cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Sensasiya baş vermədi: "Qarabağ" növbəti mərhələdə

19.07.2017 12:55 Oxundu 1858

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində “Qarabağ” səfərdə “Samtredia”nın qonağı olub. Boris Payçadze adına stadionda baş tutan oyuna sürətli başlayan ağdamlılar matçın 23-cü dəqiqəsində hesabı açıb. Donald Giryenin yerinə yetirdiyi cərimə zərbəsi qarşısıalınmaz olub. İlk hissədə bu hesabla başa çatıb. İkinci hissədə hər iki komanda fərqlənmək üçün epizodlar yaratsa da, hesab dəyişməyib. Komandamız hər iki oyunun nəticəsinə görə (ilk oyun 5:0) ardıcıl dördüncü dəfə Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

"Hava həddindən artıq isti idi, oynamaq çətin oldu. Oyun keyfiyyətlərini görməsəm də, komandanın durumundan razı qaldım. Bir qədər çox top itkilərimiz oldu. Buna baxmayaraq, bütün oyunçulardan razı qaldım. Futbolçularım nəticə üçün maksimumu etməyə çalışdılar. Rəqibə gəlincə, komandanın yüksək motivasiyası var, bizə qarşı yaxşı oyun sərgilədilər. Məncə, “Samtredia” yaxın zamanlarda Gürcüstanın ən yaxşı komandalarından biri olacaq".

Komandamızın bu mərhələdəki rəqibi “Kukesi” (Albaniya) – “Şerif” (Moldova) cütünün qalibi olacaq.