Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

BIZIM FUTBOL

Quzu ətindən bezən Almeyda: Azərbaycanda hörmətim var

25.10.2017 16:37

“Santo Andre” mənə qapısını açdı. Orda Junior Kaysara, Kaue, Çikinyo, Rikardo Qular, Rikardinyo və Junior Urso ilə birlikdə çıxış etmişəm. Hər şeyə görə bu kluba borcluyam”.

Bunu “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda deyib.

2012-ci ildə ölkəsinin “Santo Andre” klubundan Ağdam təmsilçisinə keçən və hazırda “Qarabağ”ın aparıcı futbolçularından olan Almeyda Braziliya mətbuatına müsahibə verib.

DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə (0:1) Bakıdakı qarşılaşmada Azərbaycan millisinin heyətində debüt etdiyini söyləyən 28 yaşlı futbolçu ölkəmiz haqda müsbət fikirlər səsləndirib: “Şimali İrlandiya ilə matçda Azərbaycan yığmasının heyətində debüt etdim. Həmin görüşdə komandamız məğlub oldu. Azərbaycanda özümü yaxşı hiss edirəm. Çünki həm klubumda, yığmada mənə hörmət var. Burda təkcə maliyyəyə görə yox, mənə və ailəmə göstərilən qayğıya görə xoşbəxtəm. İnsanlar təvazökardılar və xaricilərə kömək edirlər”.

Dünya çempionatının seçmə mərhələsində Almaniya ilə keçirilən səfər görüşünə də toxunan Almeyda maraqlı müqayisə aparıb. O, 1:5 hesablı məğlubiyyətə baxmayaraq, özlərini qalib sayır: “Azərbaycan yığmasının heyətində Almaniyaya qarşı oynamaqla xəyalım gerçək oldu. Matçdan sonra uşaqlara dedim ki, biz almanlardan bir oyunda 5, Braziliya isə 7 qol buraxıb. Bu üzdən biz qalibik. Burda Çempionlar Liqasında oynamaq, “Real”a, “Çelsi”yə qarşı iştirak etmək şansım var idi. Bu isə mənim uşaqlığımdan bəri xəyalını qurduğum arzu idi”.

“Sambaçı” ölkəmizdə ilk vaxtlar dil baxımından problem yaşadığını etiraf edib: “İngilis dilində danışa bilmirdim və tərcüməçim də yox idi. Bu səbəbdən “quql”dan istifadə edirdim. Ancaq uyğunlaşma dövrünü sürətli keçirdim. Çünki burdakı insanlar başqalarına kömək etməyi sevir, futbolçuların özlərini evlərindəki kimi hiss etməsi üçün çalışırlar. Futbolun dili yoxdu. Meydana çıxmalı və əlindən gələni etməlisən. Sadəcə, burda çox istifadə edilən quzu əti yeməkdən yorulmuşam”.

Qeyd edək ki, Riçard Almeyda geridə qalan 5 il ərzində “Qarabağ”ın heyətində 135 oyun keçirib (34 qol), 4 dəfə Azərbaycan çempionu, 3 dəfə isə ölkə kubokunun qalibi olub. Apasport

Oxundu: 167

© 2017 - NSPSOLUTIONS