Cümə, 23 fevral 2018

Menu

Cümə, 23 fevral 2018

BIZIM FUTBOL

Transfer dönəmini kim necə keçirdi?

14.02.2018 16:30

Qış “transfer pəncərəsi” bağlansa da, bəzi klublarımız azad agent statusu daşıyan oyunçu axtarışını hələ də davam etdirir.

Baş tutması gözlənilən 1-2 keçidi nəzərə almasaq, Premyer Liqa təmsilçilərinin yeni il üçün heyətlərini qurduqlarını demək olar.

Amma dövrələrarası fasiləni heç də hamı eyni tempdə keçirmədi. Bəzi komandalar vaxtının çoxunu özünə lazım olmayanları yola salmağa ayırdısa, bəziləri köklü dəyişikliklərə əl atdı. Kimin tutduğu yolun uğurlu olacağı isə mövsümün gedişində müəyyənləşəcək.

Komandaların hazırkı durumlarına və transfer fəaliyyətlərinə əsasən ilkin təəssürat yürütmək olar.

“Qarabağ” Dinosuz da çempion olar

“Qarabağ”ın yayda “Olimpiakos”dan icarəyə götürdüyü və Azərbaycanda gün keçirməklə məşğul olan Tarik Elyunussini burda saxlamasının bir mənası yox idi. Amma Dino Ndlovu barədə eyni sözləri demək olmaz. Çinin ikinci liqasına yollanan CAR millisinin üzvü Ağdam klubunun irəlidə əsas “silahı” idi. Rəhbərlik onun yerinə bir əcnəbi almağa çalışsa da, danışıq aparılan oyunçulardan heç birinin keçidi baş tutmadı. Amma Qurban Qurbanovun komandasının avrokubok və ölkə kubokunda mübarizəni dayandırdığını nəzərə alsaq, Ndlovunun gedişinin ikinci yarıda mənfi təsir etməyəcəyini düşünmək olar. Çünki Premyer Liqadakı rəqiblərindən qat-qat güclü olan “Qarabağ” Ramil Şeydayev, Mahir Mədətov və Ağabala Ramazanovla da ölkə çempionluğunu rahat qazana bilər. Lakin gələn mövsüm avrokuboklarda uğurlu çıxış üçün yayda ən azı bir əcnəbi hücumçunun alınması şərtdi.

Gedən çox, gələn az

“Qəbələ”nin yayda heyətə cəlb etdiyi futbolçulardan Endi Hallidey, Deyv Bulthuis və yenidən qaytarılan Ekiqo Ehiosun ümidləri doğrultmadılar. Nəticədə onlarla yollar ayrıldı. “Qırmızı-qaralar”la bağlı ən təəssüfedici məqam ötən mövsümün tapıntısı olan Tellur Mütəllimova bu mövsüm çox şans verilməməsi və sonda onun yola salınması oldu. Yalnız Təmkin Xəlilzadəni “Zirə”dən “qoparan” bölgə təmsilçisinin indiki məqamda “Qarabağ”la rəqabətə hazır olmadığını da vurğulamaq lazımdı.

Yalnız Təmkinin gedişi...

Gümüş medallara iddia edən “Zirə” üçün ən məyusedici gediş Təmkin Xəlilzadə oldu. Komandanı gücləndirmək iqtidarında olmayan Qabriel Matey, David Manqa və bir neçə yerli oyunçu da “təmizləndi”. Əvəzində baş məşqçi Ayxan Abbasovun ixtiyarına əlavə 7 nəfər verildi. Yerlilərdən Elşən Abdullayev, Mirsahib Abbasov və Tellur Mütəllimov kimi perspektivli gənclərin gəlişi “Zirə”də rəqabətin artmasına təkan verəcək. Comal Evans Uilyams, Yani Urdinov və Aleksandr Dedov kimi transferlər isə istənilən effektdə çıxsalar, komanda mövsümü gümüş medallarla bitirə bilər.

“İşləyən maşın”a toxunulmadı

Həm nəticə, həm də oyun baxımından mövsümün indiyə qədərki sürpriz komandası “Sumqayıt” dəyişikliyə ehtiyac duymadı. Baş məşqçi Samir Abasov oyun fəlsəfəsinə artıq tam uyğunlaşan heyətə əl dəymək istəmədi. Onsuz da, əcnəbi almayan “Sumqayıt”da Elnur Abdullayevin gəlişi yarımmüdafiə xəttini, şübhəsiz ki, gücləndirəcək. Gələcək vəd edən Ülvi İsgəndərovu da “Qəbələ”dən icarəyə götürən çalışdırıcı Amil Yunanov kimi, onun da potensialını üzə çıxarmağa çalışacaq.

