Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

DÜNYA FUTBOLU

Robert Prosineçki: "Planlarımda Avropa klublarında çalışmaq var"

31.10.2017 14:40

“Zaqreb və Belqradda baş məşqçi yeri boşalan kimi mətbuat məni önə çəkir”.

Bunu "Veçernji list”ə müsahibəsində futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Serbiya yığmasının sükanı arxasına keçəcəyinə dair iddialara münasibət bildirərkən deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Balkan yarmadasında işləmək istəmir. Xorvatiyalı baş məşqçi planlarında Avropa klublarında çalışmaq olduğunu söyləyib: “Açığı, bu söhbətlərdən yorulmuşam. Nəsə söyləsəm, müzakirələrə yol açacaq. Qoy, hamı bilsin, heç bir milli komanda ilə əlaqəm yoxdur. Məndən nə vaxt soruşublarsa, cavabım “yox” olub. Adımı hallandıranların hamısına təşəkkür edirəm. Amma Serbiya yığmasında olmayacağam. Balkanlarda iş təcrübəm çoxdur. Planlarımda Avropa klublarında çalışmaq var”.

R.Prosineçki hesab edir ki, özündə emosiyalar daşıyan Balkan mentaliteti onun həyatında böyük təzyiq yarada bilər. Bu səbəbdən, təcrübəli mütəxəssis karyerasını fərqli bölgədə davam etdirməyi düşünür: “İşini gözəl yerinə yetirən insanla necə danışmağı bilirəm. Amma həmin şəxslər hələ də mənim Kayseridən Bakıya gəlməyimə gülürlər. Halbuki Azərbaycanda təzyiqlərdən uzağam. Serbiyada ömürlük dostluq münasibəti qurduğum insanlar var. Lakin yenə də təkrar edirəm, bu bölgədə işləmək istəmirəm”.

Baş məşqçi dünyanın ən yaxşı futbolçusunu müəyyənləşdirərkən, ilk "3-lük"lə bağlı seçimini də şərh edib. Xorvatiyalı mütəxəssis Lionel Messini Kriştianu Ronaldudan üstün oyunçu adlandırmasının səbəbini açıqlayıb: "Messinin dünyanın ən yaxşı futbolçusu olduğundan heç bir şübhəm yoxdur. İkinci yer isə Kriştianu Ronaldunundur".

R.Prosineçki həmyerlisi Luka Modriçi üçüncü pilləyə layiq görməsini isə belə əsaslandırıb: "Mən ona yalnız ikimizin də eyni ölkədən olduğumuz üçün səs versəydim, öz inanclarımın əksinə olardım. Modriç tarixdə ən güclü xorvatiyalı futbolçudur. Xüsusən son 3 ildə karyerasında əldə etdiyi uğurlar onun ən dahi olduğunu deməyə əsas verir. Modriçin kubokları qarşısında baş əymək lazımdır. O, son iki ilin ən güclü komandasında çıxış edir. Luka həm də sözün həqiqi mənasında ən yaxşı xorvatiyalı futbolçudur. Onu ötmək çətindir".

Qeyd edək ki, Serbiya millisi 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazansa da, baş məşqçi Slavolyub Muslin istefaya göndərilib. Bu vəzifə müvəqqəti olaraq, Mladen Krstayiçə tapşırılıb. S.Muslini əvəzləyəcək mütəxəssislər sırasında Robert Prosineçkinin də adı hallanır. R.Prosineçkinin AFFA ilə üç illik müqaviləsinin müddəti dekabrda başa çatır. Tərəflər artıq əməkdaşlığı davam etdirməyəcəklərini açıqlayıblar. Report

Oxundu: 127

© 2017 - NSPSOLUTIONS