çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Samir Abasov: “Kuboku fikirləşsək, çempionatdakı nəticələrimiz pis olacaq” - MÜSAHİBƏ

03.02.2018 15:55 Oxundu 2309

Sumqayıt” futbol klubunun baş məşqçisi Samir Abasovun “Report”a müsahibəsi.

- Antalyadakı təlim-məşq toplanışı başa çatmaq üzrədir. Hazırlığı necə dəyərləndirirsiniz?

- Toplanış yaxşı keçdi. Ümumi götürəndə, futbolçular arasında yükü bölə bildik. Komandaya yeni gələn futbolçular - Nicat Qurbanovla Ülvü İsgəndərov uyğunlaşma prosesindədirlər. Elnur Abdullayev isə zədəlidir. Yeni gələnlər hələ də əziyyət çəkirlər. Amma inanırıq ki, yaxşı olacaq. Bəlkə də, Ülvü İsgəndərov komandaya gec qoşulduğuna görə bu problemi yaşayır. Bildiyiniz kimi, o, U-21 millisinin heyətinə dəvət olunmuşdu. Mənə elə gəlir ki, onlar komandaya tez uyğunlaşacaqlar.

- Taktiki gedişlər baxımından öz fikrinizi yenin futbolçulara aşılaya bilmisiniz?

- Sumqayıtda 2 həftədən çox fiziki hazırlıqla məşğul olduq. Plana görə, fiziki hazırlığı məhz Sumqayıtda keçməli idik. Bilirdik ki, Antalyada 3 gündən bir oyunumuz var. Sözün açığı, taktikada nələrisə dəyişmək fikrində idik. Sumqayıtda 1-2 oyun keçirəndən sonra fikirləşdik ki, bunu etmək risk ola bilər. Bundan əvvəlki taktikamız o qədər də uğursuz deyildi. Yaxşı oynayırdıq. Futbolçular oyun sistemini başa düşürdülər. Fikirləşdik ki, hələ bu taktikada qalaq. Bu, futbolçular üçün qlobal problem deyil. Taktikada 1-2 nüans var ki, onları əlavə etmişik. Sadəcə, hazırkı məqsədimiz yeni gələn futbolçuları bizim istədiyimiz taktikaya uyğunlaşdırmaqdır.

- Komandanın heyətində gənc futbolçuları da sınaqdan keçirdiniz. Onların çıxışını necə qiymətləndirirsiniz?

- Gənc futbolçular bizim akamediyanın uşaqlarıdır. Heyifslənirik ki, Səbuhi Abdullazadə bizimlə deyil. Həmin futbolçu da 2001-ci il təvəllüdlüdür. O, milli komandanın heyətində idi. Bir neçə gün əvvəl gedib. Çox istərdik ki, o, da bizimlə olsun. Limit söhbəti çıxandan gənclərə də diqqət yetirməyə başlayırsan. Limitə əsasən, ildən-ilə heyətə daha cavan futbolçular gəlir. İstəmirəm ki, gənc futbolçular məsələsində problem yaşansın. Cavan futbolçulardan çox razıyam. Ən azından, gənclərdən əsas komandaya 2-3 futbolçu seçilib gəlirsə, demək, bunlarda nəsə var. Özü də bu futbolçular akademiyadan, əvəzedici heyətdən seçilirlər. Deməli, bunlar yaxşı çıxış edirlər ki, seçilirlər. Bu futbolçular digərlərindən geri qalmadılar. Bu toplanışdakı gənc futbolçulardan, əvvəlkilərə nisbətən razıyam.

- Qış fasiləsindən sonra onlara tez-tez şans verəcəksiniz?

- Yox, bunu deyə bilmərəm. Hazırda bizim qrafik elədir ki, eksprement aparmaq imkanımız yoxdur. Hələ ki, elə şey fikirləşmirik. Əsas odur ki, onlar bizimlədir. Lazım olan anda onları meydanda görə bilərsiniz. Amma deyə bilmərəm ki, biz gənc futbolçuları oynadacağıq. Buna hələ ixtiyarımız yoxdur. Bilirsiniz ki, çempionat və kubokdakı oyunlarımız çox vacibdir.

- Rəqibləriniz hamısı Antalyada təlim-məşq toplanışındadırlar. Yəqin ki, onların oyunlarını izləyə bilirsiniz...

