çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək

09.03.2018 09:36 Oxundu 2445

Bu gün keçiriləcək 2 oyunla futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək. Turun açılış oyunu Gəncə şəhər stadionunda olacaq.

Autsayder "Kəpəz" "Qəbələ"ni qəbul edəcək. Yunis Hüseynov "sarı-göylər"in baş məşqçisi kimi ilk qələbəsini ötən tur elə doğma meydanda debütant "Səbail" üzərində qazanıb - 2:1. "Qəbələ" isə son 2 oyunda elə bu hesabla uduzub. Əvvəlcə səfərdə "Səbail"ə yenilən "qırmızı-qaralar" ardından evdə "Neftçi"yə məğlub olublar.

İndiyədək "Kəpəz" və "Qəbələ" komandaları Premyer Liqada 18 dəfə üz-üzə gəliblər. Bunların 6-da "sarı-göylər". 7-də isə "qırmızı-qaralar" qələbə qazanıb. 5 oyunda isə qalib müəyyənləşməyib. Topların nisbəti 21:17 "Qəbələ"nin xeyrinədir. Roman Qriqorçukun baş məşqçi olduğu komanda son 4 qarşılaşmada yalnız 1 qələbə qazanıb. "Kəpəz" isə son 5 oyunda meydanı qolsuz tərk etməyib. Hazırda "sarı-göylər" 10 xalla 8-ci, "qırmızı-qaralar" 35 xalla 2-ci pillədə qərarlaşıblar.

Günün digər oyununda "Neftçi" və "Keşlə" klubları "Bakcell Arena"da üz-üzə gələcək. Əslində bu görüş "İnter Arena"da təşkil olunmalı idi. Lakin həmin stadionda dövlət tədbiri keçiriləcəyindən, ev sahibi komandanın müraciəti və flaqmanın razılıq məktubu əsasında matçın yeri dəyişdirilib. Nəticədə ev sahibi qismində "ağ-qaralar" çıxış etməli olacaq.

Hər iki komanda ötən tur səfərdə qələbə qazanıb. "Neftçi" "Qəbələ"ni 2:1 hesabı ilə yenibsə, "Keşlə" "Zirə"dən eyni hesabla üstün olub. İndiyədək "Neftçi" və "Keşlə" 53 dəfə üz-üzə gəlib. Bunların 26-da flaqman, 13-də keçmiş "bankirlər" qələbə qazanıb. Daha 14 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbəti isə 80:54 "Neftçi"nin xeyrinədir. "Keşlə" son 5 matçda qələbə qazanmayıbsa, "ağ-qaralar" 9 oyundur meydanı qolsuz tərk etmirlər. Hazırda "Neftçi" 23 xalla 5-ci, "Keşlə" 15 xalla 7-ci yerdə gedir.

Azərbaycan Premyer Liqası, XIX tur

9 mart (cümə)

15:00. "Kəpəz" – "Qəbələ"

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Mübariz Haşımov, Ömər Paşayev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Hakim-inspektor: Şahin Cəfərov

Gəncə şəhər stadionu

18:00. “Neftçi” – “Keşlə”

Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Məlik Həsənov

“Bakcell Arena”

Qeyd edək ki, turun son 2 oyunu martın 10-da keçiriləcək. Həmin gün "Səbail" "Sumqayıt"ı, "Qarabağ" isə "Zirə"ni qəbul edəcək.Report