çərşənbə, 17 aprel 2024

BİZİM FUTBOL

“Amkar” rəsmisi Kamran Ağayevi tanımır: Bu soyadı ilk dəfədi eşidirəm

06.07.2017 14:14 Oxundu 1845

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin “Amkar”a keçidi baş tutmayacaq. "Cempion.az" "Apasport.az"a istinadən xəbər verir ki, bu barədə Rusiya klubunun baş direktoru İqor Rezvuxin məlumat verib.

Portuqaliya klubu “Boavişta” ilə yollarını ayıran və hazırda komandasız olan Ağayevin adı “Amkar”la birgə hallanırdı. Premyer Liqa təmsilçisinin onun xidmətində maraqlı olduğu və danışıqlar aparıldığı iddia edilirdi.

Lakin “Amkar” rəsmisi Rezvuxin bu məlumatı təkzib edib. O, championat.com saytına açıqlamasında 31 yaşlı qolkiperin planlarına daxil olmadığını vurğulayıb.

Baş direktor hətta millimizin üzvünü tanımadığını da söyləyib: “Belə bir futbolçunu nəzərdən keçirməmişik. Mən ilk dəfədi ki, bu soyadı eşidirəm. “Amkar” Ağayevlə heç vaxt maraqlanmayıb”.

Qeyd edək ki, “Boavişta”ya ötən ilin sentyabrında keçən Kamran Ağayev mövsüm başa çatmamış klubla yollarını ayırıb. O, Portuqaliya çempionatında 12 matçda çərçivəni qoruyub, qapısında 16 qol görüb.