cümə, 29 mart 2024

MÜSAHİBƏ

Qurban Qurbanov: "Çox istərdim ki, Rəşad bundan sonra heç olmasa, 3-4 il də futbol oynasın"

06.07.2017 10:24 Oxundu 5113

"Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanovun müsahibəsi

- Avstriyada keçirdiyiniz təlim-məşq toplanışını necə dəyərləndirirsiniz?

- Kənardan elə görünə bilər ki, işimiz elə də yaxşı getməyib. Amma biz ən düzünü, ən doğrusunu etməyə çalışdıq. Niyə belə alındı? İlk gündən bütün heyət yığışa bilmədi. Demək olar ki, heyət 3 hissəyə bölünmüşdü: bizimlə olanlar, əsas millidəkilər və U-21 yığmasındakılar. Açığı, bu dövrdə çox əziyyət çəkdik. Həm ehtiyatlandıq, həm də onları iyulun 11-də Gürcüstan "Samtredia"sı ilə keçirəcəyimiz Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununadək optimal formaya gətirmək sarıdan narahat olduq. Narahatlıq bu gün də var. Proqramımızı bütün komanda şəklində yerinə yetirə bilmirik. Bununla belə, hələ iyulun 11-dək vaxtımız var. Çalışdıq ki, əlimizdəki futbolçularımızı həmin oyuna hazırlaya bilək. Digər tərəfdən, düşünmədiyimiz, nəzərə almadığımız zədə problemlərimiz oldu. Bunlara dəfələrlə şahid olmuşuq. Komandanın uzun müddət birgə olmaması halı heç vaxt indiki kimi olmamışdı. Lakin futbolçular hazırlıq dönəmində çox istəkli idilər.

- Keçirdiyiniz bütün yoxlama oyunlarınızda uduzdunuz. Nəticələr sizi qane edir?

- Təbii ki, narahat edir. Nəticələrimiz uğurlu olmadır. Amma bunlar elə səhvlər, çatışmazlıqlardır ki, komandamız aradan qaldıra biləcək. Dəfələrlə belə hallar olub. Bəzən qalib gəldiyimiz oyunlar belə məni narahat edir. Hamısı təcrübəli futbolçulardır. Açığı, toplantının nəticəsindən yox, futbolçuların istəyindən razı qaldım. Bu gün isə Bakıda ilk məşqimizə çıxdıq.

- Fiziki hazırlıqdan doğan səhvlər və itkiləri anlayışla qarşılamaq olar. Bəs fərdi nöqsanları necə dəyərləndirərdiniz? Məsələn, Bədavi Hüseynov uşaq səhvlərinə yol verdi. Bu baxımdan, polşalı müdafiəçi Yakub Rzejniçakın transferi müdafiənin mərkəzindəki səhvlərin aradan qaldırılmasına yönəldilib?

- Hələ mövsümün sonunda bütün mövqelərə oyunçu transfer etmək istədiyimizi bildirmişdim. Müdafiəçi transferi əvvəlcədən nəzərdə tutulmuşdu. Əlimizdə bir çox variant var idi. Sonda Rzejniçakın üzərində dayandıq. Onunla danışıqlar çoxdan gedirdi. Sadəcə, bəzi nüanslarda razılaşmalı idik. Ona görə də transfer son günlərdə baş tutdu. Müdafiəçilərin fərdi səhvlərinə gəldikdə, bu, normal haldır. Biz bütün oyunlarda bunun şahidi oluruq. Təkcə müdafiədə deyil, yarımmüdafiə xəttində də elə səhvlərimiz olub. Sadəcə, müdafiəçi səhvindən sonra qol olduqda, həmin xəta daha çox qabardılır. Bu da normal haldır. Bədavinin və digərlərinin səhvlərini dəfələrlə görmüşük. Bilirik ki, hansı futbolçu hansı səhvi edə bilər. Bir tərəfdən şad oldum ki, belə səhvlər yoxlama matçlarında baş verdi və psixoloji, fiziki yorğunluqdan irəli gəldiyini bir daha göstərdi. Çünki bu kollektiv 5 ildir durmadan Premyer Liqa, ölkə kubok, avrokuboklar və milli komandada olaraq, həddən artıq yüklənir. Çempionat oyunlarında məğlubiyyətləri tez unutmaq olur. Amma avrokubok matçlarında uduzduqdan sonra spesifik gərginlik, azarkeşlərin etirazları, mətbuatın tənqidləri futbolçulara istər-istəməz psixoloji təsir edir. Toplanışda da şahidi oldum ki, bunlar həqiqətən də elə futbolçulardandır.

- Bu məğlubiyyətlərdən hansı dərsi çıxardınız?

