çərşənbə, 08 may 2024

DÜNYA FUTBOLU

"Buna görə qapıçını tənqid atəşinə tutmaq doğru deyil"

26.06.2017 12:30 Oxundu 1931

Xəbər verdiyimiz kimi, Konfederasiyalar Kuboku - 2017-də A qrupunda mübarizə başa çatıb. Portuqaliya və Meksika, Almaniy və Çili yarımfinala yüksəliblər.

Meydan sahibi Rusiya isə gözlənilənin əksinə olaraq qrupda qalıb. Şimal qonşularımızın gücü sadəcə Yeni Zelandiyaya çatıb - 2:0. Çerçesovun komandası Portuqaliya və Meksikadan isə zəif olub.

Maraqlıdır ki, Rusiya öz meydanında keçirilən KK-da qrupda qalan 3-cü komandadır. İlk dəfə 1997-ci ildə Səudiyyə Ərəbistanı doğma meydanda keçirilən yarışın sonrakı mərhələsini kənardan azarkeş kimi izləməli olmuşdu. 2001-ci ildə Cənubi Koreya da qruplarda dayanmağa məcbur olmuşdu.

Rostov komandasını və Rusiya millisinin oyunçusu Fyodor Kudryaşov Rusiya-Meksika oyunundan sonra fikirlərini açıqlayıb. O deyib: "Məğlubiyyət bizi sarsıtdı. Hesab edirəm ki, komandamız yaxşı oynadı, çoxlu qol imkanlarımız oldu. Amma istifadə edə bilmədik".

O daha sonra deyib: "Futbol komanda oyunudur. Bizim komanda uduzdu, bizim qapıçı yox. Digər oyunlarda qapıçımız İqor Akinfeyev yaxşı oynadı. Amma bu oyunda alınmadı. Yəni o adi oyun epizodunda səhvə yol verdi. Buna görə onu tənqid atəşinə tutmaq doğru deyil. Bir də unutmayaq ki, yeni komanda birdən-birə yaranmır. Biz yarım addım irəli addım atmışıq. Hər bir futbolçu üzərində işləməlidir".

Qeyd edək ki, matçda ciddi səhvləri ilə yadda qalan rus qapıçı İqor Akinfeyev oyundan sonra jurnalistlərin diqqət mərkəzində olub. Elədiyi səhv səbəbindən olduqca əsəbi və gərgin olan "çərçivə qoruyucusu" sərt danışıb: "İndi hamı ikinci qoldan danışacaq. Belədi də, səhv edirsənsə, günahlandırılan sən olursan. Oyundu, belə alındı. Nə edim? Gedim özümü asım?"

Rusiya - Meksika matçı 1:2 hesabı ilə başa çatıb.