cümə, 10 may 2024

BİZİM FUTBOL

Roman Qriqorçuk eksperiment edəcəyini bildirir

20.07.2017 14:13 Oxundu 1576

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah keçiriləcək “Yagelloniya” (Polşa) – “Qəbələ” matçından öncə “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin sözlərindən belə başa düşmək olar ki, komanda indiyə qədər sınanılmamış eksperimental taktiki variant seçəcək:
“Meydanın durumunu məşq zamanı görəcəyəm. Amma stadion əla vəziyyətdədir. Hər şey yüksək səviyyədədir. Dərhal görünür ki, arena peşəkarlar tərəfindən inşa olunub. Şanslar haqda danışanda həmişə deyirəm ki, bizim 1 imkanımız varsa, bunun üçün mübarizə aparacağıq. Sabahkı görüşdə şansımızın birdən çox olduğunu düşünürəm. Polşaya səfər haqda danışmaq əhəmiyyət kəsb etmir. Bəli, biz yol qət etmişik. Amma oynamağa hazırıq. Ümid edirəm ki, ilk oyundan sonra keçirdiyimiz 5 məşqin köməyi ilə komandamız daha yaxşı vəziyyətə gəlib. Hər şeyi oyun göstərəcək. Bir şeyi qeyd eləyim ki, istənilən halda meydana çıxacaq heyətdəki oyunçular ilk dəfə eyni vaxtda meydanda olacaqlar. Bir neçə variantımız var. Lakin onların heç birini indiyədək sınaqdan çıxarmamışıq. Ona görə də özümüz üçün də maraqlı olacaq. İlk oyunun nəticəsi elədir ki, bizi qol vurmağa məcbur edir. Lakin hesab başqa cür, məsələn 0:0 olsaydı da, biz hücuma, qol vurmağa köklənəcək və oyunumuzu buna uyğun quracaqdıq. Bizim istəyimiz ondan ibarətdir ki, hücum edək, qollar vuraq. Futbolu belə görürük. Nəticədən asılı olmayaraq, aqressiv, hücum futbolu oynamaq istəyirik. Bunun sabahkı oyunda evdəkindən daha yaxşı alınacağına ümid edirəm”.