şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

“I Divizionda işləmək istəmirəm”

24.06.2017 00:23 Oxundu 1415

AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun digər komandaların sükanı arxasına keçmə variantı baş tutmayıb. Bu barədə Sportnet.az-a 46 yaşlı mütəxəssisin özü məlumat verib.

O, təkliflər aldığı klubların adlarını çəkməyib: "Təkliflər var idi, hamısı getdi. Biri I Diviziondan idi, lakin həmin komandanı elitaya buraxmadılar. Digəri isə Premyer Liqa təmsilçisi idi. Alınmadığı üçün ad çəkməyə lüzum görmürəm".

Əhmədov baş məşqçi karyerasını artıq "Şüvəlan"a çevrilən klubda davam etdirib-etdirməyəcəyi barədə qəti fikir açıqlamayıb: "Fəaliyyətimi "Şüvəlan”da davam etdirəcəyimlə bağlı dəqiq bir söz deyə bilmərəm. Normal şəraitdə işləmək istəyirəm. Üç il AZAL-da çalışdım. Son mövsüm çox ağır şərtlərdə işlədik. Təəssüf ki, il ildən pis gəldi. Açığı, I Divizionda işləmək istəmirəm. Orada gedən prosesləri eşitdiyim üçün uyğun görmürəm. İstəmirəm ki, adım ləkələnsin. Qumar oyunlarına görə ağlımdan keçirmirəm. Gələcəyini fikirləşən məşqçi üçün bu, çətin məsələdir. Həmin bataqlığa girmək istəmirəm. Məcburt olub, gözləyəcəyik".

Azərbaycan millisinin sabiq baş məşqçisi ölkə futbolunda vəziyyətin düzələcəyinə ümid etdiyini də əlavə edib: "Siz nə qədər bilirsinizsə, mən də o qədər məlumatlıyam. Hamı deyir yaxşı olacaq, ancaq konkret nə olacaq, necə olacaq, deyən yoxdur".

Qeyd edək ki, AZAL Premyer Liqada ötən mövsümü 10 xalla sonuncu pillədə başa vurub.