şənbə, 20 aprel 2024

DİGƏR NÖVLƏR

Məşhur idmançılar prezidentə dəstək oldu

12.02.2018 14:24 Oxundu 1548

Fevralın 12-də Bakı Konqres Mərkəzində bu il aprelin 11-də keçiriləcək prezident seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı keçirilib.

Toplantıda Azərbaycanda dövlət gənclər siyasətinin uğurlarına həsr olunan film nümayiş etdirilib.

Toplantının moderatoru, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov bildirib ki, bu gün gənclər ölkə əhalisinin 30 faizindən çoxunu təşkil edir. Sevindirici haldır ki, hazırda gənclər regionda bütün sahələrdə lider dövlətə çevrilən güclü Azərbaycanda yaşayırlar. Ölkəmizdə gənclərin inkişafı və fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 2017-ci ilin oktyabrında Sankt-Peterburqda keçirilən beynəlxalq musiqi festivalında 850 iştirakçı arasında birinci yeri tutan tar ifaçısı, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Orxan Zeynalov, ötən il ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayaraq “İlin tələbəsi” adına layiq görülən Mahirə Əsədova, Yunan-Roma güləşi üzrə dünya kubokunun qalibi, birinci Avropa Oyunlarının çempionu, Rio Olimpiadasının bürünc mükafatçısı Rəsul Çunayev, futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” klubunun üzvü Mahir Mədətov çıxışlarında ölkəmizdə gənclər üçün yaradılan şərait və imkanlardan bəhrələnərək əldə etdikləri nailiyyətlər barədə məlumat veriblər. Onlar gəncləri prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıblar.

Daha sonra Azərbaycanın Naxçıvan, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Gəncə-Qazax, Aran, Lənkəran, Şəki-Zaqatala, Quba-Xaçmaz, Dağlıq Şirvan, Abşeron iqtisadi rayonlarını təmsil edən gənclər çıxış edərək ölkəmizdə bu sahəyə göstərilən diqqət və qayğı nəticəsində yaşadıqları bölgələrdə yaradılan imkanlardan danışıb, seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər. Azertac