cümə axşamı, 28 mart 2024

DİGƏR NÖVLƏR

"Bakı Formula 1 yarışlarına ev sahibliyi etmək üçün əla seçimdir"

21.06.2017 00:15 Oxundu 1998

"McLaren Honda" komandasının pilotları Fernando Alonso və Stoffel Vandorn Formula 1 üzrə Azərbaycan Qran Prisinə hazırlıqları ilə bağlı təəssüratlarını bölüşüblər.

“cempion”un Bakı Şəhər Halqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, F.Alonso Bakını Formula 1 yarışlarına ev sahibliyi etmək üçün əla seçim adlandırıb. O, iştirakçıları maraqlı yarışın gözlədiyini deyib: "Bakı möhtəşəm şəhərdir. Keçən il ilk dəfə olaraq Qran Priyə ev sahibliyi edən Bakının uğurundan sonra Azərbaycanda yenidən yarışmağı səbirsizliklə gözləyirəm. Azərbaycan Qran Prisinin səfiri olaraq, orada öz yoldaşlarıma və həmkarlarıma görə daha çox zaman keçirmişəm. Deyə bilərəm ki, Bakı Formula 1 yarışlarına ev sahibliyi etmək üçün əla seçimdir. Biz qədim tarixi şəhərin mərkəzi küçələrində yarışarkən İçərişəhərin qədim divarları yeni idman məkanında bu yarışa mükəmməl ab-hava gətirir. Kanadada ilk xalımızı qazanmağa çox yaxınlaşdıqdan sonra və bir qədər də yorğunluqdan əziyyət çəkməyimizə baxmayaraq, Bakıya olduqca əzmli gedirik. Lakin sirr deyil ki, bu həftəsonu bizə asan olmayacaq. Güc göstəricilərimizdə yaranmış məsələlərlə bağlı çox güman ki, cəriməyə məruz qalacağıq və üstəlik, Bakı trekinin dar döngələri, yüksək sürət tələb edən düzlükləri işimizi çətinləşdirəcək. Ancaq mümkünsüz heç nə yoxdur və biz hər zaman olduğu kimi mübarizə aparacağıq. Bakı Şəhər Halqası F1 təqvimindəki ən sürətli şəhər trekidir və pilot nöqteyi nəzərindən yüksək sürətlə dar küçələrdən keçmək inanılmaz dərəcədə həyəcan vericidir. Həmişə olduğu kimi, yarışa başlanğıc bizim üçün ən önəmli məqamlardan biridir və şənbə günü baş tutacaq sıralanma turuna cümə günü sərbəst yürüşlərdə hazırlaşmaq lazımdır".

S.Vandorn isə Bakıda ilk dəfə yarışacağını və bu səbəbdən çox həyəcanlandığnı söyləyib: “Treki simulyatorda çox sınaqdan keçirmişəm. Yeni trekə hazırlaşmağa mühəndislərə kömək etmək üçün bunu keçən il də etmişəm. Belə ki, bu trek mənə yad deyil. Bakı Şəhər Halqası digər treklərin möhtəşəm elementlərinin, o cümlədən yüksək sürət, uzun düzlüklər və dar döngələrin vəhdətidir. Bununla da hər elementdən bir azını özündə ehtiva edən trek üçün mühəndislərimiz çox çalışmalıdır. Həftəsonu yarışın tələblərinə əsasən, yanacaq sərfiyyatına və Enerji Bərpa Sisteminə (ERS) nəzarət etmək üçün əlimizdəki imkanlardan ən uyğun şəkildə istifadə etməliyik. Kanadada baş tutan yarış bütün komanda üçün məyusedici oldu. Bakıdakı yarışdan performans baxımından hər hansı xüsusi sürpriz gözləmirik. Ancaq hər zaman təkmilləşirik və yaranmış məsələləri aradan qaldırmaq üçün üzərimizdə çox çalışırıq. Artıq yenidən qruplaşma aparmışıq və səbirsizliklə qarşımızdakı yarışı gözləyirik".

Qeyd edək ki, Fernando Alonso 2015-ci ildə Bakıda keçirilmiş Avropa Qran-Prisinin səfiri olub.