cümə, 29 mart 2024

BİZİM FUTBOL

Aslan Kərimov: “Hamı xoşbəxtlik quşunun “Zirə”nin başına qonduğunu düşünür"

24.06.2017 16:03 Oxundu 1490

Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimov klublarımızın avrokuboklardakı şansları haqda danışıb. Kərimov uzun illər formasını geyindiyi “Qarabağ”ın ÇL-nin II təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə oyunlarda çətinlik çəkməyəcəyini düşünür:

“Qarabağ”ı favorit saymamaq mümkün deyil. “Qarabağ” “Samtredia”dan iki dəfə güclüdür. Amma rəqibə yuxarıdan aşağı baxmaq düzgün olmaz. Düşünürəm ki, “Samtredia” qarşısında “Qarabağ” çətinlik çəksə, o zaman Çempionlar Liqasının qrup mərhələsi barədə heç düşünməyə də dəyməz. Bu baxımdan “Qarabağ” üçün mərhələni keçmək çətin olmamalıdır”.

Sabiq futbolçu “Qarabağ”ın ÇL-nin qrup mərhələsinə düşmək şanslarından da danışıb: “Transferlər olmasa, “Qarabağ”ın ÇL-nin qrupuna düşməsi çətin olacaq. Düşünürəm ki, heyət güclənməlidir. Bu heyətlə Avropa Liqasının qrupuna düşmək mümkündür, ancaq ÇL-nin qrupunu fikirləşməyə dəyməz. Ola bilər ki, bu heyətlə də ÇL-nin qrupuna düşmək mümkün olsun. Amma bundan ötrü püşklərdə də rəqiblər münasib olmalıdır”.

Aslan Kərimov Avropa Liqasının I təsnifat mərhələsində Serbiya “Mladost”una rəqib olan “İnter”in şanslarını dəyərləndirib: “İnter”in işi çətindir. Həm klubdaxili dəyişikliklər, həm də müəyyən söz-söhbətlər klubun durumuna təsir edir. Komandada qeyri-stabillik var. Baxmayaraq ki, komanda Türkiyədə hazırlıq keçib. Serbiyada yaxşı gənc futbolçular olur. Həmin gənc oyunçuları Avropanın digər klublarına yaxşı qiymətə satırlar. Düzdür, qrup mərhələsinə gedib çıxmasalar da, potensiallı futbolçulara sahib olurlar. “Mladost”un formalaşmış heyətə sahib olduğunu düşünürəm. Xüsusilə də Serbiyadakı matç çətin olacaq. Serb fanatlar çox çılğın olur. “İnter” üçün “Mladost” səddi çətin olacaq”. Avropa Liqasın I təsnifat mərhələsində bir birinə rəqib olan “Zirə” – “Differdanj” (Lüksemburq) cütlüyü haqda danışan mütəxəssis bunları bildirib:

“Hamı xoşbəxtlik quşunun “Zirə”nin başına qonduğunu düşünür. Amma bu mənim fikrimdir ki, Lüksemburq futbolu bizə baxanda daha sürətli inkişaf edir. A milli komandaları Portuqaliya və digər yığmalara qarşı ciddi müqavimət göstərirlər. Ötən mövsüm də “Qarabağ” ÇL-də “Düdelanj”la qarşılaşmışdı və səfər matçında çox çətinlik çəkmişdi. 2-ci tərəfdən də onu deyim ki, “Zirə” digər komandalara baxanda transfer fəaliyyətində daha aktivdir. Amma bu o demək deyil ki, “Zirə” asan şəkildə mərhələ adlayacaq. Bir çox mütəxəssislər Lüksemburq, Lixtenşteyn və digər ölklərin adına eşidən sevinirlər. Amma bu belə deyil. Son zamanlar bu ölkələrin milliləri də güclənib. Mənə görə də “Zirə” favoritdir, amma asan olmayacaq”.

“Qəbələ” Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. “Qırmızı-qaralar” “Yagelloniya” (Polşa) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi ilə görüşəcək. Aslan Kərimov “Qəbələ”nin turnirdəki rəqibinin “Yagelloniya”nın olacağını düşünür:

“Gürcüstanda futbol inkiafdadır. Amma daha çox orada gənc oyunçuları inkişaf etdirirlər. Bu baxımdan da “Yagelloniya”nı favorit hesab edirəm. Gürcüstan klublarında legioner oyunçulara çox rast gəlmək olmur. Polşada isə futbolun inkişafı üst səviyyədədir. Mənə elə gəlir ki, “Qəbələ”yə Polşa klubu rəqib olacaq.” sportal.az