- Həmin oyunlardan sonra öz proqramımda bəzi dəyişikliklər etdim. Çünki səhvlər gərginlikdən və psixoloji yorğunluqdan irəli gəlirdilər. Bunlar 5 ildir güvəndiyimiz, uğurlu nəticələr əldə etdiyimiz futbolçulardır. Onların belə səhvləri də normaldır. Sadəcə, oyunlarımız mənə və məşqçilər korpusuna düşünmək üçün əlavə əsaslar verdi. Hətta deyərdim ki, kollektivə bəzi anlarda yanaşma baxımından böyük təcrübə oldu. Bir neçə gündür ki, böyük dəyişiklik görürəm. Əvvəllər hazırlıq prosesini kollektiv şəkildə qururduqsa, indi bəzi məsələlərdə onlara fərqli yanaşmağa başladıq. Düşünürəm ki, futbolçuların özləri də belə yanaşmaya istəkli oldular və bu, onlarda inam yaratdı. Yenə deyirəm, bunlar aradan qaldırılası səhvlərdir. Ən başlıcası, istəkli, həvəsli olsunlar. Biz buna çalışmalıyıq.

- Komandanın fiziki hazırlığını necə qiymətləndirirsiniz?

- Fiziki hazırlıq sarıdan problemlər var. Çünki milli komandadadakı futbolçular Şimali İrlandiya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından 9 gün sonra bizimlə birgə çalışmağa başladılar. Proses çətin keçdi. Amma önümüzdə vaxt var. Futbolçularla söhbətimiz olub. Ümidvaram ki, qarşıdakı rəsmi oyunda problemlərimiz olmaz. Hərçənd, futbol problemlər üzərində qurulub. Bunları aradan qaldırma yolları üzərində düşünəcəyik. Səhv varsa, işimiz də, diqqət-məsuliyyətimiz də çoxalır.

- Yeni transferlərinizə verəcəyiniz maaş çoxdur, yoxsa klublarına ödəyəcəyiniz kompensasiya?

- Dünya futbolunda kluba verilən kompensasiya futbolçuya ödənilən maaşdan daha çox olur. Əfsuslar olsun ki, biz hələ o səviyyəyə çatmamışıq. Futbolçuları maaş və kompensasiya sarıdan ən aşağı qiymətə gətirməyə çalışmışıq. Amma məbləği açıqlamayacağam. Gedişat onu göstərir ki, Azərbaycan futbolu, klublar böyümək istəyirsə, mütləq peşəkar səviyyədə iş görməliyik. Hər hansı futbolçunu daha tez əldə etmək istəyiriksə, mütləq klubu ilə ünsiyyətə girməli, əlavə maliyyə xərcləməliyik. Son vaxtlar Türkiyədə legioner limiti götürüldükdən sonra futbolçu tapmaq həddən artıq çətinləşib. 2-3 il əvvəl futbolçu ilə rahat danışıq aparırdıq. Amma artıq demək olar ki, hamı Türkiyəyə axışır. Çünki orada oynamasa belə, hər şeyə zəmanət verilir. Klubların da, legionerlərin də sayı çoxdur. Həqiqətən də qardaş ölkədə limit götürüləndən sonra transfer etmək bizim üçün çox çətinləşib. Ona görə də bəyəndiyimiz futbolçu və klubu üçün müəyyən məbləğ ödəməkdən başqa çıxış yolumuz olmur.

- Amma suala tam cavab vermədiniz...

- Məncə, bu suala cavab verməsəm yaxşıdır. Amma bir şey var ki, sizə dəqiq olanı demək, konkret cavab vermək istəyirəm. Çünki axır vaxtlar işimizi elə qurmağa çalışırıq ki, hərə özünə aid olan hissəni qarşılasın. Klub rəhbərliyinə deyirəm ki, bu mövqeyə futbolçu götürmək istəyirəm. Təxmini məbləğini də deyirəm. Bizə təkliflər göndərirlər, klub rəhbərliyi də danışır. Qiyməti nə qədər aşağı salıb-salmadıqları rəhbərliyin işidir.

- Bəs "Qarabağ"ın futbolçularına təkliflər gəlib?

- Mənə rəsmi təklif gəlməyib. Sadəcə, mövsümün sonlarında bir neçə futbolçumuzla danışıqlar getdiyinə dair xəbərlər çıxmışdı. Rusiya və digər ölkələrdən. Azərbaycanda hər hansı futbolçunu istədikdə klubu ilə danışıqlar aparmağın tərəfdarıyam. Oturub gözləməyək ki, futbolçunun müqaviləsi nə vaxt bitəcək, ondan sonra da komandaya cəlb edək. Burada da çox istərdim ki, belə bir proses baş versin, klubla normal danışığa gedib vaxt itirmədən futbolçunu əldə edə bilək. Yəni, gücüm çatırsa, alıram, çatmırsa, almıram. Futbolçu da, rəhbər də bunu bildikdə, bir qədər rahatlıq yaranır. Bunu etmədikdə isə futbolçuda "Müqaviləm qurtarsaydı, azad agent kimi gedərdim" kimi düşüncələr qalır. Əfsuslar olsun ki, hələ o səviyyəyə çatmamışıq. Amma işimizi tezləşdirmək üçün buna getmək lazımdır.

