cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Sabiq milli futbolçu: "Azarkeşlər məni təhqir etmək məqsədilə arasında donuz ətindən kolbasa olan çörək atdılar"

09.09.2017 15:45 Oxundu 2024

"Peşəkar futbolçu kimi "Hannover" klubunda, eləcə də Türkiyə və Azərbaycanda çıxış etdiyim vaxt ailəli deyildim. Elə düşünürdüm ki, peşəkar karyera yalnız biznesdir və hər şey pul, pul, pul deməkdir".

Bunu Azərbaycan milli komandasının sabiq futbolçusu, hazırda Almaniyanın səviyyəcə 6-cı liqasında "Şvabiş Hall" klubunun formasını geyinən Ali Gökdemir deyib. 26 yaşlı müdafiəçi Portuqaliya millisinin futbolçusu Kriştianu Ronalduya qarşı oynadığını xatırladıb. O, Azərbaycan millisinə necə cəlb olunduğunu da açıqlayıb: "Bu, Berti Foqtsun baş məşqçi olduğu dönəmdə idi. Babam Azərbaycanda işləyirdi. Beləliklə, vətəndaşlıq aldım. Azərbaycan və Türkiyənin dilləri yaxındır. Bu yaxınlığı Almaniya və Avstriya ilə müqayisə etmək olar. Foqtsdan dəvət aldığım vaxt məni Türkiyənin 21 yaşadək futbolçulardan ibarət yığmasına da çağırırdılar. Həmin vaxt "ay-ulduzlular"ın baş məşqçisi Tayfun Korkut idi. O, "Hannover"də çalışdığı vaxt məni görmüşdü".

Gökdemir peşəkar futbolçu karyerasını bitirmə səbəbini ailəsi üçün darıxması ilə əlaqələndirib. Lakin o, indiyədək gördüklərindən kitab yazmağa hazır olduğunu vurğulayıb.

Millinin sabiq futbolçusu 2013-cü ildə rasizmə qarşı kampaniyada iştirakından da danışıb. O, "Hannover"də çıxış etdiyi vaxt "Leyptsiq"lə səfər oyunu zamanı üzləşdiyi hadisəni nəql edib: "Ehtiyat oyunçular skamyasında oturmuşdum. Bu vaxt azarkeşlərin meymun səsləri çıxardıqlarını eşitdim. Bu, məni təəccübləndirdi. Çünki afrikalı deyiləm. Azarkeşlər məni təhqir etmək məqsədilə arasında donuz ətindən kolbasa olan çörək atdılar. Elə bildilər ki, donuz ətini yeməyəcəyəm. Amma mən kolbasa-çörəyi götürdüm və yedim. Ardınca meyvələr də atdılar. Bu, mənim üçün unudulmaz hadisə idi".

Qeyd edək ki, Ali Gökdemir 2012 - 2014-cü illərdə Azərbaycan millisində çıxış edib. O, 10 oyunda forma geyinib. Portuqaliya ilə qarşılaşma 2013-cü il sentyabrın 11-də Braqada baş tutub. Meydan sahiblərinin 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Gökdemir 89 dəqiqə meydanda olub. Almaniyada doğulmuş futbolçu, həmçinin, 2014-2015 mövsümündə "Simurq"un formasını geyinib. Daha sonra müdafiəçi "Şvabiş Hall"a keçib. Report