“Neftçi” zəifləməyəcək

Turnir cədvəlinin ikinci “dördlüy”ündəki komandalar təbii olaraq dəyişikliklərə əl atdılar. 9 oyunçu ilə vidalaşan “Neftçi”də bəziləri baş məşqçi Tərlan Əhmədovun rəyinə əsasən, bəziləri isə öz istəyi ilə ayrıldı. Əminliklə söyləmək olar ki, onlardan heç birinin gedişi “ağ-qaralar”ı zəiflətməyəcək. Çünki nə Pavel Dreksa, nə Uqo Barqas, nə Daniel Seqoviya, nə də tezliklə Azərbaycanı tərk etməsi gözlənilən Mateo Mujek “Neftçi” səviyyəsində oyunçu deyildi. Antalya toplanışı çərçivəsində keçirilən yoxlama görüşlərinin nəticələri isə yenilərlə bağlı həyəcan təbili çaldı. Amma Fransisko Xavyer Qarsiya, Lukas Qomez və Mayk Kampaza indidən qiymət vermək erkən olar.

“Səbail”dən uğurlu addım

“Səbail”in transfer fəaliyyətini ilk baxışdan yüksək qiymətləndirmək olar. Bakılılar 10 futbolçu ilə vidalaşdılar ki, onların bəziləri günlərini ehtiyatda keçirir, bəziləri isə məcburiyyətdən meydana buraxılırdılar. İkinci yarı üçün oyun sistemini dəyişən Samir Əliyev transferlərini də buna uyğun etdi. Rahil Məmmədov və Fəhmin Muradbəyli perspektiv vəd etdiklərini “Neftçi”dəki oyunları ilə göstərmişdilər. Kərim Diniyev də “Səbail”i gücləndirəcək oyunçudu. Yevgeni Koçuk, Nikoloz Apakidze və Vahit Orazsaxedov kimi əcnəbilər isə baş məşqçinin tələblərini qarşılaya bilsələr, “Səbail” nəinki autsayderlər zonasından uzaqlaşa, hətta “Neftçi” ilə mübarizəyə qoşula da bilər.

Əcnəbi sayı artırılsa da...

Baş məşqçi postuna Yuri Maksimovu gətirən “Keşlə” əcnəbi futbolçularının da sayını artırdı. Rəhbərlik Pablo Podio, Herve Tçami, Nemanya Stoyanoviç, Ebrima Sohna, Andre Klennon və Sezar Meza Kollinin gəlişi ilə rəqabət yaratmağa çalışıb. Düzdü, fasilədən sonrakı ilk turda yenilər heç də yaxşı təsir bağışlamadılar. Ancaq onlara dəqiq qiymət vermək üçün daha bir neçə tur geridə qalmalıdı. Kamran Ağayev və Məqsəd İsayev isə öz mövqelərini gücləndirəcək oyunçulardı. Yenilər Elnur Abdullayev, Mirsahib Abbasov, İlkin Qırtımov və futboldan uzaqlaşdırılan Nizami Hacıyevin boşluğunu doldura bilməsələr, “Keşlə”nin turnir cədvəlinin “zirzəmi”sində qalması qaçılmazdı.

Zəiflər getdi, bəs gələnlər?

Mövsümün ilk yarısını sonuncu pillədə tamamlayan “Kəpəz”də ayrılanlardan yalnız Kərim Diniyevin gedişi müəyyən qədər təsir göstərə bilər. Digərləri, ümumiyyətlə, Premyer Liqa səviyyəsində deyildilər. O ki qaldı yeni transferlərə, Yunis Hüseynovun komandasına 12 oyunçu qoşuldu. Ancaq onu da vurğulayaq ki, alınan yerli futbolçular öz komandalarına lazım olmayanlar idi. Dario Federiko azarkeşlərin yaddaşında qaldığı formadadısa, braziliyalının “Kəpəz”in lideri olacağına şübhə yoxdu. Sergey Litovçenko, Giuli Manjqaladze, Şahdon Vinçester, İqor Korotetski və Dieqo Souzanın isə yaxşı və ya pis transfer olduğunu zaman göstərəcək. Apasport.az

Oxundu: 91

© 2018 - NSPSOLUTIONS