şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

“UEFA Avropa Liqasındakı mübarizədə şanslarımız artacaq”

22.06.2017 00:19 Oxundu 1537

Azərbaycanda digər sahələrdə olduğu kimi, idmanda da sürətli inkişaf müşahidə edilir. Ölkəmizdə sağlam həyat tərzinin təbliği, asudə vaxtın səmərəli təşkili, uşaqların və gənclərin idmana cəlb olunması istiqamətində vacib və ardıcıl addımlar atılır. Son illər Azərbaycanda sürətlə inkişaf edən idman növləri arasında futbol da var. Futbol üzrə Azərbaycan millisinin IV İslam Həmrəyliyi Oyunlarının çempionu olması Azərbaycanda idmanın bu növünün inkişafının bariz göstəricisidir.

AFFA-nın baş katibi Elxan Məmmədov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ölkəmiz üçün əhəmiyyəti, eləcə də futbolçularımızın uğurlu çıxışı ilə bağlı azərtacın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Elxan müəllim, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycan üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- IV İslam Həmrəyliyi Oyunları mötəbər beynəlxalq çoxnövlü idman tədbiri idi. Ölkəmiz 2015-ci ildə birinci Avropa Oyunlarına mükəmməl şəkildə ev sahibliyi edərək bu sahədə böyük təcrübə qazandı. “Bakı-2017” ilə müqayisədə ilk Avropa Oyunlarında idmançıların sayı çox olsa da, IV İslam Həmrəyliyi Oyunlarına dünyada, o cümlədən İslam ölkələri arasında maraq böyük idi. Sevindirici haldır ki, IV İslam Həmrəyliyi Oyunlarında birinci Avropa Oyunları üçün hazırlanmış infrastrukturdan istifadə edildi. Avropa Oyunlarından sonra iki il ərzində bu idman obyektlərindən lazımi şəkildə istifadə olunub və infrastruktur IV İslam Həmrəyliyi Oyunları üçün hazır vəziyyətdə idi.

İdman yarışları cəmiyyətdə bayram, festival ab-havası yaradır. İdman ölkədə sağlam həyat tərzinin təbliğində əvəzsiz vasitədir. Düşünürəm ki, belə tədbirlərin ölkəmizdə təşkil olunması müsbət haldır. Əvvəllər ölkəmizdə idmanla məşğul olanların sayı azı idi. Ancaq son illər idman və fitnes zalları dolub, Dənizkənarı Milli Parkda fiziki hazırlıqla məşğul olanların sayı artıb. Təbii ki, idmanla məşğul olanların sayı daha da çox ola bilərdi. Mən özüm də idmanla məşğul oluram. Həftədə bir dəfə futbol oynayır, həmçinin stolüstü tennis və qaçışla məşğulam. Bizim gözəl Dənizkənarı Milli Parkımız var ki, burada daha çox insanın fiziki hazırlıqla məşğul olması üçün hər cür imkan var. Bunlar ancaq irimiqyaslı yarışların təşkilindən sonra mümkün olub. Beynəlxalq idman tədbirləri təcrübə qazanmaq, sağlam həyat tərzinin təbliğ etmək və mövcud infrastrukturun istifadəsi istiqamətində mühüm addımdır.

- Futbol üzrə Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. Futbolçularımızdan belə uğurlu çıxış gözləyirdinizmi?

- Futbol IV İslam Həmrəyliyi Oyunlarında ən çox davam edən idman növü oldu. Yarış mayın 8-də start götürdü və 21-dək davam etdi. Yarış zamanı 4 stadionda matçlar təşkil olunmuşdu. Rəqiblərimiz çox güclü idi. Adətən Şimali Afrika ölkələri futbolda sürpriz yaradan komandalar olurlar. Onlardan biri Mərakeş, digəri isə Kamerun idi. Kamerun həmişə dünya çempionatına vəsiqə qazanır. Ölkəmizdə mübarizə aparan Kamerun yığmasının bəzi üzvləri Avropanın aparıcı klublarında forma geyinirlər. Etiraf edim ki, IV İslam Həmrəyliyi Oyunlarında bizim üçün ən təhlükəli rəqib Kamerun millisi idi. Digər güclü rəqib isə Türkiyə millisi idi. Təəssüflər olsun ki, Türkiyə millisi qrup mərhələsini adlaya bilmədi. Kamerun isə yarımfinaladək irəliləyə bildi.

“Bakı-2017”də millimiz birlik ruhu içərisində gözəl və baxımlı komanda oyunu nümayiş etdirdi. Etiraf edim ki, bu, əvvəllər komandamızda çatışmırdı. Qrup mərhələsini uğurla adlayan millimiz yarımfinalda Əlcəzairə 2:0 hesabı ilə qalib gələrək həlledici mərhələyə yüksəldi. Omana qarşı keçirilən final oyunu çətin idi. Əsas məqsəd kimi millimizin yarımfinaladək irəliləməsi idi. Lakim maksimum nəticə qazandıq. Komandada gənc futbolçularımız da uğurla çıxış etdilər. Bu da bizə pozitiv mesajlar verir.

- Bakı Olimpiya Stadionunun 2019-cu il UEFA Çempionlar Liqasının və Avropa Liqasının final oyununa ev sahibliyi üçün namizədliyi irəli sürülüb. Şanslarımızı necə dəyərləndirirsiniz?

