cümə, 29 mart 2024

BİZİM FUTBOL

Gəncədə futbol veteranlarının yubileyi keçirilib

10.07.2017 17:01 Oxundu 2320

Gəncədə Azərbaycan futbolunun futbol veteranlarından Zakir Süleymanov ilə Tofiq Əliyevin yubileyi keçirilib. Zakir Süleymanovun anadan olmasının 80, Tofiq Əliyevin isə 70 illiyi təmtəraqlı şəkildə qeyd olunub. Bu barədə kapazpfc.az xəbərverir.

Hər iki sima Gəncənin ölkə futboluna bəxş etdiyi tanınmış və öz işi ilə ad qazanmış mütəxəssislərdəndir. Süleymanov “Dinamo”da (Kirovabad), Əliyev “Metallurq”da (Kirovabad) futbolumuzun inkişafına töhvələr verib. Uzun illər yorulmaz xidmətlərinə görə dəfərlərlə mükafatlara layiq görülüblər. Elə idman ictimaiyyətinin qatıldığı yubiley tədbirində iştirak edənlər də onların keçdiyi futbol yolundan bəhs edərək fəaliyyətlərinə dəyər veriblər.

“Kəpəz” PFK veteranların tədbirində klubun Müşahidə Şurasının üzvləri – Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Gəncə Futbol Veteranları Birliyinin sədri Müzəffər Qasımov və icraçı direktor Cabir İbrahimov ilə təmsil olunub. “Kəpəz” PFK-nın Müşahidə Şurasının sədri Elmir Vəliyevin təbriklərini yubilyarlara çatdıran Cabir İbrahimov veteranlarla qürur duyduqlarını söyləyərək hər zaman onların məsləhətlərinə ehtiyacın olduğunu bildirib. Daha sonra İbrahimov Zakir Süleymanov ilə Tofiq Əliyevə təbrik diplomları və klubun geyimlərini təqdim edib.

Müşfiq Cəfərov da doğum gününü qeyd edən veteranlara xatirə hədiyyələri verib, Müzəffər Qasımov isə üzərində soyadları və yubiley rəqəmləri yazılmış “Dinamo”nun köynəklərini həmkarlarına bağışlayıb. Həmçinin, Qasımov keçmiş futbolçuları fəxri fərmanla təltif edib.