- Rəşad Sadıqovun aqibəti necə olacaq: Premyer Liqada oynayacaq, yoxsa avrokuboklarda komandaya kömək edib sırf məşqçi kimi fəaliyyətini davam etdirəcək?

- Rəşad Sadıqovun aqibətinə nə olub ki?! Ötən mövsüm də "Rəşad karyerasını nə vaxt bitirir?" deyə suallar verirdiniz. Axırda "İstəmirsiniz ki, Sadıqov futbol oynasın?" cavabını verdim. Əvvəllər də fikrimi bildirmişəm: Rəşad mənə futbolçu kimi lazımdır: avrokuboklarda da, çempionatda da. Rəşadın potensialı buna imkan verir. Onun peşəkarlığı get-gedə artır. Təkcə klubda yox, millidə də ona ehtiyac var. Belə futbolçular komandada mütləq olmalıdırlar. Çox istərdim ki, Rəşad bundan sonra heç olmasa, 3-4 il də futbol oynasın, komandamda lider oyunçu funksiyasını yerinə yetirsin. Sadıqovun gücünə, sərgilədiyi oyuna çox güvənir, inanıram. "Futboldan gedirəm" desə də, razılıq verməyəcəyəm. Əksinə, o, get-gedə daha yaxşı futbol oynamağa, işinə daha peşəkar yanaşmağa başlayıb. Belə futbolçunu əldən buraxmaq düzgün deyil.

- Rəşad meydanda sizə lider kimi daha çox lazımdı, yoxsa futbolçu kimi?

- Rəşadın həm liderliyini, həm də futbolçu bacarığını bir-birindən ayırmıram. Onun hər iki funksiyası mənim üçün vacibdir.

- Yeni transferlər komandaya nə vaxt qoşulacaqlar?

- Bunu dəqiq deyə bilmərəm. Polşalı müdafiəçi gecə gələcək. Digəri isə ola bilsin, viza probleminə görə 1-2 gün yubana.

- Sizinlə məşq edib, uyğunlaşmadan onlara rəsmi matçlarda şans vermək nə dərəcədə düzgün olar?

- Onları meydana buraxmağa tələsməyəcəyik. Heyətdə başqa futbolçular da var. Görsək ki, hazırdırlar, buraxacağıq.

- Komanda ilə yoxlama matçında iştirak etməyən, heyətə uyğunlaşmayan legionerdən “Samtredia” ilə oyunda yararlanmaq risk deyil?

- Onları meydana buraxmağa tələsməyəcəyik. Görsək ki, hələ hazır deyillər, risk etməyəcəyik. Amma adlarını ayın 6-da (bu gün-red.) UEFA-ya göndərəcəyimiz sifariş ərizəsinə daxil edəcəyik.

- Dani Kintana fərdi məqş edir. Onun durumu necədir?

- Bu, elə bir zədədir ki, risk etmək olmaz. Həkimlər hələ bir ay, ayyarım sonra oynaya biləcəyini deyir. Yəqin ki, 10-15 günə komanda ilə birgə məşqə başlaya biləcək. Bu, diz zədəsidir. Onun oyunda iştirakını istəsək, çox ehtiyatlı davranmalıyıq. Özü çox darıxır, oynamaq istəyir.

- Bəs Riçard Almeyda?

- Riçardın da ilk oyunda iştirakı sual altındadır.

- Vayld-Donald Gerryer və Yakob Rzejniçakdan əlavə hansı futbolçunu transfer etmək istəyirsiz?

- Hələlik razılıq olunan oyunçular onlar ikisidir. Biri də var idi. Onunla bağlı çalışmalarımızda dayanma getdi. Xeyr, bu, Tokelo Ranti deyildi. Rantini hələ bir az gözləyəcəyik. Adını çəkmədiyim oyunçunun alınma ehtimalı daha çox idi. Sonradan müəyyən problemlər çıxdı. Komandanın baş məşqçisi fikrini dəyişdi. Ona görə də hələlik məsələ açıq qalıb.

- Bu, İtaliya B Seriyasında çıxış edən italiyalı Nikola Çitrodur?

- Xeyr, ölkə xaricindədir (gülür - red.)

Report