bazar, 21 oktyabr 2018

Menu

bazar, 21 oktyabr 2018

MÜSAHIBƏ

Məlikov: "Futbol səhvlər üzərində qurulub"

02.03.2018 14:09

“Sumqayıt”ın müdafiəçisi Rail Məlikov müsahibə verib.

Cempion.az klubun saytına istinadən xəbər verir ki, təcrübəli futbolçu sosial şəbəkələrdən ünvanlanan sualları cavablandırıb.

- Niyə məhz “Sumqayıt”ı seçdiniz?

- Komandanın qarşısına qoyulmuş məqsədi var idi. Milli komandada birlikdə oynadığım Samir Abasov da komandanın baş məşqçisi olduğu üçün həm ona kömək etməyə, həm də yaxşı bir komanda ərsəyə gətirməyə görə “Sumqayıt”ı seçdim.

- Gənc və istedadlı oyunçulardan qurulmuş komandanız var. Əsasən bəxtsizlik və sadə səhvlər ucbatından qol buraxırsınız. Bunu nə ilə əlaqələndirərdiniz?

- Futbol səhvlər üzərində qurulub. Bəxtsizlik ucbatından qol buraxanda da insan qarşısına məqsəd qoyur və öz üzərində işləyərək, səhvlərini aradan qaldırmağa çalışır.

- Sizi bu kluba bağlayan nədi?

- Artıq 2 ildi ki, bu klubdayam. Komandada adi işçisindən tutmuş azarkeşinədək gözəl bir ailə ortamı var. Məni bura bağlayan səbəblərdən biri və hətta birincisi də elə budu.

- Premyer Liqada hansı komandalara qarşı oynayan zaman daha çox həyəcan keçirirsiz?

- “Neftçi”yə qarşı oyunlarda məsuliyyətim daha da artıq olur. Çünki 5 il şərəfini qoruduğum komandanın 3 il kapitanı olmuşam. “Neftçi” ilə oyunlarda zəif təsir bağışlamaq istəmirəm.

- Ən bəyəndiyin müdafiəçi?

- Uşaqlıqda “Milan”ın əfsanəsi Paolo Maldininin azarkeşi olmuşam. Bir də “Bavariya”nın sağ cinah müdafiəçisi Samuel Kuffurun oyununu çox bəyənirdim.

-“Sumqayıt”da oynamasaydız, hansı komandanı seçərdiz?

- Yenə də “Sumqayıt”ı seçərdim.

- Premyer Liqada ən çəkindiyiniz futbolçu kimdi?

- Çəkindiyim oyunçu yoxdu. Lakin bəzi hücumçular var ki, onlara qarşı oynamaq çətin olur.

- Saç ustanıza nə qədər pul verirsiz?

- Saç ustam Fəriddi. Sumqayıta gələndən saçlarımı onə əmanət etmişəm. 20 manata saçlarımı qaydasına salır.

- Türkiyədə hansı kluba azarkeşlik edirsən?

- İlyarım Türkiyədə “Dənizlispor”da çıxış etmişəm. Buna baxmayaraq, Türkiyənin heç bir klubuna azarkeşlik etmirəm. "Beşiktaş"ın sərgilədiyi futbolu isə bəyənirəm.

- “Barselona”, yoxsa “Real”?

- “Barselona”.

- “Sumqayıt” deyiləndə ağlınıza ilk nə gəlir?

- Gənc və istedadlı futbolçulardan qurulmuş komanda.

- Komandada sizə ən yaxın olan futbolçu?

- Buradakı futbolçuların hamısı mənə yaxındı. Lakin ən birinci Fərhad Vəliyevlə məşqçi Samir Abasovu tanımışam. Millidə illərlə çiyin-çiyinə oynamışıq.

- Sumqayıt azarkeşləri sizə yaxşı dəstək ola bilirlər?

- Mənə görə çempionatda sidq-ürəkdən komandasını dəstəkləyən azarkeşlər “Sumqayıt”ın azarkeşləridi. Vaxtı ilə Lənkəranda, Tovuzda, hazırda isə Gəncədə də böyük azarkeş kütləsi olur. Amma bizim azarkeşlərimiz qədər ürəkdən komandaya bağlı olan ikinci bir kütlə görməmişəm. Biz də əlimizdən gələni edirik ki, hər oyunda onları qələbə ilə sevindirək. Bizim qazandığımız hər bir uğurda onların böyük rolu var.

- Dünyada ən çox çıxış etmək istədiyiniz klub?

- Uşaqlıqdan “Bavariya” azarkeşiyəm. Həmişə özümü bu klubda görmək istəmişəm. Arzularımdan biri də “Neftçi”də oynamaq idi, artıq o istəyimə çatmışam (gülür).

- “Sumqayıt” Azərbaycan kubokunu götürüb Avroliqaya vəsiqə qazana biləcək?

- Çempionatda da yer tutmaq istəyirik, amma əsas hədəfimiz kubokun qalibi olmaqdı. Azərbaycan kubokunu qazanaraq tarixdə bir ilki reallaşdırmaq istəyirik və Sumqayıt camaatına bu sevinci yaşatmaq ən böyük arzumuzdu. Çünki bu klub, bu şəhər möhtəşəm uğurlara layiqdi.

- “Sumqayıt”ın məşqçisi olsaydınız, hansı mövqeyi gücləndirərdiz?

- Mənə görə “Sumqayıt”ın heç bir mövqeyini gücləndirməyə ehtiyac yoxdu.

- Gənclərlə ayaqlaşa bilirsiz?

- Bu sualı gənclərə ünvanlasanız daha yaxşı olar. Bu kluba gələn gündən özümü ailə ortamında hiss etmişəm. Gənc futbolçularımız da böyük-kiçik yeri bilirlər, böyüklərin sözünü yerə salmırlar.

- Azərbaycanın ən güclü qapıçısı, yarımmüdafiəçisi və hücumçusu?

- Hazırda ən güclu qapıçı Fərhad Vəliyevdi. Çempionatın ən yaxşı formada olan, stabil qapıçısıdı. Yarımmüdəfiəçi Qara Qarayev, Rəşad Eyyubov və Cavid İmamverdiyev, hücumçu isə Mahir Mədətov və Amil Yunanovu qeyd edərdim.

- Azərbaycanın ən potensiallı mərkəz müdafiəçisi?

- Gələcəyə böyük ümidlər verən müdafiəçi kimi Bəhlul Mustafazadəni görürəm. Onun xarici klubların birində çıxış etməsini çox istəyirəm. Çünki xaricdə oynasa, daha da irəli gedə və ölkəmizi layiqincə təmsil edə bilər. Bunu onun özünə də demişəm.

- Futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

- Açığı, bu barədə heç fikirləşməmişəm.

- Sonda “Sumqayıt” azarkeşlərinə sözünüz nədi?

- Bir nömrəli azarkeşlərimizə sözüm odu ki, həmişə bizi belə dəstəkləsinlər, bizimlə birgə nəfəs alsınlar. Çünki bizim onların dəstəyinə ehtiyacımız var. Sumqayıt camaatının hər oyunda bizə dəstək olmasına çox sevinirəm. Sonuncu matçda “Keşlə” səfərində az sayda olsalar belə, biz özümüzü rəqib meydanında hiss etmədik. Uğurlarımızda ən böyük pay sahibi azarkeşlərimizdi. Onlarla fəxr edirik.

Oxundu: 1086

© 2018 - NSPSOLUTIONS