Cümə, 15 dekabr 2017

Menu

Cümə, 15 dekabr 2017

BIZIM FUTBOL

"Neftçi"yə qarşı qəsdən zəif oynamışıq" - saxlanılan futbolçu

01.12.2017 11:55

Adı oyun alqı-satqısında hallandığı üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılan “Keşlə”nin sabiq futbolçusu Mirhüseyn Seyidov baş verənlərə aydınlıq gətirib.

Yarımmüdafiəçi müsahibəsində “Neftçi”yə keçməyə hazırlaşdığı üçün Premyer Liqanın XIII turunda bu komanda ilə matçda qəsdən zəif oynadığını etdiyini etiraf edib.

- Dünən sizin və komanda yoldaşınız Nizami Hacıyevin həbs olunmağınızla bağlı xəbər yayılmışdı...

- Bizi polis saxlamamışdı. Komandada problem yaranmışdı. Guya biz 5-6 görüşdü oynamırıq. Əsasən də "Neftçi" ilə matça görə narahatlıq var idi. Mən 6-7 il "Neftçi"nin oyunçusu olmuşam, o klubun yetirməsiyəm. "Neftçi" ilə görüşdə ürəyim keçmiş komandamda olduğuna görə zəif çıxış etmişəm. Mənim qışda "Neftçi"yə keçmək söhbətim var idi. Özümüz qəsdən zəif çıxış etmişik, ürəyim bir növ ora üçün yanır. Amma mərc kontorlarına pul qoymağımızla bağlı yayılan xəbərlər tamamilə yalandı. Düzdü, səhv etmişik. "Keşlə" komandasına qarşı nankorluq etmişəm. Amma futboldu, hər şey ola bilər.

- Deməli, mərc kontorlarına pul qoymamısınız, amma "Neftçi" ilə oyunda qəsdən zəif çıxış etmisiniz?

- Bəli. Bir az vicdan əzabı çəkirəm. Bu da "Neftçi"yə olan istəyimizdən yaranıb. Nizami Hacıyev o klubla müqavilə bağlamışdı. Demək olar ki, müqaviləsi hazır idi. Mənə də demişdilər ki, qışda gələrsən. Etdiyim işdən həqiqətən peşmanam. Buna görə "Keşlə"nin, AFFA-nın rəhbərliyindən, azarkeşlərdən üzr istəyirəm ki, səhv addım atmışam. Bu addımı "Neftçi"yə keçmək üçün atmışam.

- Bir gün ərzində harada saxlanılırdınız?

- Saxlanılmamışdıq, sadəcə, telefonlarımıza zəng çatmadığına görə hamı narahat olub.

- Bəs harada idiniz?

- Uyğun bir yerdəydik. Orada dostlarımız da var idi. Sadəcə, kontor məsələsinə görə izahat yazmalıydıq.

- İzahatı kim üçün yazırdınız?

- Klub rəhbərliyi üçün izahat yazırdıq. Onlar da bizim səhvimizi başa düşdülər. Kluba qarşı haqsızlıq etmişik. Digər oyunlarda ürəklə çıxış etmişik. Həm də kimsə deyə bilməz ki, sən hansısa mərc oyununa pul qoymusan. Heç elə şeylərdən başım çıxmır.

- "Keşlə" sizinlə müqaviləyə xitam verib...

- Yəqin ki, yaxın günlərdə federasiya özü qərar verəcək.

- Karyeranızı "Keşlə"də davam etdirmək istəyirsiniz, yoxsa "Neftçi"yə keçmək fikriniz var?

- O qalıb Allaha. Əsas odu ki, səhvimizi başa düşmüşük. İnşallah, AFFA rəhbərliyi bizi nəzərə alar.

- Sizcə, bu hadisələrdən sonra çempionatımızda çıxış edən hansı komanda sizi heyətinə qəbul edər?

- Bunu gələcək göstərəcək. Bu məsələdə çox dostlar yanımızda oldu. Hər kəsin çətinliyi ola bilər. Həyatda elə qardaşlar, dostlar qazanmışıq ki, səhv addım atsam da, böyük problemlərə başımı soxmamışam. Əgər burdan təklif olmasa, ölkədən kənarda çıxış edərəm. Əsas odu ki, adım təmizə çıxsın. Oynamasam da, acından ölməyəcəyəm. Bir işlə məşğul olacağıq.

- Sizə qarşı zor tətbiq edildiyi barədə məlumatlar yayılmışdı...

- Çox şükür, evimdəyəm. Bu gün cümədi. Sizin də cüməniz mübarək. Evdən çıxıb məscidə gedəcəyəm. Şayiələr çoxdu. Amma şükür ki, evimizdəyik. Həyat davam edir. Olke.az

Oxundu: 133

© 2017 - NSPSOLUTIONS