cümə, 19 aprel 2024

BİZİM FUTBOL

“Neftçi” Rəşad Sadıqovla niyə anlaşa bilmədi?

11.09.2017 14:35 Oxundu 2001

Son illərdə tarixinin ən uğursuz, ən biabırçı dövrünü yaşayan “Neftçi”də yenə çıxış yolu kimi baş məşqçi dəyişikliyini gördülər. Deyilənlərə inansaq, AZAL-ın sabiq çalışdırıcısı, elə bir vaxtlar “Neftçi”nin də “sükanı arxasında” olmuş Tərlan Əhmədov yenidən “ağ-qaralar”ın başına keçəcək. Hətta bu gün Əhmədovun baş məşqçi kimi rəsmən təqdim olunacağı da gözlənilir.

Bir neçə gün əvvəl isə “Neftçi”nin “Qarabağ”ın və millinin kapitanı Rəşad Sadıqovla danışıq apardığını xəbər vermişdik.

Bəli, həqiqətən də, “neftçilər” “Qarabağ”ın U-19 komandasının da baş məşqçisi olan Sadıqovla danışıq aparıb (futbolçu bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında "Neftçi"yə keçid məsələsini təkzib etməmişdi). Hətta Rəşad “Neftçi”yə gələcəyi təqdirdə, köməkçilərindən biri Ağdam klubunun keçmiş futbolçusu Namiq Yusifov olmalı idi. Bəs Rəşad Sadıqovun Bakı klubuna keçidi niyə baş tutmadı?

Sadıqovun “Neftçi”ylə anlaşa bilməməsinin başlıca səbəbi vaxt məsələsi olub. Təcrübəli müdafiəçi hazırda “Qarabağ”la birgə Çempionlar Liqasının qrup oyunlarına köklənib. O, “Neftçi”yə ancaq ÇL-in qrup matçlarından sonra keçməyə razı olub. Amma “ağ-qaralar”ın rüsvayçı çıxışının davam etməsi, son turda “Sumqayıt”a da uduzması, klub rəhbərliyini tələsik addım atmağa məcbur edib. Belədə, “Neftçi”dəki biabırçı gedişata “dur” demək üçün Tərlan Əhmədovla anlaşmaq məcburiyyəti yaranıb.

Amma istənilən halda, “Neftçi”dəki yarıtmaz idarəçilər klubdan getməsə, vəziyyət düzələnə oxşamır. Tərlan Əhmədovun “sükan arxasına” keçməsi Orxan Hüseynzadə kimi yarıtmaz, futbol idarəçiliyi “0” olan birinin sadəcə, “ömrünü” uzada bilər. O da müəyyən müddətə kimi. Komanda.az