çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

"Rəsmi matçın ciddiliyi başqa cür olur"

30.06.2017 13:27 Oxundu 1961

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilən “Zirə” – “Differdanj” (2:0) qarşılaşmasından sonra AFFA-nın baş katibi Elxan Məmmədov apasport.az saytına müsahibə verib.

- “Zirə” Avropa arenasındakı debüt matçında qələbə qazandı. Təmsilçimizin çıxışı ürəyinizcə oldumu?

- İlk növbədə hamını təbrik edirəm. Gözəl oyun oldu. Əslində, çox narahat idik. Çünki “Zirə” avrokuboklarda debüt edirdi. Belədə futbolçuların həyəcan hissi keçirmələri normaldı. Matçın ilk dəqiqələrində bu, özünü büruzə verirdi. Buna baxmayaraq, komanda özünü toparlaya bildi və 2 cavabsız qol vurdu. Əslində, “Zirə” son dəqiqələrdə daha çox qol vurub fərqi artıra bilərdi. Amma 2:0 da yaxşı nəticədi. Ümid edirəm ki, “Zirə”nin bu qalibiyyəti digər klublarımıza da əlavə motivasiya verəcək və qələbələrin ardı gələcək.

- Ümumiyyətlə, Avrokubokda mübarizə aparan 4 klubumuzdan gözləntiniz nələrdi?

- Bir azarkeş və AFFA rəsmisi kimi, ən böyük arzum Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan klubunun olmasıdı. “Qarabağ”ımızın Çempionlar Liqasının, digər 3 komandamızın isə Avropa Liqasının qrup mərhələsində oynaması çox gözəl olar. Bu, həm futbol baxımından, həm də ölkəmiz üçün əla olar. Təbii ki, bu uğur klublara maliyyə cəhətdən də əlavə stabillik gətirərdi. İqtisadi baxımdan çox yaxşı gəlir olardı.

- Məsələyə real yanaşsaq, neçə komandanın qruplara qədər irəliləmək şansını yüksək qiymətləndirmək olar?

- Minimum 2 klubumuzu qrup mərhələsində görməyə artıq öyrəşmişik. Minimum arzum da həmin rekord göstəricini təkrarlamaqdı. “Qarabağ”ı artıq Çempionlar Liqasının qrupunda görmək istəyirəm. Əslində, “Qarabağ” iki il əvvəl bunu reallaşdırmalı idi. Eybi yox, indi də qazansa, bizi çox sevindirər.

- Ancaq “Qarabağ” keçirdiyi hər üç yoxlama görüşündə məğlub olub ki, bu da azarkeşlərdə bədbinlik yaradıb...

- Buna görə də yoxlama oyunları keçirmək lazımdı. Bunlar baş məşqçi üçün çox önəmlidi. Yoldaşlıq görüşlərinə əsasən hansısa komandanın gücünü müəyyən etmək mümkün deyil. Bu üzdən gəlin, ümidimizi azaltmayaq, məsələyə mənfi yanaşmayaq. Rəsmi matçlarda komanda tam fərqli oyun göstərir. Bunun nümunələrinin dəfələrlə şahidi olmuşuq. Təcrübə göstərib ki, klublarımız, millimiz yoxlama görüşlərində fərqli, rəsmi matçlarda fərqli oyun ortaya qoyur. Rəsmi matçın ciddiliyi başqa cür olur, baş məşqçi də komandaya fərqli tapşırıqlar verir.

Ruslan SADIQOV