- UEFA Çempionlar Liqasına ev sahibliyi məsələsində rəqibimiz İspaniyanın paytaxtı Madrid şəhəridir. Yeni inşa olunan “Metropolitan” arenası Bakı Olimpiya Stadionuna rəqibdir. Şanslarımızı 50-50 qiymətləndirmək olar. Burada idman nəticələri nəzərə alınır. İspaniya futbolu bizdən qat-qat güclüdür. UEFA-nın qərar qəbul edəcəyi vaxt bu amil vacib rol oynaya bilər. Ancaq infrastruktur baxımından biz tam hazırıq. Otellərimiz var, gözəl və yeni aeroportumuz mövcuddur. Stadionumuz çox gözəl yerdə yerləşir. İrimiqyaslı yarışları nəzərə alsaq bizim arena əlverişli məkanda yerləşir. Stadion şəhər mərkəzindədir və arenadan aeroporta məsafə yaxındır. Yolun kənarında yerləşməsi də vacib amillərdəndir. Bundan başqa, ətrafında boşluq var ki, bura azarkeş və fan klubların mərkəzi, dayanacaq ola bilər. İnanıram ki, infrastruktur baxımından biz daha güclüyük. Ancaq idman nəticələri nəzərə alınsa rəqib daha şanslı görünür.

Həmçinin bu qərarın qəbulu prosesində ölkənin coğrafi mövqeyi də UEFA üçün vacib amillərdəndir. Avropa ölkələri ictimai nəqliyyat vasitələri ilə İspaniyaya rahatlıqla gələ bilərlər. Azərbaycan isə coğrafi baxımdan Mərkəzi Avropadan uzaqdır. Azarkeşlər ölkəmizə ancaq təyyarə ilə gəlməlidirlər. Lakin o vaxtadək aviaşirkətlər ucuz qiymətə biletlər təklif edə bilərlər. Bu, hər zaman belə olur. Təcrübə göstərir ki, avrokubokların final oyunu zamanı həmin ölkəyə sərfəli qiymətə tur-paketlər və biletlər təqdim olunur.

UEFA Avropa Liqasına gəldikdə isə, burada namizədlərdən biri İspaniyanın Sevilya, digəri isə İstanbul şəhərləridir. Buradakı şanslarımızı isə 33 faiz dəyərləndirmək olar. Əgər biz Çempionlar Liqasının finalına ev sahibliyini qazansaq, o zaman Avropa Liqasının həlledici qarşılaşmasına ev sahibliyi etməyimiz mümkün olmayacaq. Əgər əksinə olarsa, UEFA Avropa Liqasındakı mübarizədə şanslarımız artacaq. Çünki UEFA eyni ildə eyni ölkəyə iki tədbiri həvalə etməyəcək. Bu, UEFA-nın prinsiplərinə uyğun deyil. Unutmaq lazım deyil ki, İstanbulun “Beşiktaş” stadionu Superkubokun final oyununa da namizədliyini irəli sürüb. Qərar verilən zaman bu da nəzərə alınacaq. Şansımız var. Bu yarışı təşkil etmək üçün digər ölkələr də hazırlaşırlar. Biz də çalışırıq ki, tender sənədlərimiz qaydasında olsun. Dövlət qurumlarına öz minnətdarlığımı bildirirəm ki, ilk mərhələdə bizə sənədləşmə prosesində böyük dəstək oldular. Artıq bütün sənədlər UEFA-ya təqdim olunub. Sentyabradək Bakıya və digər şəhərlərə UEFA-nın xüsusi komissiyası səfər edəcək və bəzi yoxlamalar (otellərin sayı, aeroportun fəaliyyəti, yol və nəqliyyat infrastrukturu) aparacaqlar. Bir müsbət cəhət də var ki, Bakı 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin bir qrupunun oyunlarına və bir dörddəbir final qarşılaşmasına ev sahibliyi edəcək. Bununla əlaqədar UEFA-nın xüsusi komissiyası bir neçə dəfə ölkəmizdə olub. Onlar da ölkəmizin avrokubokların final qarşılaşmasına yüksək səviyyədə ev sahibliyi etməyə hazır olduğunu vurğulayıblar. Bu barədə yekun qərar sentyabrın 21-də qəbul olunacaq.

- Elxan müəllim, “Avro-2020”yə hazırlıq işləri necə gedir?

- Azərbaycan Prezidenti İlham Əliyev ötən il sentyabrın 9-da 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, artıq Təşkilat Komitəsi yaradılıb. Yaxın gələcəkdə ilk iclasımız keçiriləcək. Ancaq əsas hazırlıq işlərinə 2018-ci ildən start verəcəyik. Artıq bir neçə dəfə UEFA-nın nümayəndələri Bakıya gəlib, yoxlamalar aparıblar. Bu mötəbər idman yarışına hazırlıqla bağlı heç bir çətinliyimiz yoxdur. Bizdə stadionlar hazırdır. Lakin bu yarışa ev sahibliyi edəcək 13 şəhərdən bəzilərində stadionlar tikilir. Ona görə də UEFA-nın texniki qrupu əsas diqqəti həmin ölkələrə yönəldib. İnanıram ki, Azərbaycan növbəti mötəbər idman yarışının - futbol üzrə Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsinin öhdəsindən layiqincə gələrək yüksək təşkilatçılıq qabiliyyətini bir daha dünyaya nümayiş etdirəcək.

- Ətraflı müsahibəyə görə təşəkkür edirik.

- Çox sağ olun.