cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Sabah Konfederasiyalar Kubokuna start veriləcək

16.06.2017 12:42 Oxundu 1732

Sabah FİFA Konfederasiyalar Kuboku – 2017-yə start veriləcək. 8 komanda iki qrupda mübarizəyə başlayacaq. Rusiyada təşkil olunan beynəlxalq turnirdə gələn il dünya çempionatını qəbul edəcək meydan sahibləri ilə yanaşı, son dünya çempionu Almaniya (2014), Avropa çempionu Portuqaliya (2016), Asiya kubokunun qalibi Avstraliya (2015), Amerika kubokunun birincisi Çili (2015), KONKAKAF-ın qalibi Meksika (2015), Okeaniya Futbol Konfederasiyasının çempionu Yeni Zelandiya (2016) və Afrika Millətlər Kubokunun sahibi Kamerun (2017) mübarizə aparacaq.

Sayca 10-cu dəfə keçiriləcək və 4 ildən bir təşkil edilən Konfederasiyalar Kuboku matçları Rusiyanın 4 şəhərində - Sankt-Peterburq (“Krestovski” stadionu), Kazan (“Kazan Arena”), Moskva (“Spartak” stadionu) və Soçidə (“Fişt” stadionu) oynanılacaq.

Maraqlıdı ki, iştirakçılar arasında yalnız Meksika bu yarışın qalibi olmağı bacarıb. Meksikalılar 1999-cu ildə qızıl medala layiq görülüblər. Avstraliya bir dəfə 2-ci, bir dəfə 3-cü olubsa, Kamerunun gümüş, Almaniyanın isə aktivində bürünc mükafat var.

Ümumiyyətlə, 1992-ci ildən bəri təşkil edilən Konfederasiyalar Kubokunu ən çox Braziliya millisi qazanıb. Son 3 yarışın çempionu olan “sambaçılar” ümumilikdə 4 dəfə bütün rəqiblərini üstələyiblər. “Pentakampeonlar” 2013-cü ildəki son turnirin finalında İspaniyanın qapısından 3 cavabsız top keçiriblər. Bundan başqa, Fransa 2, Argentina, Meksika və Danimarka isə hərəyə 1 dəfə kuboka yiyələniblər.

5 qitədən 9 FİFA hakiminin təyinat aldığı turnirin mükafat fondu da bəllidi. Belə ki, çempion komanda 5 milyon avro gəlir əldə edəcəksə, gümüş (4,5 milyon) və bürünc mükafatçılar (3,5 milyon), həmçinin 4-cü (3 milyon) və 5-ci (2 milyon) yeri turacaq komandalar da mükafatsız qalmayacaqlar.

FİFA Konfederasiyalar Kuboku – 2017

A qrupu

17 iyun

19:00. Rusiya – Yeni Zelandiya

18 iyun

19:00. Portuqaliya – Meksika

21 iyun

19:00. Rusiya – Portuqaliya

22:00. Meksika – Yeni Zelandiya

24 iyun

19:00. Meksika – Rusiya

19:00. Yeni Zelandiya – Portuqaliya

B qrupu

18 iyun

22:00. Kamerun – Çili

19 iyun

19:00. Avstraliya – Almaniya

22 iyun

19:00. Kamerun – Avstraliya

22:00. Almaniya – Çili

25 iyun

19:00. Almaniya – Kamerun

19:00. Çili – Avstraliya

Yarımfinal

28 iyun

1. 22:00. A qrupunun qalibi – B qrupunun ikincisi

29 iyun

2. 22:00. B qrupunun qalibi – A qrupunun ikincisi

3-cü yer uğrunda

2 iyul

16:00. 1-ci cütün məğlubu – 2-ci cütün məğlubu

FİNAL

2 iyul

22:00. 1-ci cütün qalibi – 2-ci cütün qalibi