cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Dino Ndlovu: "Qarabağ" mənə yeni müqavilə təklif etmədi"

24.01.2018 09:35 Oxundu 3033

Çinin "Hançjou Qrintaun" futbol klubunun yeni transferi Dino Ndlovu "Qarabağ" komandasından ayrılma səbəbini açıqlayıb.

28 yaşlı hücumçu "kickoff.com"a müsahibəsində ən yaxşı qərarlarından birini qəbul etdiyini bildirib.

Ndlovu bu addımı ailəsi və özünün gələcəyi üçün atdığını vurğulayıb. O, transferinə maliyyə təhlükəsizliyi tələbatının səbəb olduğunu söyləyib: "Mən "Qarabağ"ı tərk etmək istəmirdim. Amma müqaviləm başa çatırdı. Baş məşqçimizlə (Qurban Qurbanovla - red.) yeni müqaviləyə dair söhbət etdikdə hiss etdim ki, o, anlaşmamın uzadılmasını istəmir. Hərçənd, oradakı digər futbolçuların sözləşmələri uzadılırdı. Mən özüm və ailəmlə bağlı realist olmalı idim. Gələcəyimin təhlükəsizliyini təmin etmək istəyirdim. Çünki mən gəncləşməyə doğru getmirəm. Nəticədə bu imkandan yararlanaraq, Çinə üz tutmağı qərara aldım".

Cənubi afrikalı forvard "Hançjou Qrintaun"dakı hədələri və hazırkı durumundan da danışıb: "Hələlik Çində vəziyyətim yaxşıdır. Şikayətlənə bilmərəm. Yüksəkliyə və yuxu rejiminə uyğunlaşmağa çalışıram. Şəxsi hədəfim isə heç vaxt dəyişməyib. Mən "Qarabağ"dakından da yaxşı oynamağa, klubumun Super Liqaya qayıtmasına və daha çox qol vurmağa çalışacağam".

Qeyd edək ki, Dino Ndlovu "Hançjou Qrintaun" klubu ilə yanvarın 20-də müqavilə bağlayıb. Report