını 14 boksçu qazanıb. Onlardan 4-ü 2, 10-u isə 1 dəfə fəxri kürsüyə qalxıb. Avropa çempionatının 2 medalına sahib olanlardan biri Elvin Məmişzadə 3-cü uğurunu qazanmağa çalışacaq. Dünya çempionumuz qitə birinciliklərində indiyədək 1 gümüş və 1 bürünc medal əldə edib. Onun kimi Teymur Məmmədov, Salman Əlizadə və Şahin İmranov da 2 dəfə qitənin ən mötəbər yarışından mükafatla dönüb. Teymurun hesabında qızıl və gümüş, Salmanda qızılla bürünc, Şahində isə 2 gümüş medal var. Lakin bu “üçlük”dən heç biri mükafat sayını Xarkovda artıra bilməyəcək. Buna səbəb İmranovun karyerasını bitirməsi, digərlərinin “10-luq”dan kənar qalmasıdır. Əvəzində 2013-cü ildə Minskdə çempionluq yaşayan Məhəmmədrəsul Məcidov növbəti medal uğrunda mübarizə aparacaq.

Əvvəlki Avropa çempionatlarında mükafat qazanmış Məmişzadə və Məcidovla yanaşı, daha 7 boksçumuz beynəlxalq yarışlarda millimizin şərəfini qoruyub. Eldar Quliyev (81 kq) isə əsas komandamızla ilk sınağında gücünü yoxlayacaq.

İl Keçirildiyi yer Çəki dərəcəsi İdmançı Medal
1993 Bursa (Türkiyə) 51 kq Rövşən Hüseynov Qızıl
2000 Tampere (Finlandiya) 81 kq Əli İsmayılov Bürünc
2002 Perm (Rusiya) 57 kq Şahin İmranov Gümüş
2004 Pula (Xorvatiya) 69 kq Ruslan Xairov Bürünc
75 kq Cavid Tağıyev Bürünc
2006 Plovdiv (Bolqarıstan) 51 kq Samir Məmmədov Gümüş
57 kq Şahin İmranov Gümüş
75 kq Rahib Bəylərov Gümüş
91 kq Elçin Əlizadə Bürünc
2010 Moskva (Rusiya) 48 kq Elvin Məmişzadə Gümüş
2011 Ankara (Türkiyə) 49 kq Salman Əlizadə Qızıl
91 kq Teymur Məmmədov Qızıl
64 kq Heybətulla Hacəliyev Bürünc
2013 Minsk (Belarus) +91 kq Məhəmmədrəsul Məcidov Qızıl
91 kq Teymur Məmmədov Gümüş
49 kq Salman Əlizadə Bürünc
52 kq Elvin Məmişzadə Bürünc
2015 Samokov (Bolqarıstan) 49 kq Rüfət Hüseynov Bürünc

Qeyd edək ki, Avropa çempionatında yığmamızın şərəfini Məsud Yusifzadə (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaq.