cümə, 19 aprel 2024

DİGƏR NÖVLƏR

Bakı Formula-1 Azərbaycan Qran-Prisi ilə bağlı qonaqları qarşılamağa tam hazırdır

16.06.2017 22:40 Oxundu 1737

Bir həftə sonra Bakıda möhtəşəm Formula-1 yarışının şahidi olacağıq. Hazırda tikinti-quraşdırma işlərinin sonuncu mərhələsindəyik. Bu sözləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) yarış obyektlərinin tikintisi üzrə rəhbəri Tom Butçer deyib.

T.Butçer bildirib ki, Bakı Formula-1 Azərbaycan Qran-Prisi ilə bağlı qonaqları qarşılamağa tam hazırdır. Hazırlıq işlərinin 99 faizi yerinə yetirilib. Qonaqlar artıq Bakıya gəlməyə başlayırlar. Ötən həftə Kanada Qran-Prisi təşkil olunub. Komandalar artıq öz bolid və avadanlığını Bakıya daşımağa başlayıblar. Biz bir həftə içərisində bütün işləri yekunlaşdıracağıq.

“İyunun 19-da gecə saat 01:00-dan etibarən şəhərin mərkəzi küçələri son tamamlama işləri üçün bağlanacaq. Görüləcək işlərlə bağlı yolları müvəqqəti bağlayacağımıza görə şəhər sakinlərindən üzr istəyirik. Növbəti dörd gün ərzində siz bu küçələrin adi trekdən Formula-1 trekinə necə çevrildiyinin şahidi olacaqsınız. Treklə yanaşı, Dənizkənarı Milli Parkda da lazımi quraşdırma işləri aparılır. Orada dünya ulduzlarının iştirakı ilə böyük konsertlər, Formula-1 pilotlarının iştirakı ilə avtoqraf sessiyaları və digər əyləncə tədbirləri keçiriləcək”, - deyə T.Butçer əlavə edib.