cümə axşamı, 18 aprel 2024

DİGƏR NÖVLƏR

Bakıda Formula-2 üzrə birinci yarışa start verilib

24.06.2017 11:21 Oxundu 2624

İyunun 24-də saat 12-də Bakıda Formula-2 üzrə birinci yarışa (7-ci mərhələ) start verilib. Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula-2 yarışında 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı iki pilot təmsil edir.

Dünənki sıralanma turundan sonra bolidlərin düzülüşü müəyyənləşib. İlk yerlərdə müvafiq olaraq “PREMA Racing” komandanın pilotu Şarl Lekler, “ART Grand Prix” komandasının pilotu Nobuharu Matsuşita və “DAMS” komandasının pilotu Nikolas Latifinin bolidləri dayanıblar.

Birinci yarış 29 dövrə və ya 60 dəqiqə davam edəcək.

Qeyd edək ki, Formula-2-nin ikinci yarışı (8-ci mərhələ) sabah saat 14:00-da başlayacaq. Sonuncu yarış 12 dövrə və ya 45 dəqiqə davam edəcək.

Xatırladaq ki, bu həftəsonu yarışda bir sürücü dəyişikliyi olub. Sergey Sirotkin 7 nömrəli bolidin sürücüsü Aleksandr Albonu əvəzləyib.

“DAMS” komandası bu mövsüm ən çox podyum sayına sahibdir. Bu komanda 5 dəfə fəxri kürsüyə çıxıb. “Russian Time” 4, “PREMA Racing” 3, “ART Grand Prix” komandası isə 2 dəfə birinci olub.

Formula-2 üzrə ilk 6 yarışın qalibləri Şarl Lekler, Oliver Rouland, Artem Markelov, Nobuharu Matsuşita və Nik Vriesdir. O.Rouland 6 yarış ərzində 4 dəfə podyuma çıxıb. Çempionatın lideri Ş.Lekler və O.Rouland arasında 3 xal fərq var. Komandalararası çempionatda “Russian Time” və “DAMS” komandaları arasında 14 xal fərq mövcuddur.