cümə, 19 aprel 2024

BİZİM FUTBOL

"Şerif" istədiyinə nail oldu, növbə "Qarabağ"ındır

26.07.2017 12:36 Oxundu 1890

Ağdamın "Qarabağ" komandası Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında Moldovanın "Şerif" klubunun müqavimətini qıra bilməyib. Oyun 0:0 hesablı ilə başa çatıb. Adətən bu cür oyunlarda heç-heçələr qonaq komandanın aktivinə yazılır. Odur ki, "Şerif"in istədiyinə nail olduğunu demək olar. Amma bir nüansı unutmamaq lazımdır. Qonaq komanda üçün ən əlverişsiz heç-heçə 0:0-dır. Deməli, "Şerif" əlverişli nəticələrin ən pisini əldə edib. Onlar rəqib meydançada iki qol qiymətində olan qolu vura bilməyiblər. "Qarabağ" isə bu şansı saxlayır. Elə isə bədbinləşməyə əsas yoxdur. Elə oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov da oyunun nəticəsinin yaxşı olduğunu bildirib.

Baş məşqçisi Qurban Qurbanov oyun haqda belə deyib: "Gözlədiyimiz oyun oldu. Ağır oyun olacağını bilirdik. Bu oyun bir daha göstərdi ki, turnirdə zəif komanda yoxdur. Komandamdan razı qaldım. Bəzi səhvləri nəzərə almasaq, yaxşı oynadıq. Düşünürəm ki, yaxşı nəticə qazanmışıq. Evdə qol buraxmamaq üstünlükdü. Cavab oyununa yaxşı hazırlaşmağa və mərhələ adlamağa çalışacağıq”.