- “Zirə”, “Keşlə” və “Səbail” klubları ilə oyunlarımız olub. Onlar haqqında müəyyən informasiyaya malikəm. Ən azından köməkçilərim onların oyunlarına baxıblar. Amma “Neftçi” komandasından məlumatımız yoxdur. İndi rəqib kimi komandaları bölə bilmərəm. Bilirsiniz ki, çempionatın aşağı pilləsində “Kəpəz” klubudur. Onlar da fasilədə komandaya yeni futbolçular dəvət edib gücləniblər. Fasilədən sonra onların necə oynayacağı isə hələ ki, sirr olaraq qalır. Masa üstündə onlar gücləniblər. Necə çıxış edəcəkləri çempionatın gedişində bəlli olacaq. Mənim özüm üçün də maraqlıdır. Sözün açığı, bir az da qorxuludur. Bizim üçün hamısı rəqibdir. Ardıcıl itirdiyimiz xallar turnir cədvəlinin aşağı pilləsinə apara bilər. Uşaqlar da bilirlər ki, nə qədər bizə çətin olacaq.

- “Sumqayıt” klubu ölkə kubokunun yarımfinalındadır. Təbii ki, Avroliqa üçün kubok daha qısa yol sayılır...

- Yalnız kubok oyunlarını fikirləşsək, çempionatdakı nəticələrimiz pis olacaq, yaxud da əksinə. İkisindən birini seçsək, itirəcəyik. Hazırda əsas məqsədimiz odur ki, eyni tempdə gedək. Uduzsaq da, öz oyunumuzu oynayaq. Fikirlərimiz parçalansa, məşhur məsəldə deyildiyi kimi, Əli aşından da olacağıq, Vəli aşından da. Ona görə də bölgü apara bilmərik. Amma hansında irəli getsək, uğur qazansaq, bu, bizim üçün sevindirici olacaq.

- Həm çempionatda, həm də kubokda mübarizə aparmaq üçün hazırki heyət kifayət edirmi?

- Heyətə futbolçu transfer etmək haqqında düşünmürük. Siz də bilirsiniz ki, heyətə ancaq azərbaycanlı futbolçular dəvət edirik. Hazırda bizim komandaya uyğun transferə çıxarılan futbolçu yoxdur. Başqa çıxış yolumuz yoxdur. Bayaq dediyim kimi, heyətə 3 gənc futbolçu dəvət etmişik. Nə qədər gücümüz var, həm çempionatda, həm də kubokda oynayacağıq.

- Mövsümün son bir ayında doğma azarkeşlər önündə oynamamaq ehtimalınız var. Bu amil həlledici maneə ola bilərmi?

- Həm maneə, həm də həlledici məqam ola bilər. Açığı deyim, bu, bizim üçün çox pisdir. Çünki ən azından, “Sumqayıt” azarkeşlərini də tanıyırsınız. Futbolçular da o dəstəkdən güc alırlar. Biz doğma azarkeşlər önündə fərqli oynayırıq. Amma bu problem çıxsa, bizə mənfi mənada təsir edə bilər. Əlimizdən gələni edirik ki, kubokun ikinci oyununu Sumqayıtda keçirək.

- Yoldaşlıq oyunu zamanı probləmləri gördünüz. Bundan sonra nəyin üzərində işləmək lazımdır?

- Komandada qlobal problemlər yoxdur. Dəyişiləsi 1-2 nüans var ki, onları açıqlaya bilmərəm. Məşqlərdə bir neçə taktika üzərində işləyirik. Amma yoldaşlıq oyunu zamanı onları daha yaxşı göstərə bilmirik. Bəzən tapşırıqlar yaxşı alınır. Amma tam olaraq həyata keçmir. Belə nüanslar üzərində işləyirik. Çempinatın oyunları zamanı mənim dediklərimi daha yaxşı başa düşəcəksiniz. Alınsa, özünüz də biləcəksiniz ki, biz məşqlərdə nəyin üstündə işləyirik.

- “Sumqayıt” azarkeşlərinə sözünüz varmı?

- Gündən-günə azarkeşlərimizin sayı artır. Bu, futbolçularımızın son vaxtlar yaxşı çıxış etməsindən irəli gəlir. Bir məsələni vurğulayım ki, doğum günümlə bağlı azarkeşlərdən kifayət qədər təbrik mesajları almışam. Sağolsunlar, dəstəkləsinlər. Onlara həddindən artıq ehtiyacımız var. Yoldaşlıq oyunlarımıza da azarkeşlərimiz gəlir. Azarkeşlərimizdən xahişim odur ki, bütün Azərbaycan azarkeşlərinə örnək olsunlar.