cümə, 29 mart 2024

BİZİM FUTBOL

Ramin Musayev gözaydınlığı verdi: ...qoy, oynasın da

02.08.2017 11:59 Oxundu 1907

“Hamınızın gözü aydın. Dünən “Qarabağ” tarixi nəticəyə imza atdı”.

Bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Bu gün Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün püşkatması keçirilir. Çempionatda çıxış edəcək 8 komanda ilk turdakı rəqiblərini tanıyıblar.

Tədbirdə fikirlərini bildirən Musayev yeni mövsümöncəsi dəyişikliklərdən söz açıb: “Bu il Premyer Liqada “Səbail” komandası debüt edəcək. Onlara uğurlar arzulayıram. Püşkatmadan öncə dəyişikliklər barədə danışmaq istəyirəm. Belə qərara gəldik ki, çox ölkələrdə olduğu kimi, bizdə də 1 komanda 5 dəfə çempion olubsa, onun, doğrudan da, formasına 1 ulduz taxmağa haqqı olsun. Limit keçənilki kimi davam edəcək. Sadəcə, yaş limiti məsələsində 1994-cü ildə doğulan futbolçuları 1996-cı il təvəllüdlü oyunçular əvəz edəcək. Ötən il “Kəpəz”in stadionu ilə bağlı çox şikayət oldu. Hazırda Gəncə şəhər stadionunda geniş işlər görülür. Birinci dövrənin sonuna kimi arena təhvil verməlidi. Digər klublardan xahişimiz var ki, I dövrədə “Kəpəz”in qonağı olacaq komandalar güzəştə getsinlər. Onlar hansı stadionu seçəcəklərsə, məcburuq ki, oyunları orda baş tutsun. “Kəpəz” klubu ev meydançası kimi ya Tovuzdakı stadionu, ya da Bakıdakı arenalardan birini seçəcək. Yeni mövsümdən etibarən hansısa klub oyunçusunu digər kluba icarəyə verəndə daha onu özünə qarşı oynatmamaq tələbini irəli sürə bilməyəcək. Ya icarəyə vermə, ya da verirsənsə, onun sənə qarşı oynamasına mane olma. Əgər kluba o futbolçu lazım deyilsə, icarəyə verirsə, qoy, oynasın da. Yəni komandalarımızın elə bir tələblə bağlı məktubu biz tərəfdən qəbul edilməyəcək”. Apasport