cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Bu gün UEFA Millətlər Liqasının püşkü atılacaq

24.01.2018 09:00 Oxundu 3637

Bu gün UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının püşkü atılacaq.

İsveçrənin Lozanna şəhərində baş tutacaq mərasim Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Tədbirdə Azərbaycanı AFFA-nın baş katibi Elxan Məmmədov və milli komandanın baş məşqçisi Qurban Qurbanov təmsil edəcək.

UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları qitə futbol qurumunun reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 4 liqaya və səbətlərə bölünüblər. 1 – 12-ci yerlər A, 13 – 24-cü yerlər B, 25 – 39-cu yerlər C, 40 – 55-ci yerlər isə D liqasına düşüblər.

A liqasında 4 qrupun qalibi olacaq kollektivlər 2019-cu ilin iyununda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Burada yarımfinal, 3-cü yer uğrunda matç və final oynanılacaq. B, C və D liqalarının qrup qalibləri isə üst liqaya vəsiqə qazanacaqlar. A, B və C liqasında sonuncu yeri tutanlar isə aşağı liqaya düşəcəklər.

Daha önəmli məqam isə odur ki, A, B, C və D liqalarının qalibləri AVRO-2020-yə vəsiqə qazanacaqlar. Qaliblər hər liqada qrup birinciləri arasında təşkil olunacaq “Dördlər finalı”nda müəyyənləşəcək. Burada bir matçdan ibarət yarımfinal və final olacaq.

UEFA İcraiyyə Komitəsinin qüvvədə olan qərarına əsasən, ölkələr arasındakı münasibətlərə görə Azərbaycan və Ermənistan, eləcə də Rusiya ilə Ukrayna eyni qrupa düşə bilməzlər. Lakin bu ölkələri təmsil edən yığmaların pley-off mərhələsində üz-üzə gəlmələri qaçılmaz olacaq.

Püşk zamanı milli komandaların uzaq məsafə qət etmələrini önləmək də nəzərə alınıb. Bu da Azərbaycanın yer aldığı D qrupu ilə bağlıdır. UEFA Azərbaycan - Cəbəllütariq, Qazaxıstan -Cəbəllütariq, Qazaxıstan - Andorra və Qazaxıstan - Farer adaları cütlərini uzaq məsafəli sayıb. Bu 4 cütdən yalnız biri eyni qrupda yer alacaq. Yəni Azərbaycan Cəbəllütariqlə yalnız o halda düşə bilər ki, Qazaxıstan başqa qrupda yer alsın.

Püşk zamanı qış yarışı məkanına sahib ölkələr üçün də məhdudiyyət tətbiq olunacaq. Bu səbəbdən C liqasında Norveç, Finlandiya, Estoniya və Litva “dördlüy”ündən yalnız ikisi eyni qrupda yer alacaq.

Qeyd edək ki, püşkatma Azərbaycan millisinin yer aldığı D Liqasının I səbətindən başlayacaq. Report

A liqası

I səbət: Almaniya, Portuqaliya, Belçika, İspaniya

II səbət: Fransa, İngiltərə, İsveçrə, İtaliya

III səbət: Polşa, İslandiya, Xorvatiya, Hollandiya

B liqası

I səbət: Avstriya, Uels, Rusiya, Slovakiya

II səbət: İsveç, Ukrayna, İrlandiya, Bosniya və Herseqovina

III səbət: Şimali İrlandiya, Danimarka, Çexiya, Türkiyə

C liqası

I səbət: Macarıstan, Rumıniya, Şotlandiya, Sloveniya

II səbət: Yunanıstan, Serbiya, Almaniya, Norveç

III səbət: Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya

IV səbət: Kipr, Estoniya, Litva

D liqası

I səbət: AZƏRBAYCAN, Makedoniya, Belarus, Gürcüstan

II səbət: Ermənistan, Latviya, Farer adaları, Lüksemburq

III səbət: Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta

IV səbət: Andorra, Kosovo, San Marino, Cəbəllütariq

Millətlər Liqasının təqvimi

Qrup mərhələsi

I tur: 6 - 8 sentyabr 2018-ci il

II tur: 9 - 11 sentyabr 2018-ci il

III tur: 11 - 13 oktyabr 2018-ci il

IV tur: 14 - 16 oktyabr 2018-ci il

V tur: 15 - 17 noyabr 2018-ci il

VI tur: 18 - 20 noyabr 2018-ci il

Final mərhələsinin püşkü: 2018-ci il dekabrın əvvəli

Final mərhələsi: 5 - 9 iyun 2019-ci il

AVRO-2020-nin pley-off mərhələsinin püşkü: 22 noyabr 2019-cu il

AVRO-2020-nin pley-off mərhələsinin oyunları: 26 - 31 mart 2020-ci il